Paşinyan qaranlıq otaqda qara pişik axtarır... Paşinyan qaranlıq otaqda qara pişik axtarır...

Vaxt fevrala adladı və...

Paşinyan qaranlıq otaqda qara pişik axtarır...

Çoxdanın, özü də ki, lap çoxdanın söhbətidir. Tələbəlik vaxtında baxdığım bir fransız filmini hələ də unuda bilmirəm.

Nə başınızı ağrıdım, film Afrikada yerləşən bir fransız qarnizonundan bəhs edirdi.

Hər gün həyəcan siqnalı verilir və hərbçilər də döyüş yerlərini tuturdular, amma müharibə başlamırdı ki, başlamırdı. Elə film də belə bir vəziyyətdə insanların yaşadığı gərgin psixoloji durum haqqında idi.

Nəhayət, bir gün müharibə başlayır və hərbçilər bunu qeyri-adi sevinclə, az qala, qurtuluş kimi qarşılayırlar...

Elə bizim Dağlıq Qarabağ prosesində də bir üzücülük var. On illərlə davam edən və hələ ki, heç bir nəticə verməyən üzücü danışıqlar və bir də onların yaratdığı ağır psixoloji atmosfer...

Odur ki, hər dəfə Qarabağ problemi haqqında yazanda ixtiyarsız olaraq həmin fransız filmini xatırlayıram...

Yox, demirəm ki, mütləq müharibə olmalıdır. Əlbəttə, müharibə bütün hallarda həm də canlı itkilər deməkdir. Amma bəzən psixoloji cəhətdən elə bir vəziyyətə gəlirsən ki, düşünürsən, müharibə elə həqiqətən, bu cür ağır və əsəbi durumdan qurtuluş olardı...

Qərəz, təxminən bir ildir ki,ermənilərin “məxməri inqilab”larının bitməsini, bu axmaq ölkədə yeni hökumətin qurulmasını gözləyirik və bir məsələnin intizarındayıq: görək, axır bunların inqilabi hökumətinin məqsədi və məramı nə olacaq? Bunlar devirdikləri S.Sarqsyanın yolu ilə gedəcək, yoxsa adam kimi siyasət aparacaqlar?..

Yanvarda deyilmişdi ki, N.Paşinyana yeni hökuməti təşkil etmək üçün 15 gün vaxt verilib. Artıq fevraldır və düşünmək olar ki, nəhayət, bunlar təptəzə hökumətlərini elan edəcəklər və biz də işimizi biləcəyik.

Hələlik isə yeni, xüsusi diqqət çəkən bir şey yoxdur. Düzdür, yanvar ayında Ermənistanın baş naziri hiss olunacaq diplomatik fəallıq göstərdi: əvvəl Davos və Moskva, daha sonra isə Almaniyaya rəsmi səfər...

Amma bizim fikrimizcə, N.Paşinyanın “diplomatik qrafik”ində ən maraqlı məqam tamam başqa faktdır; fevralın təxminən sonlarında o, qonşu İrana rəsmi səfərə hazırlaşır.

Siyasi analitiklər və politoloqlar artıq qarşıdakı bu səfərlə bağlı ən müxtəlif sxemlər qururlar. Bir çoxu belə hesab edir ki, Almaniyaya baş çəkməklə Paşinyan işarə verdi ki, müəyyən şərtlər daxilində, daha dəqiq desək, siyasi və xüsusən iqtisadi dəstək müqabilində ölkəsi Tehrana qarşı iqtisadi sanksiyalara qoşula bilər.

Amma bizə elə gəlir ki, müvafiq izahı bir qədər fərqli müstəvidə axtarmaq lazımdır, ən azı ona görə ki, heç Avropa ölkələrinin özləri belə ABŞ-ın tələblərinə rəğmən İrana qarşı sanksiyalara dəstək veməyə elə də tələsmirlər, əksinə, bundan yayınmaq üçün müxtəlif sxemlər qururlar.

Yada salaq ki, elə bu günlərdə erməni baş nazir çox maraqlı bir bəyanatla çıxış etmiş və bildirmişdi ki, neft və qaz boruları Ermənistan ərazisindən də keçsəydi çox yaxşı olardı. Ona görə də qarşıdakı İran səfərinə məhz bu prizmadan yanaşmaq lazımdır – N.Paşinyan ölkəsini onun düşdüyü sosial-iqtisadi dalandan çıxarmaq üçün çıxış arayır...

İran neftini və ya qazını Ermənistan üzərindən nəql etmək qonşularımızın çoxdankı arzusudur. Bu ölkənin siyasət və diplomatiya adamları dəfələrlə bu cür bəyanatlarla çıxış ediblər və düşünüblər ki, enerji resurslarının nəql olunması üçün qurulan Bakı-Tiflis əməkdaşlıq modelini Tehran-İrəvan müstəvisində də təkrar edə bilərlər.

Amma bəlli olduğu kimi, bu cür meqa-layihələr çox böyük kapital qoyuluşu - ciddi investisiyalar tələb edir, hansılar ki, hazırda nə İranın sərəncamında var, nə də ki, Ermənistanın.

Hələ onu demirik ki, İran daim belə bir detalı diqqətdə saxlayır (və yaxud da saxlamağa məcburdur!) ki, Ermənistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsi qonşu Bakının sərt, amma haqlı və ədalətli etirazı ilə qarşılaşa bilər.

Üstəlik, İranı Azərbaycanla təkcə adicə coğrafiya deyil, həm də çox dərin etno-mədəni və dini köklər bağlayır və bunların üstündən tamamilə xətt çəkmək elə də asan məsələ deyil.

Elə bir iqtisadi tərəfdaş - partnyor kimi də Azərbaycan İran üçün daha önəmli və sərfəli tərəfdaşdır, nəinki dılğır Ermənistan.

Amma regional geoiqtisadi reallıqlar ermənilər üçün qətiyyən maneə deyil, daim reallaşması mümkünsüz planlar qurmaq artıq bizim qonşularımızın bir növ milli xislətidir. Söhbət yalnız enerji resurslarının nəqlindən də getmir, hələ S.Sarqsyanın vaxtında bunlar Ermənistanı Avrasiya İqtisadi Birliyilə İran arasında özünəməxsus körpüyə çevirməyə və İranla birgə Şimal - Cənub tranzit dəhlizini reallaşdırmağa çalışırdılar.

Amma məlumdur ki, İran onda Azərbaycanla işləməyə üstünlük verdi. Di gəl, buna baxmayaraq, Ankara-Tiflis–Bakı üçbucağına bənzər alternativ Moskva-Tehran-İrəvan geoiqtisadi üçbucağı qurmaq fikirləri erməniləri hələ də rahat buraxmır – özü də elə bir vəziyyətdə ki, bu axmaq və dilənçi ölkənin hətta öz vətəndaşlarının elementar sosial problemlərini belə qarşılamaq üçün imkanı yoxdur, ondan qala, böyük regional və subregional layihələr ola...

Düşünürük ki, N.Paşinyanın qarşıdakı İran səfərinin geosiyasi çalarları da var. Erməni lobbisinin səylərinə rəğmən D.Tramp Paşinyanı yüksək qəbulla şərəfləndirmədi. Odur, istisna deyildir ki, qarşıdakı səfər həm də Vaşinqtona incə bir işarədir.

Paşinyanın siyasətindəki çabalara, vurnuxmalara baxanda adamın beynindən yalnız bircə fikir keçir: bu başabəla siyasətçi qaranlıq otaqda qara pişik axtarır və özü də yaşı bilir ki, həmin otaqda heç bir pişik-filan yoxdur.

Burada yada Gürcüstanın M.Saakaşvili dönəmindən bir detal düşür. Xatırlayırıq ki, Bakıya gələn M.Saakaşvili dedi ki, mən köməyi və dəstəyi Avropada, okeanın o biri tayında - ABŞ-da axtarırdım, amma onu Bakıda tapdım!

İndi Paşinyanın neft və qaz kəmərləri bağlı dediklərini dinləyəndə ixtiyarsız olaraq demək istəyirsən ki, axı Bakı bunları da sizə dəfələrlə təklif etmişdi, amma siz real və sərfəli dividendləri deyil, irreal-sərsəm planlarınızı üstün tutdunuz!..

Bəli, irreal və sərsəm planlar, onların fonunda heç bir məntiqi zəncirə düzülə bilməyən elə sərsəm də bəyanatlar – Paşinyanın hələ ki, nümayiş etdirdiyi siyasət budur. Digər bir tərəfdən də Kremlin də apardığı bundan da ziddiyyətli siyasət – gah işğal olunmuş Azərbaycan rayonlarının qaytarılması üçün hər şeyin hazır olduğunu deyirlər, gah da ermənilərə ən müasir qırıcı təyyarələr hədiyyə edirlər...

Düzdür, “təyyarə məsələsi”nin Paşinyan hakimiyyətinin daxili auditoriyaya unvanlanan yalanı olduğu da deyilir və bu ehtimal yetərincə ağlabatan təsir bağışlayır – Moskvaya ən sonuncu səfəri Paşinyan üçün tamam biabırçı oldu, çünki V.Putin özünün iş qrafikində onu şərəfləndirmək üçün yarım saat vaxt tapa bilmədi və o səbəbdən də sual yaranır: bunlar qırıcı təyyarə alış-verişini nə vaxt müzakirə etdilər ki?..

Odur ki, adamın yadına bir daha yazının əvvəlində dediyim film düşür: Bəli, Afrikada hərbi qarnizon. Hər gün həyəcan siqnalı verilir. Hərbçilər də qaçıb sevincək yerlərini tuturlar. Hər gün belə davam edir. Və bir gün müharibə həqiqətən də başlayır...

Hüseynbala Səlimov
AzNews.az