Cəfər Pənahiyə “Üç üz”ü bizim Mədəniyyət Nazirliyi sifariş verməyib ki? Cəfər Pənahiyə “Üç üz”ü bizim Mədəniyyət Nazirliyi sifariş verməyib ki?

Cəfər Pənahinin üç qadını

Cəfər Pənahiyə “Üç üz”ü bizim Mədəniyyət Nazirliyi sifariş verməyib ki?

Ötən gün 9. “Start” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində İran rejissoru Cəfər Pənahinin “Üç üz” filmi nümayiş olundu.

Film haqqında onu deyim ki, “Üç üz” 2018-ci ildə çəkilib və 71-ci Kann Fim festivalında “Ən yaxşı ssenari” mükafatını qazanıb.

Baş rollarda Cəfər Pənahi özü, Behnaz Cəfəri və Mərziyə Rezayi oynayırlar.

Pənahi filmlərində tez-tez qadın problemlərinə toxunan rejissorlardandır. Mənim baxdığım filmləri arasında “Dairə” və “Offsayd” məhz qadınların cəmiyyətdə yeri, qarşılaşdıqları problemlər, üzləşdikləri ayrı-seçkilikdən bəhs edir.

“Offsayd”ın futbol fanatı olan qadın qəhrəmanı İran millisinin oyununa baxmaq istəyir. Amma İran qanunlarına görə qadınlar stadiona girə bilməzlər. Buna görə də qızcığaz təğyiri-libas olur, yəni kişi paltarını geyinir. Ancaq yenə də arzusuna çata bilmir...

“Üç üz”ün qəhrəmanları da qadınlardır. Bütün ölkədə baxılan, məşhur serialın oyunçusu Behnaz Cəfəriyə videomesaj gəlir. Videomesajın müəllifi yeniyetmə qızdır. Uşaq vaxtlarından onun arzusu aktrisa olmaqdır. Qadağalara baxmayaraq, Tehran Konservatoriyasına qəbul olunsa da, nə öz ailəsi, nə də nişanlısının ailəsi ona təhsil almağa icazə verir.

Gənc qız son ümid yeri kimi xanım Cəfəriyə bu videomesajı göndərir. Videomesajın sonunda qızın intihar səhnəsi yer alıb. Lakin telefon əlindən düşdüyü üçün öldüsü-qaldısı bilinmir.

Bu səbəblə də xanım Cəfəri Tehrandakı çəkilişlərini yarımçıq qoyub rejissor Pənahi ilə azərbaycanlıların yaşadığı dağ kəndlərindən birinə, o qızı axtarmağa gəlib.

Qəhrəmanlar uzun axtarışlardan sonra qızın ölmədiyini, şah zamanında aktrisa olmuş, hazırda kənddən qıraqda balaca daxmada asosial həyat sürən Şəhrizadın evində gizləndiyini öyrənirlər.

Pənahi ilə xanım Cəfəri qızı tapırlar. Aktrisa onu bu cür “oyun”a saldığına görə əvvəl gənc qıza acığı tutur, amma sonra ailəsinin qadağalarına, qardaşının ölüm təhdidinə baxmayaraq, aktrisa olmaqdan vaz keçmədiyini görəndə ona kömək etmək istəyir.

Xanım Cəfəri burda cəmiyyətin qadın aktrisalara münasibətini də görür. Hamı ona üzdə hörmətlə yanaşır, serialını maraqla izləyirlər, amma dərinə gedəndə heç kəs qızının aktrisa olmağını istəmir. Aktrisalara mütrif kimi baxırlar. Hətta şah zamanında rəqqasəlik və aktrisalıq eləmiş Şəhrəzadla da ünsiyyətə girmir, qadınlarını ondan uzaq tuturlar.

Pənahi qadınların İran cəmiyyətindəki mövqeyini, əslində mövqesizliyini göstərmək üçün kameranı birbaşa onların həyatına yönəltmir. Onları uzaq planda verir. Biz bunu Şəhrizadın timsalında da görürük. Kamera nə onun özünü, nə də evini bizə yaxından göstərir. Əvəzində rejissor dolayı yollarla, kənd kişilərinin özünüifaşa söhbətləri ilə ümumilikdə qadına olan müasibəti təqdim edir. Misal üçün, kənd sakinlərindən biri oğlunun sünnətinin artıq ətini aktrisaya verir ki, aparıb Tehranda hökümət evinin, ya universitetin həyətində basdırsın, ya da onu “əsl kişi” bildiyi məşhur aktyora versin.

Oğlan uşaqlarının taleyindən hətta sueveriya səviyyəsində narahat olan kişilər – ailə başçıları qızlarının gələcəyi barədə düşünmək belə istəmirlər.

Başqa bir səhnədə isə kəndli oğlan şəhərdən gəlmiş Pənahiyə damazlıq öküzün məziyyətlərindən danışır. İstər-istəməz belə təəssürat yaranır ki, Allahın da unutduğu bu dağ kəndində qadınların heç inək qədər əhəmiyyəti yoxdur və burda qadınların ən böyük vəzifəsi yalnız doğub-törəməkdən ibarətdir. Filmin sonunda göydən düşən üç alma kimi kadrlara girən üç inək də bu fikrin təsdiqi kimi görünür.

“Üç üz”ün dili farsca olsa da, qəhrəmanların çoxu azərbaycanca danışır. Onların şirin ləhcəsi, məişəti o qədər doğmadır ki, “Üç üz”ü etnoqrafik cəhətdən də əhəmiyyətli edir. Filmin sonunda səslənən “Sarı gəlin” mahnısı isə adamı lap şübhəyə salır: Görəsən, Cəfər Pənahiyə “Üç üz”ü bizim Mədəniyyət Nazirliyi sifariş verməyib ki?