- Yazarlar
- 3 Dekabr 2018 13:14
- 6 790
Xəyanət və ədəbiyyat
Əslində xəyanət adi halda yalnız ailə-məişət hadisəsidir
1850-ci il. “Müqəddəs Antoniya” adlı əsərini tamamlayan Qustav Flober qələm dostlarını da toplayıb əsəri onlara oxuyur. Dostları “Müqəddəs Antoniya”nı bəyənmir və bunu açıq şəkildə Floberə deyirlər. Şair Lui Buyle isə yazıçıya olduqca əhəmiyyətli bir məsləhət verir: “Bildiyin şeydən yaz”.
Bu yerdə kiçik bir haşiyə çıxaraq deyim ki, yazıçılığın ən vacib kuralı da məhz budur: Bildiyin şeydən yazmaq. Mətləbin birini qoyub o birinə keçsəm də bu barədə bir əhvalat yadıma düşdü, onu deyim. Bir dəfə Mehdi Hüseyn İsa Muğannaya irad bildirir ki, atandan yaman çox yazırsan. İsa Muğannanın cavabı: “Çünki atamı yaxşı tanıyıram”.
Bəli, ədəbiyyatda bildiyin, tanış olduğun mövzudan yazmaq olduqca önəmlidir. Floberin dostu da yazıçıya eynən bu cür məsləhət verir, ardıyca da deyir. Götür, elə qonşun Delamarların başına gələnləri yaz.
Lui Buyle yanılmamışdı. Flober qonşularının əhvalatını gözəl bilirdi, üstəlik ailəni də yaxından tanıyırdı. O qədər yaxından tanıyırdı ki, pərdələrinin rəngindən belə xəbərdar idi.
O hadisəni isə Ruan şəhərində bilməyən yox idi. Əyalət həkimi Ejen Delemarın aldığı gənc yoldaşı ona yüksək cəmiyyətin əksər kişiləri ilə xəyanət etmiş, həkim ərinin xudmani varidatını oynaşlarına xərcləmişdi. Bundan sonra isə çıxılmaz vəziyyətdə qaldığı üçün siçan zəhəri içib intihar etmişdi. Ejen arvadının ona xəyanət etdiyini yalnız borc verənlər qapısına dayananda öyrənir. Bu rüsvayçılığa dözə bilməyən Ejenin üzüntüdən ürəyi dayanır.
Flober bildiyi bu əhvalatı 6 ilə qələmə alır. Nəticədə ortaya “Madam Bovari” adlı ədəbiyyat dünyasının ən böyük abidələrindən biri çıxır.
Qadın xəyanətindən bəhs edən bu əsər dövründə böyük qalmaqala səbəb oldu. Müəllif məhkəməyə verildi. Fransızlar iddia edirdilər ki, bir fransız qadını bu cür əxlaqsız ola bilməz. Ona görə “Bovari kimdir?” sualına müəllif belə cavab vermişdi: “Madam Bovari mənəm.” Bu fikir təkcə ittihamlardan yayınmaq üçün verilən aldadıcı cavab deyildi, onun arxasında həm də böyük ədəbi həqiqət dayanırdı. Flober əsəri yazdığı altı il ərzində yaratdığı personajları ilə o qədər içli-dışlı olmuşdu ki, artıq həqiqətən də “Madam Bovari mənəm” deyəcək səviyyəyə gəlib çıxmışdı.
Qadın xəyanətindən bəhs edən digər əsər də bir fransızın qələmindən çıxıb. Bu Stendalın “Qırmızı və qara” romanıdır.
“Qırmızı və qara” “Madam Bovari”dən 26 il əvvəl çap olunsa da biz ondan ikinci bəhs etdik. Bunun da səbəbi bəllidir. Stendal Hüqo və Balzak zamanında yaşasa da sağlığında tanınan müəllif olmayıb. O, yalnız vəfatından sonra Balzakın tərifli sözləri sayəsində məşhurlaşıb və yalnız XX əsrdə tənqidçilər tərəfindən həqiqi dəyərini alıb.
“Qırmızı və qara” da real hadisələr əsasında yazılıb. 1827-ci ildə Qrenobl şəhərində bir məhkəmə işi keçirilir. Məhkəmədə Antuan Berte adlı cavan oğlan aristokrat ailədən çıxmış Xanım Mişunu öldürməyə cəhddə ittiham olunur. Məhkəmə vaxtı onların arasında nə vaxtsa sevgi münasibətinin olduğu üzə çıxır. Sən demə, xanım Mişu uşaqlarına dərs deyən bu cavan oğlanla birlikdə yoldaşını aldadırmış.
Mövzu Stendalın diqqətini cəlb edir və o, dövrün icrtimai-siyasi vəziyyətini dərindən əks etdirən “Qırmızı və qara” adlı möhtəşəm bir əsər ortaya qoyur.
“Xəyanət” deyəndə yada düşən əsərlərdən biri də Lev Tolstoyun “Anna Karenina”sıdır. Bildiyimiz kimi “Anna Karenina” da gerçək hadisələrə, real şəxslərə söykənir.
Bəs bu romanlar niyə bu qədər sevilir? Təkcə xəyanət mövzusundan bəhs etdikləri üçünmü? Məncə yox.
“Madam Bovari”ni məşhur edən onun üslubi cəhətdən seçilməsi olub.
“Qırmızı və qara” ona görə əhəmiyyətlidir ki, ictimai-siyasi münasibətləri adi məişət pozğunluğu səviyyəsinə endirərək analiz edir.
“Anna Karenina” isə rus aristokrat cəmiyyətinin tənəzzülünün güzgüsü idi.
“Anna Karenina”da bircə əxlaqlı qadın varsa o da Annadır. Digərləri ikiüzlü və saxtakardır. Annanın günahı onda deyil ki, oynaş saxlayır, bunu rus cəmiyyətində əksər qadınlar edir. Annanın günahı onda idi ki, vurulmuşdu. Oynaşa isə vurulmaq olmazdı. Çünki ailə instititu müqəddəsdir. Nəyin bahasına olursa-olsun onu saxlamaq lazımdır. Anna məhz kilsənin və cəmiyyətin bu ali qanununu pozduğu üçün ölümə məhkum olundu. Əslində Annanın intiharı hadisənin zahiri tərəfidir, onu rus cəmiyyəti qatarın altına atdı.
Şərqdə də kökündə xəyanət dayanan bədii əsərlər az deyil. Buna ən fundamental nümunə kimi “Min bir gecə” nağıllarını nümunə gətirmək olar: Şəhriyar ona qara qulla xəyanət etmiş arvadının acığını bütün qadınlardan çıxmaq istəyir və hər gün bir bakirə qız alıb gərdəyə girəndən sonra səhər onu öldürməyi əmr edir. Qadınlara inamını itirən hökmdar elə bilirdi ki, yanından ayrılan kimi yoldaşı ona xəyanət edəcək, buna görə də onları öldürməyi əmr edirdi. Bu dəhşətli lənətdən təkcə vəzir qızı Şəhrizad xilas ola bildi. O, padşaha nağıl danışmağa başlayır. Səhər açılanda nağılını yarımçıq qoyan Şəhrizadı padşah edam edə bilmir. Çünki nağılın axırını öyrənmək üçün səbirsizlənir. Düşünür ki, axşam nağılı bitirər, növbəti gün ölüm fərmanını verərəm. Lakin əksər nağıllarda olduğu kimi bu nağılda da vəzir qızı ağıllı davranır. Birinci nağılı bitirməmiş onun içində ikinci bir nağıl başlayır. Padşah ikinci nağılın da sonunu öyrənmək istəyir. Sonra üçüncü nağıl başlayır... Rus matryoşkası kimi nağıllar bir-birinin içindən çıxır.
Şəhrizad təkcə öz nağılı üçün deyil, bütün müasir romanlar üçün əhəmiyyətli olan bir üsul kəşf edir: nağıl içində nağıl və ya roman içində roman texnikası. Mario Varqas Lyosa “Gənc romançıya məktublar” kitabında “Min bir gecə”nin adını çəkərək bu texnikanı təqdir edir.
Yenə mətləbdən uzaqlaşdıq...
...Beləliklə Şəhrizadın nağılı 1001 gecə davam edir. Min birinci gecənin səhərində padşah görür ki, onun artıq bir yeriyən, bir iməkləyən, bir də südəmər övladı var. Sən demə, bu müddət ərzində Şəhrizad padşaha təkcə nağıl danışmayıbmış...
Əslində xəyanət adi halda yalnız ailə-məişət hadisəsidir. Xəyanət edəni və ya xəyanətə uğrayanı sosial şəbəkədə söyüş, təhqir atəşinə tutmaqla bir nəticə əldə edə bilmərik. Onun araşdırılması ilə əlaqədar qurumlar məşğul olsa yaxşıdır. Yalnız bədii səviyyəyə yüksəldikdə bir xəyanət hadisəsi əhəmiyyət daşıya bilər. Adını çəkdiyimiz bədii nümunələrdə olduğu kimi.
Mirmehdi Ağaoğlu