Beynəlxalq münasibətləri dini baxışlar üzərində qurmağa edilən çağırışlar yersizdir. Beynəlxalq münasibətləri dini baxışlar üzərində qurmağa edilən çağırışlar yersizdir.

İNSAMER-in qeyri-səhih hesabatı

Beynəlxalq münasibətləri dini baxışlar üzərində qurmağa edilən çağırışlar yersizdir.

Türkiyədə İnsan və Sosial Araşdırmalar Mərkəzi (İNSAMER) deyilən bir təşklat var. Bu mərkəzin təməl prinsipi bölgədə və dünyadakı prosesləri təqib etmək, gələcəyə yönəlik proqnozlar vermək və ixtisaslı sahə hesabatları hazırlamaqdır.

Mərkəzin “İsrailin Cənubi Qafqaz Strategiyası” adlı son hesabatı isə onu göstərdi ki, bu təşkilat heç də nizamnaməsində deyildiyi kimi obyektiv və ya uzaqgörən deyil.

Sözügedən hesabata keçməzdən əvvəl İNSAMER-in kimliyinə qısaca nəzər salaq:

Mərkəz İnsani Kömək Vəqfı adlı fondun nəzdində yaradılıb. Həmin fond AKP-nin Yaxın Şərq siyasətində xüsusi rol oynayır. Fondun illik 150-200 milyon lirəlik büdcəsi var. Bu fond İsrailə və Bəşər Əsədə sərt mövqeyi ilə tanınır. Təsadüfi deyil ki, 2010-cu ildə İsraillə Mavi Mərmərə böhranına bu fond səbəb olmuşdu, İsrail hərbçiləri bu fondun gəmisinə hücum etmişdilər.

Ötən il fondun rəhbəri Fehmi Bülənd Yıldırm İsraillə əlaqələri tam kəsmədiyi üçün AKP-ni də tənqid etmişdi. Bu şəxs 2011-ci ilin oktyabrında jurnalist Sevil Nuriyeva ilə Bakıda mətbuat konfransı keçirmiş və birgə olaraq Azərbaycanın Yaxın Şərq siyasətinin, xüsusən İsrail siyasətinin Türkiyə ilə uzlaşdırılması haqda tələb səsləndirmişdilər.

“İsrailin Cənubi Qafqaz Strategiyası” adlı bu raportda da həmin tələb nisbətən yumşaq şəkildə səsləndirilib. Təsadüfi deyil ki, raportun əsas istinad qaynaqları arasında S.Nuriyevanın “Star” qəzetindəki yazıları da yer alır. Təhlili hissə nisbətən obyektiv olsa da iddia olunur ki, İsrail Azərbaycandan sui istifadə edir. Həmçinin, İran mediasının Azərbaycan ərazisindən İran əleyhinə kəşfiyyat, sui qəsdlər üçün istifadə edilməsi iddiaları təkrarlanır.

Yekun olaraq Azərbaycanın islam dünyasında təklənə biləcəyi qeyd olunur. Bu, müəyyən qədər təhdiddir. Hətta Türkiyənin Naxçıvanın təhlükəsizliyinə qarantor çıxış etdiyi Qars müqaviləsi xüsusi xatırlanır, guya Naxçıvan ərazisində İsrailin hərbi fəaliyyəti onları narahat edir.

Əlqərəz, İnformasiya ilə zəngin olan bu hesabatdakı bəzi informasiyaları İran mediası belə səsləndirməyib.

Əgər İNSAMER deyilən bu mərkəz daha səhih araşdırma aparsaydı və daha dəqiq hesabat hazırlasaydı, bilərdi ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv dövlətlərindən biridir. 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə İslam həmrəyliyi ili elan edildi. Həmin ildə ölkəmizin İslam Oyunlarına ev sahibliyi etdi. Bunlar təsadüfdürmü?!

Yaxud, Azərbaycan İsrail əlaqələri! Mərkəz məsələyə obyektiv mövqe sərgiləsəydi, İsraillə münasibətlərin digər müsəlman ölkələrinə qarşı yönəlmədiyini görərdi.

Əvvəla, İsrail Azərbaycan münasibətləri obyektiv səbəblərə söykənir. Azərbaycanda heç zaman antisemitizmin olmaması, Azərbaycanda tarixən güclü yəhudi diasporunun mövcudluğu bu münasibətlərin inkişafını şərtləndirir. Azərbaycan yəhudiləri İsrail və Qərb ölkələrində yəhudi lobbisi ilə Azərbaycan arasında körpü rolu oynayır. Bu əlaqələrdən Azərbaycan güclü erməni lobbisini neytrallaşdırmaq üçün istifadə etməyə, öz təhlükəsizliyini təmin etməyə çalışır. İsrail parlamentində bir neçə dəfə gündəliyə salınmış erməni soyqırımı tanınamsı məsələsi məhz Azərbaycanın səyi ilə və Azərbaycanla münasibətlərin xarakteri nəzər alınaraq çıxarılmışdır. Heç şübhəsiz ki, bu, həm də Türkiyənin dövlət mənafeyinə uyğundur.

Bundan başqa, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz, eyni zamanda, Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma kimi baxır.

Birmənalı olaraq, Azərbaycan Respublikası İsrail-Fələstin münaqişənin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir. Eyni zamanda, Azərbaycan tərəfi Fələstin dövləti ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görür və praktiki yardımlarını əsirgəmir. Misal;

  • 1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir.
  • 1995-ci ilin 22 oktyabrda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfat ilə görüşüb.
  • 2011-ci il iyunun 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın rəsmi qarşılanma mərasimi olub. Dövlət başçısı İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında bildirib: “Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fələstin Dövlətinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır”.
  • Fələstinə beynəlxalq dəstəyin aktivləşdirilməsi məqsədilə Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafı üçün strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfranslara ev sahibliyi etmiş və bu məqsədlə əhəmiyyətli miqdarda ianə verib.
  • Azərbaycan Hökuməti Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
  • Azərbaycan ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım göstərib.

Bir sözlə, ölkəmiz hər zaman beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında Fələstinə dəstək verib. Bu dəstək Fələstin tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Azərbaycan Fələstin məsələsini BMT TŞ-nın qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil edib.

Beləliklə, öAzərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin fəaliyyətini tənqid edən 20-dən artıq qətnamənin lehinə səs verib.

Bu gün Azərbaycan bir çox müsəlman ölkəsindən fərqli olaraq, hər bir dövlətlə o cümlədən İsriallə gizli, pərdəarası əlaqlərə deyil, beynəlxalq hüquqa dayanan legitim, şəffaf münasibətlərə üstünlük verir. Azərnaycanla yanaşı, İordaniya, Oman, Misir, Səudiyyə kimi ərəb ölkələrinin də İsraillə sıx əlaqələri var. O da məlumdur ki, İsrailin legitimliyi bütün müsəlman dünyasında mübahisəli sayılan ilk vaxtlarda yalnız İran və Türkiyə İsraillə xüsusi əlaqələrə malik idi. 1977-ci il Kemp David sülh müqaviləsi ilə Misir də İsrailin müsəlman dünyasında legitimləşdirlməsi yolu tutdu. Yəni Azərbaycan müstəqilliyini əldə etdiyi və İsraillə diplomatik münasibətlər qurduğu zaman İsrail artıq müsəlman dünyasında qəbul edilmək səddini aşmışdı.

Eyni zamanda, İsraillə əlaqələr AKP hökuməti tərəfindən də heç zaman tam kəsilməyib, buna görə hesabatı hazırlamış fondun rəhbəri Fehmi Bülənd Yıldırım tərəfindən tənqid olunub.

Amma o da həqiqətdir ki, Türkiyə siyasəti belə klerikal, din mərkəzli qurumların istəkləri üzərində qurulmur və qurula da bilməz. Sözügedən vəqfin və onun nəzdindəki mərkəzin din-məzhəb mərkəzli siyasət yürütmə çağırışları, Türkiyənin xarici siyasətinə müdaxilə cəhdləri, o cümlədən İsraillə münasibətlərin diplomatik böhran həddinə çatmasına səbəb olmuş addımları türk mediası və siyasi çevrələrində də birmənalı qarşılanmır, ciddi etirazlar doğurur.

Hesab edirik ki, bu cür təsdiqlənməmiş informasiyaların bu formada təqdimatı və sıralanması yanlış nəticələr çıxarmağa səbəb ola bilər. Ən əsası da bu, Türkiyənin milli görüş cərəyanına yaxın elitanın ictimai rəyini əks etdirən və ya belə rəy formalaşdıran qurumun mövqeyi kimi nəzərə alınmalıdır.

Azərbaycan isə hər zaman öz xarici siyasətində milli maraqları və beynəlxalq hüququ əsas götürür. Bu zaman təbii olaraq müttəfiq ölklərin mənafelərini nəzərə alır. Həyata keçirdiyi siyasət və layihələr bütün bölgədə əməkdaşlıq, dostluq mühitinin güclənməsinə xidmət edir. Beynəlxalq münasibətləri dini baxışlar üzərində qurmağa edilən çağırışlar isə sadəcə olaraq yersizdir.

Elgün MƏNSİMOV
AzNews.az