Bəlkə də ən əvvəl, ötən həftə Sankt-Peterburqda baş tutan sammitdən başlamaq lazım gəlir... Bəlkə də ən əvvəl, ötən həftə Sankt-Peterburqda baş tutan sammitdən başlamaq lazım gəlir...

“Yeni Ermənistan reallıqları”nı ortaya qoymaq məqamı gəldi

Bəlkə də ən əvvəl, ötən həftə Sankt-Peterburqda baş tutan sammitdən başlamaq lazım gəlir...

Ən azı ona görə ki, axtarsan, elə bunun özünün də cənab Paşinyanın ölkəsindəki dayaqlarına təsiri var.

Bəli, ruslar əvvəl demişdi ki, KTMT-nın baş katibi məsələsi təxirə salınır və onun sonradan işçi qaydasında həll olunması məqsədəuyğun hesab edilir. Amma Peterburq sammitinin kuluarlarındakı söhbətlər dərhal Rusiya mediasının diqqətini çəkdi və demək olar ki, elə sammit davam edən gün belə xəbərlər səsləndi ki, baş katib məsələsini artıq həll olunmuş saymaq olar; böyük ehtimalla bu post Minskə qismət olacaq və təyinat baş tutanadək vəzifəni Moskvanın təmsilçisi aparacaq...

Əslində məsələnin təxirə salınması parlament seçkisi ərəfəsində Paşinyana bir güzəşt idi və o, Y.Xaçaturovun postundan geri çağırılması kimi bu olayı da “Kremlin Ermənistandakı yeni reallıqlarla hesablaşması” kimi qələmə verəcəkdi. Amma bizim Bakı əhlinin dili ilə desək, Kreml də hərif – filan deyil. Odur ki, Paşinyan sammtidə yaman pərt idi – bunu hətta min kilometrlərlə uzaqlıqdan efirin köməyilə də sezmək mümkün idi.

Pərtlik yaradan başqa bir səbəb də vardı. Növbəti ildə Avrasiya İqtisadi Birliyində də sədrlik Ermənistana keçir. Amma buna baxmayaraq Birlik üzvləri onun sammitini İrəvanda yox, Astanada keçirməyi düşünürlər ki, bunun özü də həm Rusiyanın, həm də bütövlükdə MDB-nin Ermənistana və onun liderinə qarşı daha bir diqqətsizliyi deməkdir.

Amma N.Paşinyan siyasətçi olmasa da, hər halda, ermənidir və hiyləgərlik sarıdan problemi yoxdur. Odur, özünü Peterburq sammitində sudan sakit, otdan nazik apardı – hansısa ikibaşlı bəyanatları ilə yadda qalmadı. Ona görə ki, bu adama sammitdən demək olar ki, bir-iki gün sonra baş tutacaq seçkiləri problemsiz başa vurmaq lazım idi. Amma gəl ki, yenə də dinc durmadı. Sammitdən sonra ilk xəbər bu oldu ki, keçmiş prezidnet R.Koçaryan yenidən həbs olunub. Hiss olunur ki, Koçaryandan bu adam çox ehtiyat edir və düşünür ki, Kreml tez bir zamanda Ermənistanın daxilinə əlini uzatmaq fikrinə düşsə bunun üçün ən ideal icraçılardan biri məhz Koçaryan cənablarıdır, çünki bu adam üçün dağıtmaq, öldürmək elə bir problem deyil...

Qərəz, dramatik epizodlarla, irəliləmələrlə-geriləmələrlə müşayiət olunsa da başabəla qonşumuzda proseslər finalına yetişməkdədir. Bir – iki gündən sonra seçkilərin nəticələri güman ki, rəsmən elan olunacaq və hətta buna qədər təxmini ədədlər deyiləcək, ola bilsin, bundan da bir neçə gün sonra, ya da növbəti ilin əvvəlində kabinetin təşkilinə start veriləcək. Hər halda, ən əsası seçkiləri başa vurmaq idi. Ona görə ki, bu gün bütün dünyada yazılmamış bir qanun var: seçki demokratik olmaya bilər, amma o, demokratik tərtibatla başa vurulmalı və yeni hakimiyyət başqa yolla yox, məhz seçki yolu ilə legitim institut xarakteri almalıdır.

Əlbəttə, daha düzgün olardı ki, biz müfəssəl nəticələri gözləyək, amma bunu etmədik. Birincisi, ona görə ki, hələ görməmişik ki, “inqilab” etmiş bir siyasi qüvvə bir neçə aydan sonra özünün keçirdiyi seçkiləri uduzsun və siyasi olimpi bir qeyri qüvvəyə təhvil verilsin.

Əlbəttə, dövlət çevrlişi etmiş qiyamçı dəstə ilə bu, baş verə bilər və tarixdən belə hal məlumdur. Bolşeviklər müvəqqəti hökuməti silahlı yolla devirmiş qiyamçı qüvvələr idilər və təsadüfi deyil ki, bir az sonra sovetlərə keçirilən seçkiləri, əgər səhv etmirəmsə, eserlərə uduzmuşdular. Amma bolşeviklər nə etdilər? Seçkilərin nəticələrin ləğv etdilər və eserlərə də divan tutdular...

Paşinyanın silhalı dəstələri yox idi, o, əksinə silahla hakimiyyətə gələnləri silahsız devirmişdi– düşmən olsa da bunu etiraf etməyə məcbur görünürük. Və ilk məlumatlara görə seçki fəallığı İrəvanın mer seçkiləri zamanında olduğu kimi yenə də yüksək olmasa da hər halda, Paşinyanın ictimai dəstəyini tamamilə inkar etmək də olmaz–yox, insanlar hələ onun səsinə səs verirlər. Amma bunun da avans olduğunu başa düşmək lazımdır və o, bunu nə qədər tez anlasa bir o qədər yaxşıdır...

Həm də rəsmi nəticələri gözləməməyimizin bir səbəbi də Rusiya mediasının ürəksiz-ürəksiz inqilabçı baş nazirin heç bir problemsiz öz hakimiyyətini legitimləşdirəcəyi haqqındakı proqnozları oldu. Aydındır ki, Paşinyanın ən böyük rəqibi Kremlin dəstək verdiyi cinah ola bilərdi, di gəl, seçkidə belə cinah görünmədi. Odur ki, “böyük qardaşlarımız”ın seçki ilə bağlı təxminlərini sınamaq qərarına gəldik. Görək, nə olur...

Hüseynbala Səlimov
AzNews.az