“İaşə müxalifəti”nin bütün fəaliyyəti yalnız və yalnız şər-böhtan, yalan üzərində qurulub. “İaşə müxalifəti”nin bütün fəaliyyəti yalnız və yalnız şər-böhtan, yalan üzərində qurulub.

Dezinformasiya savaşı

“İaşə müxalifəti”nin bütün fəaliyyəti yalnız və yalnız şər-böhtan, yalan üzərində qurulub.

Xaricdəki antimilli ünsürlər, əməlləri ilə "söyüş müxalifəti” yarlığını üzərlərinə götürənlər, eləcə də belələrinin Azərbaycandakı uzantıları zaman keçdikcə daha da azğınlaşır, ölkə daxilində sosial narazılıq yaratmaq, təxribat törətmək üçün sosial şəbəkə üzərindən yalanları tirajlayır, yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Bu məqsədlə onlar ictimaiyyət tərəfindən tanınan ən müxtəlif şəxsləri hədəfə alır, fikirlərini təhrif edir, yaxud Azərbaycan ziyalıları ilə əlaqəsi olmayan hər hansı hadisəni onların adı ilə əlaqələndirirlər. Sosial şəbəkədə qısa araşdırma aparsaq, bununla bağlı çoxsaylı nümunələri müşahidə edə bilərik.

Misal üçün, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin iclasında müzakirələr zamanı "ehtiyac meyarı 143 manat təşkil edəcək və hesab edirəm ki, 143 manat normal rəqəmdir” – deyə, fikir bildirib. "Azad söz”ün adminliyini edən, hansısa bəhanə ilə Azərbaycanı tərk edib Avropaya sığınan Tural Sadıqlı dərhal millət vəkilinin bu fikrini təhrif edib, "Facebookda” nəzarət etdiyi səhifədə onu paylaşıb. Düzdür, "ələkçinin qıl verəni” funksiyasını yerinə yetirən "tay-tuşları” Turala ilk növbədə yaxşıca "züy tutub”, tərbiyələrinə uyğun şəkildə həmin paylaşımın altında "rəylərini” bildiriblər. Amma qısa zaman kəsiyində onların bu yalanı ifşa olunub.

Sosial şəbəkə istifadəçiləri T.Sadıqlının yalan söylədiyini, özü haqqında danışılan söz-söhbətləri, digər əqidədaşı Məhəmməd Mirzəliyə pul atmasını, Almaniyadan qaçaq düşməsini gizlətmək, yaddan çıxarmaq üçün belə əclaflığa əl atdığını qeyd ediblər. Bunun köhnə üsul olduğunu, zaman və forma dəyişsə də T.Sadıqlı nümunəsində mənəviyyat aşınmasının mahiyyətinin dəyişmədiyini vurğulayıblar. Bununla yanaşı, millət vəkili H.Rəcəblinin onlayn mediada təhrif edilməmiş fikirlərinin yer aldığı xəbərin linkini şərh bölməsinə atıblar. Sosial şəbəkə istifadəçiləri həmin linklərə əlavə olaraq bildiriblər ki, xarici qrant hesabına yaşayanlar vətənpərvərlikdən danışmasınlar, mübarizəni yalan, dezinformasiya üzərindən aparmasınlar. Bəxtiyar Məmmədov adlı sosial şəbəkə istifadəçisi isə bildirib ki, Almaniyada miqrantlarla bağlı sosial departament 2 miqrantın miqrant alveri etirafı əsasında T.Sadıqlının axtarışına başlayıb. Tutulacağından ehtiyatlanan T.Sadıqlı bu hadisədən sonra Almaniyadan "didərgin” düşüb, qaçıb gizlənib.

Bir neçə gün bundan öncə başqa bir millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqədar da sosial şəbəkədə eyni üsulla yalan xəbər tirajlanıb. Deputatın özünün təəbirincə desək, özünü "İrəvan TV” adlandıran birisi "Facebookda” eyni adlı səhifədə status paylaşıb ki, guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və Ə.Amaşov da həmin bayrağı düzəltməyib. Təbii ki, zombi sürüsü dərhal, ağına-bozuna baxmadan, heç bir dəqiqləşdirmə aparmadan hörmətli millət vəkilinin ünvanına müxtəlif ittihamlar səsləndirib, öz əxlaqsızlıqlarını nümayiş etdiriblər.

Ancaq millət vəkili Ə.Amaşov sosial şəbəkə vasitəsilə müraciət edib, iştirak etdiyi tədbirdən şəkillər paylaşıb, onunla bağlı ictimailəşdirilən "xəbərin” həqiqəti əks etdirmədiyini konkret faktlarla sübut edib: "Ünvanına səsləndirilən ittihamların mənasızdır, böhtandır, iftiradır, təqdim edilən şəkil montajdır! Bunu paylaşan həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdirilməsini müşahidə edirəm. Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üçrəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!”.

Başqa bir ifşaedici məlumatı Sənan Nəcəfov adlı sosial şəbəkə istifadəçisi paylaşıb. O, təqdim etdiyi fotolara görə bəribaşdan üzrxahlıq edərək, növbəti yalan, iftira və əxlaqsızlığı konkret faktlarla diqqətə çatdırıb. Bildirib ki, "Facebook”dakı "Bizim mentalitet” adlı səhifə xarici ölkədə rus qadının başına gətirilən müsibəti, şiddəti, bununla əlaqədar təqdim edilən xəbəri təhrif, fotonu montaj edərək, guya Azərbaycanda şəhid bacısının polis tərəfindən zorakılığa məruz qaldığını çatdırıb.

Profil müəllifi vurğulayıb ki, açıq-aşkar saxtakarlığa, əxlaqsızlığa yol verən "Bizim müxalifət”lə "Azad söz” səhifələri arasında heç bir fərq yoxdur: "Görün, müqəddəs ŞƏHİD adını öz mənfur yalanlarına necə alət edirlər? Ümumiyyətlə, bu mənəviyyatsız səhifə haqda ancaq pis xəbərlər gəlir. Separatizmi dəstəkləyir, dini qarşıdurma yaradır və sair. İndi də bu. Yazdıqlarını oxuyun və ikinci skrinşot edilmiş şəkildə söhbətin kimdən getdiyini görün. Fotodakı qadın rus teleaparıcı Nataliya Rozinskayadır. May ayında evinə gedərkən naməlum şəxslər tərəfindən döyülüb. "Bizim mentalitet” səhifəsi isə bu məlumatı təhrif edib, azərbaycanla əlaqələndirib”.

Başqa bir faktda da xaricdə baş verən hadisə təhrif edilərək sosial şəbəkə üzərindən tirajlanıb. Son günlərdə sosial şəbəkə fenomeninə çevrilən bir fotoda məktəblilərə xidmət göstərən süni qatar əks olunub. Yenə də sapı özümüzdən olan baltalar bu faktın, bu fotonun gah Bakı kəndlərindən birində, gah da Zabrat qəsəbəsində, Saatlı, Zərdab rayonlarında çəkildiyini iddia edib müxtəlif tənqidedici fikirlər bildiriblər. Hətta səhifələrdən birində sözügedən hadisənin videosu da paylaşılıb və Azərbaycanda baş verdiyi iddia olunub. Həmin videonun altında da Vətən, millət, xalq təəssübü olmayan zombi sürüsü əxlaqsız, mənəviyyatsız söyüşlər yazaraq sürü təfəkkürlərini ortaya qoyublar.

Lakin sonradan bu video ilə əlaqədar da real faktlar (https://news-r.ru/news/dagestan/234867/?fbclid=IwAR1vcAGkJ81abXktsyEjNLNlxydHsDJqiY_IkPyItjbqhCJmgkzAy4jFD98) ortaya qoyulub. Yalanlarının üzə çıxdığını görən səhifə adminləri dərhal etdikləri qələti aradan qaldırmağa çalışıb, təqdimatı dəyişiblər. Maraqlı məqam burasıdır ki, həmin vaxta qədər sözügedən şəkili və videonu əsas götürüb Azərbaycan ünvanına ən yaramaz fikirlər səsləndirənlər hadisənin baş verdiyi Dağıstana, süni qatarı düzəldənlərə tərifli rəylər yazıblar. Bununla həm səhifə adminləri, həm də bəzi ikiüzlü, yaltaq və şərəfsiz sürü nümayəndələri əsl mahiyyətlərini ortaya qoyublar. Belələrini açıq və sərt şəkildə tənqid edən Sənan Nəcəfovun dili ilə söyləsək, sanki özgənin elədiyi əclaflıq da bu sürünün gözündə qəhrəmanlıq, böyük uğurlu iş kimi görünüb.

Nəhayət, Samir Soltanov adlı sosial şəbəkə istifadəçisinin üzə çıxardığı daha bir dezinformasiyada "Bizim mentalitet” səhifəsi Ukraynada baş verən hadisəni təhrif edib. Bu məqsədlə təqdim edilən fotoda "Qırmızı kitab”a düşən, cəriməsi 8 min manat olan qu quşlarının cənub bölgəsində bir ovçu tərəfindən SOCAR prezidenti Rövnəq Abdullayev üçün ovlandığını qeyd ediblər. Lakin bu "fakt”ın da yalan olduğu qısa zamanda üzə çıxıb. Məlum olub ki, şəkildə təsvir olunan şəxs Ukraynanın deputatı Oleq Jupanovdur və ovu da özü edib.

Beləliklə də gətirdiyimiz nümunələr üzrə antimilli ünsürlərin, eləcə də onlara Azərbaycan daxilində "züy tutanların” nə işlərlə məşğul olduğunu, hansı məqsədlərə xidmət etdiyini göstərmiş olduq. Hər gün sosial şəbəkələrdə tirajlanan bu yalanlar bir daha sübut edir ki, xaricdəki "iaşə müxalifəti”nin bütün fəaliyyəti yalnız və yalnız şər-böhtan, yalan üzərində qurulub.

Rufik İsmayılov