Onlar etnik separatizmin nə olduğunu çox yaxşı bilirlər... Onlar etnik separatizmin nə olduğunu çox yaxşı bilirlər...

Gürcüstandan keçən “erməni arzusu”…

Onlar etnik separatizmin nə olduğunu çox yaxşı bilirlər...

Ciddi bir şəkildə Azərbaycan ərazilərinin azad edilməsi haqda danışmağa başlamaqdansa, Azərbaycan və Türkiyə ilə yeni münasibətlərə start verməkdənsə erməni baş naziri N.Paşinyan ölkəsini ağır sosial-siyasi durumdan və “regional tənhalıq”dan “çıxarmaq üçün” dolayı yollar axtarmaqda davam edir.

Onun qonşu Gürcüstana tez–tez baş tutan “intim” səfərləri haqda artıq əvvəlki yazılarda xeyli yazmışıq.

Amma N.Paşinyanın Gürcüstana marağı yalnız onunla bağlı deyil ki, bu adam gözəl günlərin birində Tiflisin də Azərbaycan və Türkiyənin Ermənistana qarşı apardığı təcridetmə siyasətində yer alacağından və bununla da demək olar ki, Ermənistanın ətrafındakı izolyasiya həlqəsini qapayacağından narahatdır.

Yox, məsələ bundadır ki, indi vəzifədən də, millətinin gözündən də düşən və yalnız prokurorlara, müstəntiqlərə maraqlı olan eks-prezident S.Sarqsyanın vaxtında Ermənistan və Gürcüstan hökumətləri arasında Ermənistanı Rusiya ilə birləşdirən nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılmağa başlanılmışdı.

Bu vaxta qədər əsas problem onda idi ki, hipotetik dəhliz qismən separatist Abxaziyanı və Cənubi Osetiyanı da əhatə etməli idi, bu isə məlum səbəblərdən Gürcüstanın maraqlarına cavab vermirdi. Əks təqdirdə Tiflisdə İrəvanın layihəsinə bu qədər müqavimət göstərməzdilər, baxmayaraq ki, layihə nə iqtisadi, nə də siyasi baxımdan onun maraqlarına cavab vermir.

Layihənin iqtisadi səmərəsizliyi haqda gürcü ekspertləri hamıdan çox danışır və yazırlar. O ki qaldı layihənin siyasi tərəfinə, güman ki, gürcü siyasətçiləri və ya diplomatları ölkələrinin Ermənistanla yaxınlaşmasının indiki şəraitdə -Azərbaycana qarşı erməni təcavüzünün davam etdiyi bir vaxtda Bakının və eləcə də gənc Gürcüstanın müstəqilliyi və suverenliyi üçün heç də az iş görməmiş Ankaranın maraqlarına cavab vermədiyinin fərqindədirlər.

Amma təəssüflə bildirmək lazım gəlir ki, gürcü siyasi-diplomatik isteblişmentinin təmsilçilərinin davranışında biz Azərbaycana münasibətdə simmetrik səmimiyyəti sezmirik – bu ölkədə gah mövcud toponimikanı dəyişməyə, yaşayış məskənlərinin adlarını türkcədən gürcü dilinə çevirməyə girişir və gah da ki, Xocalı soyqırımını törətmiş erməni cəlladlarının şərəfinə abidələr qoyurlar....

Hərçənd, gürcü siyasətçiləri və diplomatları, ictimaiyyətçiləri və jurnalistləri “tərəddüd anları”nda, onları “xristian həmrəyliyi” hisləri narahat edəndə bir mühüm və ibrətamiz sual üzərində düşünə bilərdilər: Azərbaycanın və Türkiyənin köməyi və dəstəyi olmasaydı Gürcüstanı indi nələr gözlərdi? Vaxtilə Gürcüstan prezidenti E.Şevardnadze birbaşa MDB ölkələrinin toplantısında boş yerə “Bizim böyük qardaşımız var və o, Heydər Əliyevdir!” deyərdimi?!.

Əlbəttə böyük regional layihələri həyata keçirərkən Gürcüstan da bizimlə risqləri və təhlükələri bölüşürdü – biz bunu unutmuruq və çox yüksək dərəcədə qiymətləndiririk. Axı Kreml strateqləri daim deyirdilər ki, Azərbaycana toxunmaq lazım deyil, Gürcüstanı götürmək yetər ki, ertəsi gün azərbaycanlılar Kremlin darvazaları önündə növbə tutsunlar!..

Amma onlar nə Gürcüstanı götürə bildilər, nə də ki, azərbaycanlılar Kreml darvazaları önündə növbə tutdular; hamısı da onun nəticəsində ki, Bakı və Tiflis birgə hərəkət etdilər, birgə çalışdılar, nə ağır dəqiqələrdə, nə də şad günlərdə biri-birilərini tək qoymadılar.

Əlbəttə, indi də iki qonşunun münasibətlərində hansısa ciddi və hiss olunacaq “çat”lar və ya ixtilaflar yoxdur; çox güman ki, bu il Bakı-Tiflis- Qars dəmiryolu bütün gücü ilə işləməyə başlayacaq. Üstəlik, bir də görəcəksən ki, bir-iki ildən sonra əsrin daha bir əfsanəsi– birgə böyük qaz layihəsi də işə düşdü...

Bununla belə ürəklərdə yenə müəyyən inciklik qalmaqdadı. Birincisi, Rusiya mənbələrinə inansaq, ermənilərə Gürcüstandan geniş dəhliz açılması ilə bağlı danışıqlarda xeyli irəliləmə var, hətta deyilir ki, məsələ bugün–sabah həll olacaq. Sözsüz ki, bu, bizi narahat etməyə bilməz.

İkincisi, gürcülər öz təcrübələrində etnik-millətçiliyin və ya etnik separatizmin nə olduğunu çox yaxşıca bilirlər. Əgər Bakıda və yaxud da Azərbaycanın hər hansı başqa rayonunda, məsələn, gürcü-abxaz və yaxud da gürcü-rus müharibəsinin “qəhrəmanları”na abidələr qoyulsaydı Tiflis bunlara necə baxardı?..

Bəli, gürcülər deyə bilər ki, onlar demokratik ölkədə yaşayırlar və bu ölkədə xalqlar “qəhrəman”larının xatirəsini əbədiləşdriməkdə tamam azaddırlar, hətta bəzi hallarda bunun üçün mərkəzi hökumətin icazəsini də almağa ehtiyac duymurlar.

Razılaşın ki, təmiz demaqoqiyadan və ağ yalandan başqa bir şey deyil bu. Gürcüstan hələ ki post - liberal Hollandiya deyil və biz gözəl bilirik ki, onlar ölkələrində yaşayan etnik azlıqların bəzi təşəbbüslərinə necə bir qısqanclıqla yanaşırlar!..

Ən vacibisə başqa detaldır. Biz – azərbaycanlılar və gürcülər daim gileylənirlərik ki, Dünya birliyi, böyük dövlətlər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü məsələsində birmənalı, dəqiq siyasət apamırlar, etnik separatizmə adekvat qiymət vermirlər, hansı ki, təkcə acı və ikrahdoğurucu dərəcədə yalançı siyasi, eybəcər dərəcədə millətçi bəyanatlarla və yalnız inzibati separatizmlə müşayiət olunmur, burada əsl müharibə gedir və müharibədə də gənclər, bir çox hallardasa uşaqlar, qocalar və qadınlar tələf olurlar.

Odur ki, bir suala cavab verək: Bəs özümüz necə? Özümüz yalnız öz ərazimizdə deyil, qonşularımızın da ərazisində etnik separatizmin bütün təzahürlərinə birmənalı və ədalətli qiymət vermişikmi?

Düşünürük, hamı razılaşar ki, Bakı bu məsələdə daha ardıcıl siyasət yürüdür, hansını ki, çox təəssüf ki, rəsmi Tiflis haqqında demək olmur. Bu səbəbdən də, necə deyərlər, hər şeydə vurğuları düzgün qoymağın vaxtıdır – bəli, tamam maskasız və ikiüzlü siyasət olmadan...

Hüseynbala Səlimov
AzNews.az