Həftənin iki vacib səfəri...

Azərbaycan prezidenti İlham Əliyev bu həftə iki ölkədə oldu.

İlham Əliyev əvvəl noyabrın 19-da Belarusa getdi və bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşdü. Minskdə Azərbaycanla Belarus arasında 10 sənəd imzalandı.

İlham Əliyevin Belarusa səfəri xüsusi əhəmiyyət daşıyırdı. Çünki səfərdən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidentini sərt tənqid etmişdi. Tənqidin səbəbi bu idi ki, Lukaşenko Minskdə Azərbaycanın Belarusdakı səfiri ilə görüşdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyini tənqid etmişdi. Bundan bir gün sonra İlham Əliyev Bakıda Belarus səfirini qəbul etdi. İlham Əliyev səfirə Ermənistanın Belarus-Azərbaycan münasibətlərinə qarışmaması vacibliyini bildirmişdi. Belarus da Ermənistana sərt cavab verdi.

Belarusun bu mövqeyi Azərbaycanda müsbət qarşılanır. Ümumiyyətlə Azərbaycan cəmiyyətində Belarusa simpatiya var. Bunu İlham Əliyev Aleksandr Lukaçenko ilə görüşdə bir daha xatırlatdı. İlham Əliyevin Belarusa 5-ci, Aleksandr Luakeşenkonun Azərbaycana 4 səfəri də iki ölkə arasındakı sıx əlaqələrdən xəbər verir. Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Belarusun Cənubi Qafqazdakı əsas siyasi, iqtisadi və hərbi tərəfdaşı məhz Azərbaycandır. Bu fakt Ermənistan hakimiyyətini narahat edir. Təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb. Bundan başqa Minskdə Azərbaycanın Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalandı.

İki ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri hərbi-texniki sahədir. Rəsmi Bakı bu əməkdaşlıqdan razıdır. İlham Əliyev Minskdə söylədi ki, Azərbaycan Belarusun hərbi texnikasından razıdır. Belarusun hərbi məhsullarının keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Bu o deməkdir ki, Azərbaycan Belarusdan daha çox hərbi texnika alacaq.

İlham Əliyev Belarusdan sonra Türkmənistana getdi. Bu səfər də Azərbaycan üçün əhəmiyyətli idi.
İlham Əliyev Aşqabadda bu ölkənin prezidenti Qurbanqulu Berdımuhammedovla 21 saziş imzaladı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir.

Birincisi, prezidentlərin imzaladıqları birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərin in toxunulmazlığına və münaqişnin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bu bəndin birgə bəyanata salınmasına Azərbaycan tərəfi israr edib və Aşqabad etiraz etməyib.

İkincisi, birgə bəyanatda vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına xidmət edir, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir.

Üçüncüsü, prezidentlər Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinə, həmçinin Transxərəz beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bildiriblər.

Sonuncu iki bənd hər iki dövlət üçün vacibdir. Aşqabad Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini işə salmaq istəyir. Ancaq Əfqanıstandakı vəziyyət bu layihənin reallaşması imkan vermir. Buna baxmayaraq, Əfqanıstanda sabitlik yaranan kimi bu layihəni işə salmaq mümkündür. Bununla həm Türkmənistan, həm də Azərbaycan yeni nəqliyyat koridoru əldə edəcəklər.

Birgə bəyanatda “Transxəzər” ifadəsinin vurğulanması da iki ölkənin gələcək niyyətindən xəbər verir. Azərbaycan öz qazını TANAP boru xətti ilə Türkiyəyə çatdırır. Gələn il Azərbaycan TAP boru xətti ilə qazını Avropa ölkələrinə də çatdıracaq. Türkmənistan da öz qazını Avropaya çatdırmaq istəyir. Ancaq bunun üçün Xəzərin dibi ilə boru xətti tikilməlidir. Məhz bu boru xətti Transxəzər adlanır.

Deməli, birgə bəyanatda Transxəzər ifadəsinin yer alması ondan xəbər verir ki, Aşqabad bu boru xəttinin tikilməsini istəyir. Ancaq bunun üçün Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair ikitərəfli saziş imzalanmalıdır. Belə bir saziş İlham Əliyevin Aşqabada səfəri zamanı imzalanmadı. Daha əvvəl 5 dövlət Xəzərin yekun Konvensiyasına imza atıblar. Ancaq Xəzərin dibi sahil ölkələr arasında razılaşdırılmalıdır. Azərbaycanın Rusiya və Qazaxıstanla Xəzərin dibi ilə bağlı sazişlər var, yəni ikitərəfli sərhədlərini müəyyənləşdiriblər. Rəsmi Bakı Aşqabadla da belə bir sazişin imzalanmasını istəyir. Görünür, Aşqabad bu məsələnin həllinə hələ hazır deyil.

İlham Əliyevin Aşqabada səfəri zamanı Xəzərdəki “Kəpəz” yatağı ilə bağlı da heç nə deyilmədi. Bu haqda birgə bəyanatda heç nə yoxdur. Türkmənistan “Kəpəz” yatağını özününkü sayır və “Sərdar” adlandırır. Əslində bu mübahisənin də həlli yolu var. Azərbaycan və Türkmənistan Xəzərdəki bu yatağı birgə işlədə bilərlər. Ancaq Aşqabad hələ ki, buna da razı deyil. Əks halda bu məsələ birgə bənayatda yer alardı.

Buna baxmayaraq, Türmənistanla Azərbaycan arasında strateji əlaqələr inkişaf edəcək. Türkmənistan öz yüklərini Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çatdırmaq istəyir. Bunun üçün lazımi infrasturktur var. Azərbaycanın və Türkmənistanın Xəzərdə müasir dəniz limanları mövcuddur. Türkmənistan öz mallarını Azərbaycanın Ələt limanına və oradan da Bakı-Tbilisi-Qars dəmiryolu ilə Avropa ölkələrinə çatdıra bilər. Hər iki dövlət yük daşımaçılığının artırılması üçün hətta vegi rüsumlarını azaltmağa da hazırdılar.

İlham Əliyevin Türkmənistana səfərinin yekunu olaraq belə açıqlaması diqqəti cəlb etdi: “Türkmənistana səfərim dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək”. Yəni İlham Əliyev demək istəyib ki, Azərbaycanla Türkmənistan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizinə çevrilə bilərlər. Ortada niyyət var, indi əsas məsələni bu niyyəti reallaşdırmaqdır.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi