AzNews.az Hüseynbala Səlimovun yazısını təqdim edir AzNews.az Hüseynbala Səlimovun yazısını təqdim edir

Xanım Merkeldən üçüncü etiraf...

AzNews.az Hüseynbala Səlimovun yazısını təqdim edir

Ukrayna ilə Rusiya arasındakı Azov dənizilə bağlı yaşanan münaqişənin son olaraq nə ilə nəticələnəcəyini demək çətindir, amma proseslə bağlı istər –istəməz Avropa siyasətçiləri, ABŞ və NATO rəsmiləri müxtəlif bəyanatlar verirlər və bu bəyanatlar əsas problemdə dönüş yaratmaq iqtidarında olmasalar da çox maraqlı nüanslar ehtiva edirlər özlərində - bir də görürsən ki, Ukrayna-Rusiya münaqişəsi konteksində yaşananların fonunda hansısa siyasətçi, ümumiyyətlə, Moskvanın bu vaxta qədər keçmiş sovet məkanında apardığı siyasi kursa qiymət verməyə çalışır ki, heç bunun özü də az iş deyil, çünki elə məqamlara diqqət yetirilir ki, siyasətçilər bu vaxtadək onlar haqqında ya susmağa, ya da onları “görməməyə” üstünlük verirdilər.

Almaniyanın kansleri A.Merkellə bağlı da belə oldu. Frau kansler bu yaxınlardakı müsahibələrinin birində ölkəsinin sanksiya xatirinə sanksiya qəbul edilməsinin tərəfdarı olmadığını və problemin diqqətlə öyrənilməsinin vacib olduğunu desə də, birdən-birə, heç kimin gözləmədiyi halda Rusiyanın əski sovet ölkələrinə qarşı apardığı siyasətə diqqəti yönəltdi, hətta Dağlıq Qarabağ probleminin də buradan qaynaqlandığını bildirdi.

Yada salaq ki, bu xanım Merkelin sayca üçüncü etirafı idi. Birinci dəfə o, bunu bir neçə il öncə Azərbaycan prezidentilə görüşündə etmişdi və o vaxtadək demək olar ki, heç kim belə cəhddə bulunmamışdı, hətta bizim öz diplomatlarımız belə çıxış və bəyanatlarında heç bir vaxt Rusiyanın bu münaqişədəki roluna işarə etmir, əksinə Moskvanın Bakının ən yaxın müttəfiqləriindən biri olduğunu, hətta bu müttəfiqliyin strateji tərəfdaşlıq səviyyəsində qərarlaşdığını bildirirlər.

Amma Merkel bunu etdi və ilk böyük siyasət təmsilçisi oldu ki, hər şeyi öz adı ilə adlandırmağa çalışdı.

İkinci dəfə belə hal bir neçə ay bundan əvvəl olmuşdu. Baltik ölkələrindəki alman hərbiçiləri qarşısında çıxış edən Almaniya kansleri yenə də Rusiyanın keçmiş sovet məkanında yaratdığı münaqişələrə və bu münaqişələr ucbatından bəzi gənc dövlətlərin yaşadıqları problemlərə diqqət yetirdi. Düzdür, demək olar ki, xanım Merkel bu auditoriya qarşısında bunları deməyə məcbur idi, çünki almanlar arasında da “Bizim burada – Baltik ölkələrində nə işimiz var?” soruşanlar da var və bir siyasətçi kimi Merkelə alman hərbçilərinin Baltik ölkələrində xidmət keçməsini əsaslandırmalı idi.

Amma bizi burada motivlər qəti maraqlandırmır - əlbəttə ki, böyük siyasətdə idealizmə yer olmur, tələbə uyğyn, adekvat təklif olur. Əsas odur ki, bu fikirlər dilə gətirilir – kimsə onları çoxdan bilir, sadəcə, dilə gətirmir, kiminə bunlar hələ qeyri-adi açıqlamalar təsiri bağışlayır, di gəl ki, fikirlərin də öz evolyusiyası olur, insanlar onlara alışırlar, axırda bir də görürlər ki, onu yeganə həqiqət kimi qəbul edirlər, hətta inana belə bilmirlər ki, nə vaxtsa fərqli fikirdə olublar...

Qarabağ, Abaxaziya, Cənubi Osetiya, Dnestryanı və hətta Ukrayna – Rusiya münaqişələrində bu vaxta qədər çatışmayan o olub ki, onlara eyni prizmadan, bir baxış bucağından, kompleks şəkildə yanaşmayıblar və bu münaqişələrin hamısının bir mərkəzdən qaynaqlandığını görməməyə çalışıblar. Məsələn, bütün bu münaqişələrin çözümündə bir qayda olaraq Moskvaya üstün rol ayırmağa çalışıblar, guya ki, o, region dövləti və digər ölkələrlə ortaq keçmişə malik bir ölkə kimi onlara daha ciddi təsir edə bilər. Amma olubmu? Heç olmasa, digər ölkələrin siyasi xadimləri bircə dəfə rusların “Problemlərin həllinin açarı Moskvadadır!” sözlərinin arxasında nə dayandığının fərqində olublarmı?

Bəli, Baltikyanı ölkələrlə bağlı aydınlıq var, Qərb onlara dəstək verir və bu ölkələri müdafiə etdiyini gizlətmir. Bəs digər ölkələr necə? Onlara da münasibətdə belə bir dəstək varmı? Təəsssüf ki, yoxdu. Əlbəttə ki, sabah Rusiya Baltik ölkələrinə müdaxilə edərsə Qərb yenə də onunla vuruşmaq haqda düşünməyəcək və ötən əsrin birinci yarısında məhz belə də olmuşdu. Amma bu halda qəti şübhə etmirik ki, növbəti ciddi, bəli, əsl “soyuq müharibəyə” start veriləcək. İndiki halda isə bu, yoxdur; hərə bir şeyi bəhanə edib “arxa qapı”dan Rusiyayla görüşə qaçır. Bəlkə də əsas səbəb budur ki, Qərbdə strateji düşüncə yoxsulluğu yaşanır, bu ölkələrin hamısında uzaq mənzilli raketlər var, gəl, uzaq mənzilli düşüncə yoxdur, taktiki prioritetlər strateji hədəfləri çoxdan üstələyib...

AzNews.az