- Yazarlar
- 26 Noyabr 2018 11:55
- 4 974
Bu həftə Gürcüstan prezident seçir...
Gürcüstan belə ölkə idimi və yaxud da belədirmi?
Gürcüstandakı seçkilərin ilk günlərindəki əminlik və müəyyənlik yenidən məchulluqla əvəz olunub; yalnız rusiyalı təhlilçilər proqnozla çıxış edir və onlar da bunu ona görə edə bilirlər ki, arzularını gerçəklik kimi qələmə verirlər, çünki Moksva M.Saakaşvili qanadının bu ölkədə hakimiyyətə gəlməsini hətta nəzəri cəhətdən belə təsəvvür etmək, bunu xəyalından keçirmək belə istəmir...
Amma qeyd etdiyimiz kimi məchulluğun tək səbəbi yalnız Kremlin istək və xəyalları deyil, son vaxtlarda bir neçə olay oldu ki, onlar istər-istəməz seçkilərə bir qeyri-müəyyənlik qatdı.
Birincisi, seçkidə iştirak etməyən və birinci turda hakim koalisiyanın namizədinin ən azı administrativ resurslar hesabına qalib gələcəyini düşünən elektorat seqmenti M.Saakaşvilinin adını eşidər-eşitməz yenidən səfərbər olubdur, həmin hissə isə heç də əhəmiyyətsiz kəmiyyət daşımır özündə...
İkincisi, ikinci tur ərəfəsində hakim koalisiyanın lideri B.İvanişvili presedentsiz addıma əl atdı: gürcü milyardçısı banklara kredit borcları olan minlərlə insanın borclarını öz hesabına ödəcəyini bildirdi. Əlbəttə, burada da bir az qeyri-müəyyənlik var, beləki seçkilər noyabrın 28-nə təyin olunub, B.İvanişvili isə borcların silinməsi əməliyyatına dekabrın 15-dən sonra başlanılacağını bildirib. Üstəlik, bunun üçün tələb olunan məbləğ də az deyil və təxminən 500 milyon dolları əhatə edir ki, bu da istər-istəməz şübhə yaradır: gürcü milyardçısı bu addımı atarmı?..
Bizim insanlara gəldikdə, onları da nələrin düşündürdüyünün fərqindəyik: fikirləşirlər ki, Gürcüstanda prezidentlik institutu heç də həlledici post deyil, növbəti seçkilərdən başlayaraq prezidenti ümumiyyətlə parlamentdə seçəcəklər, ona görə də bu seçkilərə görə belə təlaş keçirməyə və xüsusən də xərcə düşməyə dəyərmi?..
Məntiqli sualdır. Amma ki, gürcü təhlilçilər özləri də qeyd edir ki, insanlar Q.Vaşadzeyə və ya S.Zurabişviliyə səs verməyəcəklər, onlar ya Mixeil Saakaşviliyə, ya da Bidzina İvanişviliyə səs verməyə hazırlaşırlar. Bu iki siyasi cinah arasında isə çoxdandır rəqabətdən yox, əməlli-başlı düşmənçilik münasibətlərindən danışmaq lazım gəlir.
İkincisi, seçkilərin önəminə gəldikdə, məsələ başqa cürdür. “Domino effekti” deyilən fenomen var: “Gürcü arzusu” koalisiyası əgər bu seçkini uduzarsa, onda növbəti parlament seçkisini də uduzacaqdır – hər bir halda, həmin siyasi cinaha yaxın təhlilçilər belə bu cür düşünürlər.
Ona görə də Gürcüstanda gərgin mübarizə gözlənir. Ən maraqlısı odur ki, seçkinin nəticələrinin daha çox Gürcüstanın daxili siyasi həyatı üçün nəticəli olacağı düşünülür. O ki qaldı ölkənin xarici siyasətinə, regional münasibətlərinə, burada ciddi dəyişiklik gözlənilmir: Gürcüstanın Bakı və Ankara ilə isti münasibətləri qorunacaq və ölkə Avropa strukturlarına yönəlik siyasətini davam etdirəcək. Bu siyasətin isə templəri Gürcüstana kimin – Saakaşvilinin, yoxsa İvanişvilinin adamının başçılıq etməsindən demək olar ki, asılı deyil.
Əlbəttə, Saakaşvili cinahının hakmiyyətə qayıdışı Kremli daha çox məşğul edə bilərdi – Moskva digər region dövlətlərinə tələblərini bir az azaldardı. Kreml strateqləri mediada az qala hər gün səs-küy salsalar da daha səmimi söhbətlərdə özləri də etiraf edirlər ki, NATO əsgərlərinin regionda ciddi şəkildə oturuşması hələ real deyil, hərçənd ki, hətta indiki Gürcüstandakı vəziyyət belə bunun əksini deyir. Amma olsun, qoy, elə onlar deyən kimi olsun. Fəqət, Saakaşvili hakimiyyətə dönərsə, Kremlin yuxuları yenidən “pozulacaq”, ruslar daha təşvişli anlar yaşayacaqlar.
Elə bu səbəbdən də Q.Vaşadzenin qalib gəlməsini hətta nəzəri cəhətdən də qəbul etmək istəmirlər. Əlbəttə ki, məsələ kimin nələri qəbul edib-etməsində deyil, ondadır ki, gürcü seçiciləri nəyə səs verəcək: Saakaşvili dövründəki qanunçuluğa, yoxsa milyardçı İvanişvilinin pullarına?
Biz Sakaaşvili cinahına simpatiyamızı əsla gizlətmirik. Amma onunla bağlı o qədər ittihamlar səslənir ki, istər-istəməz düşünürsən: əcaba, yəni bunun hamısı yalandırmı?..
Aydın məsələdir ki, Saakaşvli nə Kremlin, nə də İvanişvili tərəfdarlarının təqdim etdiyi qədər də sərt lider deyildi, amma qafqazlılar bir qədər emosional insanlar olur, odur ki, Saakaşvili özünün siyasi ambisiyalarını tərəfdarlarının xeyrinə bir azacıq cilovlasa, bu, heç də pis olmazdı – doqquz il prezident olub və düşünürük ki, normal siyasətçi üçün müddət yetərli olmalıdır, ən azı ona görə ki, ABŞ prezidentlərinin maksimum prezidentlik müddəti bundan da azdır.
İndi də digər gənclərə meydan vermək olardı – qoy, onlar da siyasətdə sözlərini desinlər.
Həm də adi insanları da başa düşmək lazımdır: insanlar qorxu və səksəkə içində yaşamaq istəmirlər. Amma burada da kiçicik düzəlişə bir ehtiyac var: normal hakimiyyətin dövründə qanunları pozmayan adamın qorxu çəkməsinə də ehtiyac yoxdur.
Amma Gürcüstan belə ölkə idimi və yaxud da belədirmi? Burada M.Saakaşvilinin bir neçə il bundan öncə səslənmiş bir fikrini yada salmaq istərdik: Gürcüstan MDB-yə “qanuni oğru”lar ixrac etməklə məşğuldur! Əlbəttə ki, belə hal da yaramaz və ən başlıcası da, belə halda hakimiyyət insanlarla istər-istəməz lazım olandan daha sərt davranır...
Hüseynbala Səlimov
AzNews.az