Bu dəfə işarə İrəvandan gəlməlidir

Bu, Paşinyanın qələbəsindən daha çox Kremlin daha tədbirli davranması ilə bağlıdır...

Yox, heç də demirik ki, kaş Rusiya Ermənistana göndərdiyi qazın qiymətini elə qaldıraydı ki, erməni uşaqları qışı soyuq, isinməmiş mənzilllərdə donaraq keçirəydilər. Bizim ermənilərdən fərqimiz də elə bundadır, hətta nifrətimizin də bəlli insani sərhədləri var.

Amma o biri tərəfdən də Xocalıda qətlə yetirilmiş uşaqlar, cəmi iki il bundan əvvəl öldürülmüş bapbalaca Zəhra yada düşür və düşünürsən ki, canım, sən nə qədər rəhmli və insaflı olursan ol, çaqqal yuvasında yenə də çaqqal böyüyəcək...

Nə isə... Belə məlum oldu ki, Nikol müəllim cəmi 15 dollar ziyana düşməklə qaz təhlükəsini birtəhər sovuşdura bilibdi, üstəlik dedilər ki, baş nazir guya bəyan edibdi ki, sıravi istehlakçılarçün qazın qiymətində dəyişiklik olmayacaq.

Amma düşünürük ki, bu, Paşinyanın qələbəsindən daha çox Kremlin daha tədbirli davranması ilə bağlıdır. Görünür, Moskva tələsik addımlarla Ermənistandakı anti - Rusiya ovqatını bir az da gücləndirmək və N.Paşinyanın mövqelərini daha da möhkəmləndirmək istəmir– hələki səbrlə proseslərin hara yan alacağını təxmin etməyə çalışırlar.

Həm də ki, İranı çıxmaqla İrəvanın başqa bir yerdən qaz almaq imkanları yoxdur. Odur ki, qazın qiymətini qaldırmaq Rusiyanın əlində həmişə kəsərli üsullardan biri kimi qalır və deyilənə görə, tərəflər hələki yalnız 2019-cu il üçün razılıq əldə edə bilib və odur ki, bunu da İrəvana ağılını başına yığmaq üçün verilmiş bir şans kimi qəbul etmək lazımdır.

Amma rusiyalı politoloqlar, xüsusən də Kremlin siyasi mətbəxinə yaxın olanlar daha kəskin notlara kökləniblər.

O gün onlardan biri deyirdi ki, Ermənistan üçün artıq ərköyünlük dövrü bitibdir.

Fəqət, real siyasət adamları daha tədbirli və təmkinli davranmağa üstünlük verirlər. Bu isə son nəticədə N.Paşinyanın nə qədər təmkinli və tədbirli olmasından asılı olacaq.

Paşinyan isə hələki baş nazir vəzifəsini icra edəndən əsl baş nazirə çevrilmək uğrunda çalışmaqdadır. Artıq özü də daxil olmaqla bir neçə həmkarı deputat mandatından imtina etməyə qərar veriblər. Bu adamlar yeni kabinetin üzvləri olacaqlar. Düşünürük ki, proses yanvarda tamam yekunlaşacaq.

Bəli, hiss etdiyiniz kimi, biz də tələsirik. Ona görə ki, növbəti hakimiyyətin Qarabağ problemilə bağlı əsl məramını bilmək istəyirik və bizə elə gəlir ki, Kremlin əsas səyləri daha çox “DQR” ilə Paşinyan arasındakı uçurumu dərinləşdirməyə və Qarabağı İrəvanın nəzarətindən çıxarmağa yönələcək.

Hər halda, bizə elə gəlir ki, Moskva Dağlıq Qarabağ hərbi-siyasi teatrındakı mövqelərini itirsə, bu, onun üçün ən böyük səhv olar və hətta bölgədə geosiyasi balansın pozulmasına gətirib çıxara bilər.

Bütün hallarda, düşünürük ki, yenicə girmiş il çox sualları cavablandıracaq və biz Qarabağ müstəvisində də çox suallara cavab tapa biləcəyik.

O ki qaldı Nikol Paşinyan cənablarının hökumət başçısı kimi edəcəklərinə, motivlər fərqli olsa da, onun Qarabağ klanının üzvlərini təqib etməsi ümumi işin xeyrinədir–on illərlə erməni cəmiyyətinə “milli qəhrəmanlar” kimi təqdim edilmiş adamların adi bir oğrular, korrupsiyalaşmış quldur dəstəsi olduğu aydınlaşır, insanlar istər-istəməz düşünməyə başlayır, çox şeyi yenidən götür-qoy edirlər ki, bu adamların illərlə təlqin etdikləri şüarların arxasınca getməyə dəyərmi?..

Bizə elə gəlir ki, müəyyən qədər dəyişiklik olmalıdır. Nə qədər olacaq, hansı istiqamətdə baş verəcək – onu bu il biləcəyik. Bizim siyasətimizə gəldikdə isə, düşünürük ki, bu vaxta qədərki xətti davam etdirmək və bu axmaq ölkəni sıxmaq lazımdı. Əlbəttə ki, vəziyyət Nikol müəllimin bizə göstərəcəyi jestdən də asılı olacaq – ağıllarını başlarına yığsalar vəziyyət dəyişə də bilər.

Amma hələki bunun əlamətlərini görmürük -Paşinyan hətta Türkiyə ilə münasibətləri yalnız irəlicədən hər hansı bir şərt diqtə edilməyəcəyi halda inkişaf etdirməyə hazır olduğunu bildirir– bəli, bunlar Qarabağın işğalını davam etdirməli, dünyada Türkiyəyə qarşı kampaniya aparmalıdı, di gəl, bütün bunlara rəğmən, Ankara Ermənistan üçün sərhədi açmalı və onunla hətta ticari-iqtisadi əməkdaşlığa başlamalıldır!

Bəli, belə həyasızlıqla yalnız ermənilər düşünə bilər. Azərbaycan müəyyən jestlər edir, İrəvanın yeni hakimiyyətilə dialoqa hazır olduğunu göstərməyə çalışır: Ermənistanla sərhədimizin bir hissəsinin sərhəd qoşunlarının nəzarətinə verilməsi, Dağlıq Qarabağın azərbaycanlı icmasındakı bəzi dəyişikliklər, hətta icmalararası danışıqların bərpasına yönəlik çağırışlar–bunların hamısını müəyyən işarə tək qəbul etmək olar.

Di gəl, hələki erməni tərəfdən bunun qarşılığını hələ görmürük. Ümid edirik ki, 2019–cu il Paşinyanın da maskasını yırtacaq; təkrar deyirik ki, proses müəyyən aydınlaşma mərhələsinə adlamalıdır. Amma bizim də gözləmə limitimiz olmalıdır: əbədi olaraq seyrçi mövqe tuta bilmərik və bu baxımdan Ermənistana konkret vaxt verməyə çağıranlar da heç də tamam haqsız görünmürlər: Moskva da, İrəvan da düşünür ki, elə belə də davam edəcəkdir, sanki Bakının səbrinin heç hüdudu yoxdur...

Biz müsəlmanlar Allahın bir adının da Səbr olduğunu deyirik, amma unuduruq ki, hətta Allah da zülmə və təcavüzə dözümsüz olmağı, onlarla barışmamağı hökm edir...

Hüseynbala Səlimov
AzNews.az