“İnqilab öz balalarını yeyir”. “İnqilab öz balalarını yeyir”.

Paşinyanın “küçə diktaturasının” sonu

“İnqilab öz balalarını yeyir”.

Ermənistan seçkiyə gedir və iki gün sonra – dekabrın 9-da küçədən siyasi Olimpə yüksələn, davranışları ilə “küçə çalğıçılarını” xatırladan Nikol Paşinyan “böyük qələbəsi”ni elan etməyə hazırlaşır. Hərçənd, hələ seçki keçirilməyib və qutudan hər şey çıxa bilər. Lakin Paşinyanın həyat yoldaşı Anna Akopyanın prezident mülkinə köçməyə başlaması haqqında yayılan məlumatlar seçkinin vaxtından əvvəl “həll olunduğunu” deməyə əsas verir.

“İnqilab öz balalarını yeyir”. Paşinyan sadə erməniləri “yeməyə başlayıb” və kral olmaq yolunda inamla addımlayır.

“Küçə diktaturası”, Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda baş verənlər demokratik prinsiplərin kütlənin ayaqları altında əzildiyini göstərir.

- Koçaryan və Sarkisyan komandası təqib olunur;

“168 jam” qəzeti yazır ki, Paşinyanın komandası 7 və 8 dekabrda, həmçinin seçki günü – 9 dekabrda Respublika Partiyasının seçki qərargahlarına gözlənilməz məqamda müdaxilə etməyi planlaşdırır: “Məqsəd qorxu atmosferi yaratmaq və qərargahların işini iflic etməkdir. Müdaxiləni əsas hədəfi isə Respublika Partiyasının mərkəzi ofisi olacaq”.

- Siyasi opponentlərə təhdidi və həbs xəbərdarlığı;

Paşinyan və komandası opponentləri əks-iqnilabçı adlandırır və Xüsusi İstintaq İdarəsini onların başı üzərində “Domokl qılıncı”na çevirib.

- Seçki təbliğatının pozulması və müxalifətə maneələrin yaradılması;

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda seçkiöncəsi İctimai Televiziyanın qüvvədə olan hakimiyyətin – Nikol Paşinyan - təbliğat ruporuna çevrildiyini açıqlayıb.

Hesabatda Paşinyanın seçki təbliğatında inzibati resurslardan istifadə etdiyi qeyd olunur.

DTİHB seçkiöncəsi atmosferi tənqid edib və bəyan edib ki, “Ermənistanda ictimai rəyi çaşdırmaq üçün yalan məlumatlar verilir və siyasi opponentlərə nifrət dalğası yaradılır, hakimiyyətin, xüsusilə Nikol Paşinyanın tənqidinə isə imkan verilmir”.

- Yüz minlərlə seçici səsvermə hüququndan məhrum edilir;

Paşinyan bəyan edib ki, xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermədə iştirak edə bilməyəcək. Bu, yüz minlərlə, hətta milyonlarla seçicinin səsvermə hüququndan məhrum edilməsi deməkdir. Rəsmi məlumatlara görə, təkcə Rusiyada 500 min Ermənistan vətəndaşı yaşayır.

- “Cib müxalifəti”, hər kəs Paşinyana dəstək verir;

Erməni jurnalist Marina Mkrtçyan yazır ki, “əgər seçkiyə gedən siyasi qüvvələrin əksəriyyəti Paşinyanın “Mənim addımım” blokunu dəstəkləyirsə, o zaman, hansı seçki rəqabətindən danışmaq olar?!”.

- Seçki, yoxsa təyinat, Paşinyan nəticələri öncədən saxtalaşdırır;

Paşinyan seçkidə qalib gəlmək üçün bütün inzibati resurslar səfərbər edilib. Ermənistan mediası “Mənim addımım” blokunun səsləri almaq üçün əsas vasitə olaraq şantaj və təhdiddən istifadə etdiyini yazır.

“Jamanak” qəzetinin məlumatına görə, kənd icmalarının rəhbərlərini təhdid edirlər.

“Qeqarkunik ərazisinin qubernatoru Qnel Sanosyan kənd icmalarının rəhbərlərinə göstəriş verib ki, “Mənim addımım” blokunun namizədlərinin xeyrinə işləsinlər. Lakin o, tək deyil. Əldə etdiyimiz məlumatlara görə, Ermənistanın bütün bölgələrində vəziyyət eynidir. Kənd icmalarının rəhbərləri bildirirlər ki, “əgər onlrı icmasında başqa partiya qalib gələcəksə, istefa etməyə məcbur olacaqlar”.

Paşinyanın “Mənim addımım” blokunun namizədlərinə dediyi “Gələcəkdə hökumət ən çox səs alan namizədlərdən formalaşdırılacaq” sözləri seçkiyə müdaxilələri artırıb.

“Jamanak”ın yazır ki, blokun namizədləri namizəd olduqları ərazilərdə hörmətli şəxsləri müxtəlif yollarla – pul, vədlər - ələ almaqla onların dəstəyinə bel bağlayırlar.

- Hərbiçilərin səfərbərliyi: “Mənim addımım” blokuna səs verməyənlər cəzalandıırılacaq;

“168 saat” saytı yazır ki, Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrinin əsgərlərini onun təmsil olunduğu bloka səsverməyə məcbur edir.

“Qarabağda xidmətdə olan əsgərlər valideynlərinə zəng edərək, 9 dekabrda Qoris və Qapan rayonunda olacaqlarını bildiriblər. Onlar valideynlərinə bildirirlər ki, görüşmək üçün seçki günü həmin rayona gəlsinlər. Hərbi qulluqçular danışırlar ki, onlara əzizləri ilə görüşməyə o şərtlə icazə verirlər ki, seçkidə Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokuna səs versinlər”, - deyə qəzet qeyd edir.

Bu faktların siyahısı olduqca uzundur, lakin qeyd olunanlar da Paşinyanın artıq seçkini “udduğunu” təsdiq edir. Onun həyat yoldaşı Anna Akopyanın seçkidən öncə prezident mülkinə köçməsi də təsadüfi deyil.

Nikol Paşinyan ümid edir ki, onun komandası İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə kimi 80 faizdən yüksək səs alacaq. Hətta bunun üçün bütün qeyri-qanuni yollara əl atılır. Lakin sorğular bunun əksini göstərir.

“GALLUP International Association” təşkilatının keçirdiyi sorğuda “Mənim addımım” bloku 68,3 faiz səs alıb.

Burada iki mühüm səbəb var: inqilab eyforiyasının qaldırdığı duman tədricən çəkilir; Paşinyan verdiyi vədlərə əməl etmir;

İnqilab dumanı: Paşinyan İrəvanda mer seçkilərində 80 faizdən yüksək səs aldı. Hərçənd, bu seçkilərdə o, kütlə linçini dövriyyəyə salmaqla “küçə diktaturası”nın metododologiyası sayəsində belə bir nəticə əldə etmişdi. Lakin həmin vaxt yenə də inqilabın yaratdığı dumanda insanlardakı inam sönməmişi. Paşinyanın dəstəyinin azalmasında təbii səbəblər onun verdiyi vədlərə xilas çıxmasıdır.

Unudulmuş vədlər: Siyasi Olimpə dırmaşmasından yeddi ay keçsə də, Ermənistanda heç bir iqtisadi-sosial irəliləyiş qeydə alınmayıb, əksinə rəqəmlər üzüaşağı yuvarlanmaqdadır.

Erməni politoloq Armen Minasyan deyir ki, yeni hakimiyyətin ölkədə emiqrasiyanın qarşısını aldığı haqqında bəyanatlarına ehtiyatla yanaşmaq lazımdır. Onun fikrincə, Paşinyanın hökuməti keçmiş baş nazir Kakren Karapetyanın turizm və hava daşımaları sahəsindəki uğurlarını mənimsəyir, statistika üzərində oynayaraq, manipulyasiya edir, beləliklə, emiqrasiya faktını gizlədir.

Paşinyanın ən böyük vədlərindən biri ölkəyə investisiyanın cəlb edilməsi və iqtisadi artıma nail olmaq haqqında idi.

“Joxovurd” qəzeti rəsmi məlumatlara istinadən yazır ki, 2018-ci ilin oktyabrında kapital axını 121 milyon 461 min dollar təşkil edib: “Cari ilin 10 ayı ərzində Ermənistandan 951 milyon 38 min dollar çıxarılıb. Bu, ötən ilin eyni dövrü il müqayisədə 171 milyon 842 min dollar çoxdur. 2017-ci il yanvar-oktyabr dövründə ölkədən çıxarılan valyuta 779 milyon 196 min dollar təşkil edib. Maraqlıdır ki, bu il xaricə kapital axınının həcmi fevralın ayından başlayaraq kəskin artıb. Fevralda ölkədən təxminən 99,8 milyon dollar çıxarılıb. Sonrakı 2 ayda bu temp saxlanılıb. Ölkədən çıxarılan pulun həcmi martda 93,7, apreldə isə 92,3 milyon dollar təşkil edib”.

Bununla yanaşı, Paşinyan ölkədə ictimai qarşıdurma və qorxu atmosferi yaradıb, xüsusilə “inqilabçı” və “əks-inqilabçı” bölgüsü ermənilər arasında bolşevizmin ibtidai rüşeymlərini inkişaf etdirdi.

Əmək haqqı və pensiyaların artırılması ilə bağlı vədlər yerinə yetirilmədi.

Ermənistanın Rusiya ilə münasibətlərini pozmaqla Qərbin qanadının altına keçəcəyini düşündü, lakin lazımi dəstək ala bilmədi.

Baş verənlər erməni ictimaiyyətində təşvişə səbəb olur və bu təşviş Paşinyanın reytinqinin getdikcə uçuruma yuvarlanması ilə nəticələnir.

Paşinyanın ən böyük səhvi, “qaş düzəltmək istəyəndə göz çıxarması” isə “1 mart” işi üzrə cinayət işinin açılması oldu. O, bununla həm vaxtilə onu həbsə atanlardan qisas almaq, həm də öz reytinqini yüksəltmək istəyirdi. Lakin bu prosesdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni baş katibi Yuri Xaçaturova cinayət işi açması ciddi qalmaqala səbəb oldu. İrəvan ən böyük dayağı hesab etdiyi KTMT-nin dəstəyini tamamilə itirdi. Bu qarşıdurma hələ də davam edir və böyük ehtimalla Ermənistanın xalq itirməsi ilə nəticələnəcək.

Seçkidə nəticə necə olacaq?: Güman ki, Paşinyanın “Mənim addımım” bloku qalib gələcək, belə demək mümkünsə, artıq nəticələr indidən bəllidir.

Lakin əsas diqqət seçkidən sonrakı dövrə yönəlir. Çünki seçkidən sonra insanlar verilən vədlərin reallaşmasını tələb edəcəklər.

Erməni jurnalist Mamikon Babayan yazır ki, Paşinyan seçki kampaniyasının müddətinin azlığından lazımi qədər istifadə etdi.

“Məsələ bundadır ki, heç bir siyasi partiya yeni proqram təklif etməyə vaxt tapmadı. Belə olanda insanlar şəxslərin məşhurluğuna diqqət yetirdilər. Əslində bu Paşinyana sərf edir. Erməni seçici anlamır bu və ya digər partiyaya niyə səs verməlidir. Buna görə onlar siyasi qüvvələrin liderlərinin şəxsi keyfiyyətlərinə diqqət yetirirlər. Paşinyan oğlunu Qarabağda hərbi xidmətə göndərməklə bu vəziyyətdən istifadə edəcək. Lakin seçkidən sonra situasiya dəyişəcək, çünki eyforiya sona çatacaq və insanlar şüarlarla yaşamağın mümkün olmadığını anlayacaqlar. Əsl problem onda başlayacaq”, - deyə Babayan qeyd edir.

Seçkidən sonra Ermənistanı nə gözləyir?

Gözləntilərə Paşinyan seçkidə “qalib” gəlsə də, seçkidən sonra “acların inqilabı” başlayacaq.

1. İnflyasiya – son yeddi ayda bahalaşma sürətlə artır;

2. Ərzaq qıtlığı – Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin məlumatına görə, bu ölkəyə aparan yolların mühasirəyə alınması ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradacaq.

3. Enerji qiymətləri – Ermənistanda “Qazprom”a qarşı başlanan kampaniya Rusiyanın bu ölkəyə verdiyi qazın qiymətini artırması ilə nəticələnə bilər.

4. Gəlirlərin azalması – Moskva-İrəvan xəttində gərginlik Rusiyada yaşayan ermənilərin ailələrinə pul göndərməsinə də maneələr yarada bilər. Bu isə Ermənistanda onsuz da səfalət içində olan böyük kəsim üçün ağır zərbə olacaq.

5. Rusiya Ermənistan iqtisadiyyatında verdiyi dəstəyi kəsə, yaxud azalda bilər.

Paşinyan diaspordan gələcək pullara bel bağlayır, hərçənd, onun sələflərinin təcrübəsi bununla “ailə saxlamağın” mümkünsüz olduğunu sübut edib. Bu baxımdan, Paşinyanı ağır günlər gözləyir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi üçün düşdüyü blokada şəraiti də getdikcə daralır. Rusiya ilə münasibətlər kəskinləşir, ABŞ-ın İrana sanksiyalarına görə bu ölkə ilə açıq ticarət mümkün olmayacaq. Gizli aparılan ticarətin həcmi isə yetərli olmur. Gürcüstan isə sentyabrın 15-dən etibarən Rusiyadan Ermənistana daşınan taxılın tranzitini məhdudlaşdırmağa başlayıb. Bu, hələlik Ermənistanda çörəyin bahalaşmasına ciddi təsir etməsə də, ekspertlər seçkidən sonra vəziyyətin dəyişəcəyini hesab edirlər.

Faktlar təsdiq edir ki, “acların inqilabı” özünü çox gözləyməcək. Mümkündür ki, 2019-cu ilin soyuq qış günlərində Ermənistan qaranlığa qərq olacaq.

Asif Nərimanlı