Amma deyəsən planlar bir azacıq dəyişdi Amma deyəsən planlar bir azacıq dəyişdi

Sabah Ermənistanı cəzalandırmalı idilər...

Amma deyəsən planlar bir azacıq dəyişdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sonuncu sammitində Ermənistan elə dramatik vəziyyətə düşmüşdü ki, ixtiyarsız olaraq hamı dekabrın 6-nı, Sankt-Peterburqda baş tutacaq növbəti sammiti gözləyirdi. Amma deyəsən, planlar bir azacıq dəyişdi, xəbərlər yayıldı ki, sammitin vaxtını dəyişib və KTMT-nın baş katibi məsələsini də işçi qaydasında həll etməyi qərarlaşdırıblar.

Bəli, əgər belə demək mümkünsə, N.Paşinyan cənabları bu dəfə də aradan çıxa bildi, çünki artıq bu həftənin sonunda Ermənistanda seçkilər olacaq və seşki ərəfəsində 1:0 hesabı, hər halda, onu qane edə bilər, çünki Nikol müəllim üçün minimum plan bu idi ki, Kremlin İrəvandakı yeni reallıqları qəbul etməsinin təsdiqi kimi general Y.Xaçaturovu vəzifəsindən kənarlaşdırsın və əlbəttə, maksimum plan baş katib postunu da Ermənistanın əlində saxlamaq idi.

Bunların hər ikisinin eyni vaxtda olması Nikol üçün seçki ərəfəsində ciddi piar, həm də Kremlə bağlı digər siyasi qüvvələr üçün də bir işarə ola bilərdi: artıq Kreml ağaları “əlcəkləri” dəyişmək istəyir...

Amma bunların biri oldu və digər biri olmadı və əgər ayın 9-a qədər planlar dəyişməsə, həm bu gün Ermənistanı idarə edən N. Paşinyan, həm də digər Kreml nökərləri eyni dərəcədə düşünəcəklər ki, Moskva məhz onları himayə edir, çünki məsələ açıq qalıb: Rusiya almanın birini Nikol müəllimə verib, digərini isə əlində saxlayıbdı...

O ki qaldı Paşinyan cənablarının seçkilərinə, Qarabağ klanının son bastionu olan Dağlıq Qarabağdakı oyuncaq B.Saakyan rejiminin atılıb-düşməsini nəzərə almasaq, başqa bir ciddi əngəl görünmür. Əsl əngəllər sonra başlayacaq ki, bunu təkcə biz demirik, demək olar, hamı bu haqda yazır və danışır. Problemlərin də nəinki məzmunu, hətta arxitekturası da, necə deyərlər, strukturu da məlumdur: ağır sosial-iqtisadi vəziyyət, hətta bundan da ağır və daha qəliz regional, xarici siyasət və s. və i...

Daha bir qəliz məsələ də Kremllə qurulacaq ünsiyyət olacaq. Paşinyan nə edəcək, öz ağlıyla, yoxsa Moskvanın dediklərilə oturub-duracaq? Ən, çətin sual da budur. Bu ölkənin nəinki Tiflis kimi Qərbpərəst, hətta Bakı kimi balanlaşdırılmış siyasət aparması üçün bir dövlət kimi “immuniteti” və ya müqavimət imkanları yoxdur.

Bəlkə də İrəvanda belə düşünürlər ki, bunlar Tiflisə və yaxud da ki, Bakıya çox asan başa gəlir. Amma qəti belə deyil – Tiflis ona minnətdar olmalıdır ki, Bakı kimi qonşusu var, Bakı isə öz Allahına şükür eləməlidir ki, bu qədər təbii sərvətləri və əlverişli coğrafiyası var, yoxsa Kremlin təzyiqləri qarşısında nə Tiflis, nə də Bakı duruş gətirə və indiki vəziyyətə gəlib çıxa bilməzdilər.

Bunların müqabilində bəs İrəvanın nəyi var? Onun da heç olmasa Bakı kimi qonşusu ola bilərdi, Cənubi Qafqazda həmrəylik və sülh olardı, amma o, bunların heç birini istəmədi. Bəlkə özünün diasporuna arxayındır? Ola bilər. Amma Ukraynanın diasporu heç onunkundan zəif deyil, Kanadanın əhalisinin az qala, üçdən biri ukraynalıdı, amma görün, bu ölkə Rusiyadan qopmaq istəyəndə nələr baş verdi?..

N.Paşinyan da bu fikrə düşsə, çox şeydən vaz keçməli olacaq. Ən birincisi, Rusiya bu ölkədən hələ heç yerə getməyibdir – bazaları hələ də Ermənistan ərazisindədir, Moskvadan uzaqlaşmaq istəyən ölkə əvvəlcə bu bazaların məsələsini həll etməlidir.
İkincisi, hətta bunlar da yoluna qoyularsa, Moskvadan uzaqlaşan İrəvan əvvəlcə Dağlıq Qarabağ “köynəy”ini soyunmalıdır.

Düzdür, formal olaraq ermənilərə elə gələ bilər ki, onlar Qarabağı çoxdan “özünküləşdiriblər” – Qarabağ əhalisi ümumerməni seçkilərində iştirak edir, hətta son iki seçki vaxtı da məhz onların təmsilçiləri prezident olmuşdular. O ki qaldı Bakı ilə aparılan “danışıq”lara, bu da onlara vaxtı keçirmək, uzatmaq üçün lazımdır.

Bəli, bu cür xəyallarda gerçəklik elementləri də yox deyil, amma onların hamısını bircə həftənin içində dəyişmək mümkündür, yetər ki, Kreml buna mane olmasın. Ən kritik anda da Kreml bunu edəcək, - zərrə qədər belə şübhəniz olmasın.

Amma Kremlin də başqa bir “qarınağrısı” var: onların da Qarabağı İrəvandan alıb Bakıya qaytarmaq fikirləri yoxdur. İllərlə Moskvanın bu regionda da “sülhməramlılar”ını yerləşdirmək istəməsinin səbəbləri budur: çalışıblar ki, bu kiçik bölgəyə də caynaqlarını ilişdirsinlər, çünki bu, onların İrəvandan və Bakıdan “asılılığını” azaldardı.

Bizim də apardığımız siyasətin bir müsbət tərəfi budur ki, buna hələ imkan verməmişik. İnşallah, başqa məsələləri də addım-addım öz yoluna qoyarıq, yetər ki, harada və necə addımlamağımızın fərqində olaq...

Hüseynbala Səlimov
AzNews.az