Onlar Paşinyanı küçə adamı hesab edirlər... Onlar Paşinyanı küçə adamı hesab edirlər...

Paşinyan Moskva, Minsk və Astana arasında

Onlar Paşinyanı küçə adamı hesab edirlər...

“Küçə demokratiyasının qaydalarını böyük siyasətə gətirmək olmaz” – bəli, Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyana bundan da sərt cavab fikirləşib tapmaq olmazdı.

Rəsmi Minskin erməni liderinə cavabı həm də onu deməyə əsas verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 6 –da Sankt-Peterburqda keçiriləcək sammitindən də ciddi bir nəticə gözləmək üçün əsas yoxdur –duyulan budur ki, Belarus KTMT-a seçiləcək növbəti baş katib məsələsində İrəvana güzəşt etməyi düşünmür.

Amma İrəvan 2020-ci ilədək baş katib postunu əlində saxlamağa çalışır. Prinsipcə, N.Paşinyanı “başa düşmək” olar: Y.Xaçaturovun vəzifəsindən uzaqlaşdırılması onun qələbəsi və özünün dediyi kimi, Kremlin İrəvanda mövcud olan “yeni reallıqlar”la hesablaşması demək idi.

İndi ikinci mərhələ gəlir. Paşinyan bir daha göstərməlidir ki, Kreml onunla yenə də hesablaşır, çünki bu, dekabrın 9-da keçiriləcək seçkilərdə onun üçün ciddi PR ola bilər.

Amma məsələ yalnız seçki ilə bağlı deyil. KTMT-nın baş katibinin erməni olması istər-istəməz Dağlıq Qarabağ hərbi teatrında özünü biruzə verir və bütün hallarda çəkindirici amil kimi çıxış edir, baxmayaraq, təşkilat rəsmiləri dəfərlərlə birbaşa və dolayı yolla işarə ediblər ki, KTMT-nın münaqişəyə cəlb olunması üçün hər hansı bir əsas yoxdur, o səbəbdən ki, bilavasitə Ermənistanın özünə qarşı hansısa təhdid mövcud deyil.

Fəqət, İrəvanı bu amillər qane etmir. Zira düşünürük ki, Paşinyan cənablarını bu məsələdə böyük məyusluq gözləyir – hər halda, bizə belə gəlir. Birincisi, N.Nazarbayevlə A.Lukaşenko çox israrlı görünürlər və Paşinyanın KTMT-nın və hətta MDB-nin bu iki nəhənginə qarşı getməsi ona yaxşı heç nə vəd etmir.

Sadaladığımız təşkilatlarda hazırda İrəvan üçün çox əlverişsiz bir atmosfer yaranıbdır: Minskin Kremllə çox mürəkkəb münasibətləri var və A.Lukaşenkonun özünə Kremlı qarşı təzyiq “rıçaq”ı lazımdır. Qalan ölkələr isə türk respublikaları və ya Mərkəzi Asiya dövlətləridir. Artıq Ermənistan özü üçün nəticə çıxarmalıdır: türklərlə bir masa arxasındaca oturub anti-türk siyasəti aparmaq elə də asan məsələ deyil...

İkincisi, N.Paşinyan özü bu müstəvidə bir lider kimi tamam yad elementdir və Minskin bəyanatındakı “küçə demokratiyası” ifadəsi də boş yerə işlədilməyib – onlar elə Paşinyanın özünü də küçə adamı hesab edirlər. Bir anlığa MDB-nin və ya KTMT-nın siyasi palitrasını gözləriniz önünə gətirin: N.Paşinyan heç bu palitraya uyğun gəlirmi?..

Üçüncüsü, məsələ təkcə konkret bir adama – N.Paşinyana qarşı simpatiya və ya antipatiya ilə bağlı deyil. Burada ölkələrə münasibətin dəyişməsindən söhbət gedir və məsələ son illərdə Bakının KTMT ölkələrilə ikitərəfli əlaqələri çox intensiv şəkildə inkişaf etdirməsilə bağlıdır: bir tərəfdaş və əməkdaşlıq vektoru kimi həmin ölkələrə Azərbaycan daha maraqlı və cəlbedici görünür. Hətta həmin ölkələr böyük məmnuniyyətlə istərdilər ki, Azərbaycan da hansısa bir formada onların təmsil etdikləri quruma daxil olsun.
Yeri gəlmişkən, belə bir perspektiv tamam istisna olunmur. Ötən sammitdə KTMT-da partnyor və müşahidəçi ölkə institutu ilə bağlı ciddi müzakirələr getdi. Belə ehtimallar səsləndi ki, bu institutlar həm də Bakı üçün nəzərdə tutulur. Amma biz tələsməsək daha yaxşı olar.

Dəfələrlə məsələ ilə bağlı demişik ki, əslində Azərbaycan bloklara qoşulmayan ölkə statusunu götürməklə Moskvanın maraqlarını nəzərə alıbdı, çünki bölgədə Rusiyanın ən çox ehtiyat etdiyi məsələ NATO-nun və yaxud da ABŞ-ın regionda hərbi iştirakıdır.

Həm də düşünmək lazımdır ki, KTMT-na yaxınlaşmağın müqabilində Kreml bizə nə vəd edir? Əgər Dağlıq Qarabağ məsələsində ciddi dönüş baş verərsə, o halda məsələni götür-qoy etmək olar. Üstəlik, bizim Kremlə güzəştimizin daha bir fornması yaranıbdır. ABŞ prezidentinin müşaviri Bakıda açıq şəkildə bildirdi ki, onun ölkəsi Azərbaycana silah sata bilər. Bakı indiyədək silahların çoxunu Rusiyadan alıb və bunun özü əməkdaşlığın bir formasıdır. Gələcəkdə də əsas partnyor kimi Rusiyanın saxlanılması Kremlə daha bir jest ola bilər...

Qərəz, ötəri baxış belə göstərir ki, bir neçə müstəvidə Bakı çox üstün mövqe qazanıbdır. Qalır ən əsas məsələ: bütün bunları Dağlıq Qarabağ teatrında üstünlüklərə çevirmək. Əgər bu olmasa o halda səylərimizin bir mənası da olmaz. Üstəlik bu, uzaq perspektivin məsələsi deyil; növbəti ildə çox şeylərə aydınlıq gəlməlidir...

Hüseynbala Səlimov
AzNews.az