Azərbaycanda bələdiyyə seçkilərinə maraq niyə zəifdir?

Bu ilin sonunda Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Siyasi qüvvələrin, sayca beşinci olacaq bələdiyyə seçkilərinə hazırlığı, ümumiyyətlə seçki ilinin ab-havası hiss olunurmu? Təbii ki yox!

Siyasi partiyalar içərisində hələ ki, yalnız Yeni Azərbaycan Partiyasının icra katibi, sədr müavini Əli Əhmədov təmsil etdiyi siyasi partiyanın seçkilərə hazırlaşdığını bəyan edib. O deyib ki, gənclərin bu seçkilərdə namizəd qismində iştirak etməsinə üstünlük verəcəklər. Əlbəttə, məsələnin bu tərəfi alqışa layiq və çox müsbət haldır.

Amma xoşagəlməyən bir cəhət var ki, Azərbaycanda bələdiyyə seçkilərinə maraq zəifdir, bu hal bizə yaxın olan Türkiyə ilə müqayisədə hər dəfə daha qabarıq üzə çıxır. Hazırda Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq olduqca gərgin siyasi mübarizə şəraitində aparılır. Müqayisə Türkiyənin çoxillik bələdiyyəçilik təcrübəsinə görə qüsurlu sayıla bilər! Lakin Azərbaycanın da artıq bu idarəçilik forması ilə razılaşmasından 20 ilə yaxın müddət keçir.

Həmişə olduğu kimi, bu ilki bələdiyyə seçkilərinin də Azərbaycanda eyni ab-havada olacağı görünməkdədir. Səbəblər haqda hər zaman düşünmək gərəkdir.

Müxalifətin bir qismi iddia edir ki, bələdiyyə seçkilərinə maraq seçkilərin demokratik olub-olmamasına ictimai rəydə inamın azlığıdır. Daha doğrusu, seçki yarışı alternativlərlə aparıldığı üçün müxalifəti təmsil edən təşkilatlar bələdiyyə seçkilərinə maraq göstərmir, bunu isə seçkidə qanun pozuntularının olacağı ilə əsaslandırmağa çalışır. Amma əsassız arqument üzərində dayanılır. Elə isə parlament və prezident seçkilərində niyə eyni mövqe seçilmir? Saxtalaşırsa, bu seçkilərdə də saxtalaşır. Saxtalaşmırsa, demək o biri seçkidə də saxtalaşma olmur. Ya da müxalifətə ittiham kimi səslənsə də, xarici təşkilatlar bu seçkidə fəallığa təlimat vermir, maddi vəsaitlə dəstək göstərmir.

Hər şeyi öz adıyla çağırmaq lazımdır və bələdiyyə institutunun tam formalaşmaması bu seçkilərin sönüklüyündə başlıca səbəb kimi çıxış edir.

Azərbaycanda bələdiyyələr öz səlahiyyətlərindən yetərincə istifadə etmir. Hansı ki, qanunvericilik bu instituta heç də məhdud olmayan səlahiyyətlər verib.

Etiraf etmək lazımdır ki, bizdə bələdiyyələri ilk dəfə daha çox torpaq satmağa meyllənməsi halları gözdən saldı. Bu, parlamentdə də səslənib, hətta bir neçə bələdiyyənin fəaliyyəti məhkəmə səviyyəsinə qədər gedib çatıb.

İcra hakimiyyətləri ilə onların arasındakı səlahiyyətin sərhədləri tam dəqiqləşib desək, yanılmış olarıq. Bəzən eyni funksiyaları yerinə yetirmək, bəzən yerinə yetirilməli məsələlərdə yaranan anlaşılmazlıq bələdiyyə strukturunun işini axsadır.

Zənnimizcə, seçkidən əvvəl bu institutun özünə nəfəs vermək gərəkdir ki, ayağa qalxa bilsin!

Zibil qutuları aşıb-daşmasın, vaxtında daşınsın. Şəhərin toz-torpağını yatıran su maşınları sübh tezdən işə başlasın. Parklar, istirahət yerləri mütəmadi zibildən təmizlənsin! Yaşıllıq qorunub saxlansın, qulluq görsün!

Beləcə, bələdiyyə öz mövcudluğunu sübut etmək imkanı qazansın!

Elman Babayev