“Vazianidə yeni hərbi aerodromun tikilməsi Rusiyanın mövqeyinə çox ciddi zərbə vuracaq” “Vazianidə yeni hərbi aerodromun tikilməsi Rusiyanın mövqeyinə çox ciddi zərbə vuracaq”

Qabil Hüseynli ilə ABŞ-Rusiya münasibətlərindən danışdıq

“Vazianidə yeni hərbi aerodromun tikilməsi Rusiyanın mövqeyinə çox ciddi zərbə vuracaq”

ABŞ Nəqliyyat Komandanlığının rəhbəri general Stefen Lyonsunun Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşündə Vazianidə hərbi aerodromun tikintisinin xüsusi müzakirə mövzusu olması təbii ki, Rusiyanın maraqlarına cavab vermir. Hətta görüşdə bildirilib ki, bu obyektin tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək. Tikintinin gerçəkləşdirildiyi halda bunun regiondakı vəziyyətə hansı təsiri ola bilər?

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında bildirib ki, ABŞ artıq Rusiya ilə münasibətdə açıq oynamağa başlayıb:

“Amerika Rusiyanın sərhədləri boyunca təsir dairələrini ələ keçirməyə çalışır. Gürcüstandakı Vaziani hərbi aerodromunun Amerika tərəfindən yenidən qurulub NATO üçün istifadə edilməsi açıq-aşkar Rusiyaya meydan oxumaqdır”.

Politoloq hesab edir ki, Rusiya ABŞ-ın bu addımı qarşısında heç bir şey edə bilməyəcək:

“Çünki artıq Amerika Ukrayna ilə də yeni əməkdaşlıq sazişi imzalayıb və bu ölkəyə yeni hərbi silahların göndərilməsilə bağlı müqavilə yenilənib. Yəni belə görünür ki, Amerika Rusiyanın son dövrlərdə beynəlxalq hüquqa zidd addımlarına görə onu köşəyə sıxışdırıb müəyyən çərçivədə saxlamaq üçün hərəkətə keçib”.

Politoloqun sözlərinə görə, Gürcüstanda yeni hərbi aerodromun tikilməsi NATO-nun bu bölgədəki təsirlərinin xeyli artmasına, ümumilikdə isə Cənubi Qafqazda Rusiyanın təsir dairəsinin zəifləməsinə gətirib çıxaracaq və onun mövqeyinə çox ciddi zərbə vuracaq.

Rəşad Sarıyev
© AzNews.az