Türkiyənin bu xoş məramı haqqında Fransa da məlumatlıdır. Türkiyənin bu xoş məramı haqqında Fransa da məlumatlıdır.

Fransa prezidentinin erməni xisləti

Türkiyənin bu xoş məramı haqqında Fransa da məlumatlıdır.

Fransa prezidenti Emmanuel Makron ermənilərə sözünü tutduğunu sübut etmək üçün bir açıqlama verib. Bildirib ki, bundan sonra onun ölkəsi 24 apreli “erməni soyqırımının xatirə günü” kimi qeyd edəcək. Yəni Fransa minlərlə km uzaqda olan ermənilərin boş və əsassız iddiasını tam ciddiyə alır, hələ fransızların o iddianın işığına toplaşmasını öhdəliyə çevirir…

“Türklər nə etdiklərini bilirdi və bu gün peşmanlıq duymalarını zəruri edən bir əsas yoxdur.” Bu fikir 1918-ci ildə Azərbaycan torpaqları hesabına qurulmuş Ermənistan dövlətinin baş naziri olmuş Ovanes Kaçaznuniyə aiddir. O, 1923-cü ildə Daşnaksutyun Partiyasının qurultayında hesabatla çıxış etmiş, türklərlə yaşanmış qanlı olaylara görə elə ermənilərin səbəbkar olduğunu demişdi.

Ovanes Kaçaznuni onu da etiraf etmişdi ki, ermənilərin özəllikləri onların hər şeydə hər kəsi günahlandırmasına səbəb olur.

“Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini kənarda axtarmaq milli psixologiyamızın xarakterik bir özəlliyidir və Daşnaksutyun Partiyası da bundan qaça bilməmişdir”, – deyirdi O.Kaçaznuni. Yəni anlaşılan odur ki, ermənilərin ən öndə gedənləri belə bir zamanlar özlərinin kim olduqlarını yaxşı anlayır, türklərlə münasibətlərin qanlı olaylara səbəb olmasında özlərini günahkar bilirdi.

Bu sitatları gətirməkdə məqsədimiz odur ki, ermənilərin tarixin o dönəmində öndə gedənlərinin belə saxtalığını dilə gətirdiyi olayları Fransanın gerçəklik kimi qəbul etməsinə təəccübümüzü ifadə edək.

Necə olur ki, ermənilər özləri 1915-ci il hadisələrini illər uzunu soyqırım – kütləvi qırğın kimi qəbul etmir, amma aradan 100 il keçəndən sonra Fransa durub bunu belə qəbul edir? Maraq nədir, məqsəd nədir?

Açıq türk düşmənliyidir bu! Özü də tipik fransız düşmənliyi! İndi biz də qalxıb bunlara xatırlatmalıyıq. Ki, sənin millətin və dövlətin Əlcəzairdə dinc insanları aşağılayanda, qadınları lüt soyundurub sıraya düzəndə, hər gün minlərlə sakini qanına qəltan edəndə soyqırım sayılmır, amma ermənilərin öz günahı ucbatından qanlarının axması soyqırım sayılır?

Hələ bunlar bir yana, məgər o Türkiyə deyilmi ki, illərdir Ermənistanı arxivləri açmağa, ortaq komissiya qurub araşdırma aparmağa çağıran? Bundan da məqsəd tarixi gerçəklərin aşkara çıxarılmasıdır. Amma Ermənistan davamlı olaraq bu çağırışları rədd edir. Niyə? Ona görə ki, gerçəklər üzə çıxsa soyqırım nağıllarına heç kimi inandırmaq olmayacaq…

Türkiyənin bu xoş məramı haqqında Fransa da məlumatlıdır. Əslində, Fransa bu çağırışın gerçəkləşməsi üçün çalışmalı, bunda maraqlı olmalıdır. Amma göründüyü kimi, nəinki maraqlı deyil, əksinə, hətta çalışır ki, ermənilərlə birlikdə davranıb yalanlara həqiqət donu geyindirsin.

Hələ onu da qeyd edək ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir. Yəni bu dövlət erməni məsələsində tərəfsizliyini qorumağa borcludur. Amma göründüyü kimi, nəinki qorumur, hələ nümayişkaranə şəkildə ermənipərəst mövqedən çıxış edir. Hətta bəzən ermənilərin özlərini belə kölgədə qoyacaq dərəcədə.

…Tərəfsizliyini çoxdan itirmiş Fransanın bu ermənipərəst mövqeyi Qarabağ münaqişəsinin həllinin yubanma səbəblərinin başında gəlir. Hələ onu da əlavə edək ki, öz naşılığıyla Fransanı Avropanın ən qeyri-sabit ölkəsinə çevirmiş Emmanuel Makronun prezidentliyə başlamasından sonra bu ölkədə həm də erməni təəssübkeşliyinə yaşıl işıq yandırılıb. Bu adam bir dövlət rəhbəri olaraq öz ölkəsinin sabitliyini təmin etməkdə aciz olduğu halda yüz il öncəyə aid bir uydurmanı ciddiyə alacaq qədər qeyri-ciddi davranır. Halbuki bir dövlət başçısının davranışları təmkinli olmalı, qərarlar emosiyalarla deyil, ağılla verilməlidir. Lakin görünən odur ki, E.Makron içindəki klassik türk düşmənliyini yenə bilmədiyi üçün emosional davranır. Özü də Fransanın ən çətin günlərini yaşadığı bir dövrdə. İndi belə bir adamın dövlətinin də həmsəsdrlik etdiyi ATƏT-in Minsk Qrupundan ədalətli və təmkinli həll gözləyə bilərikmi? Əsla!

ATƏT-in Minsk Qrupu qurulanda ona həmsədrlik edəcək dövlətlər arasında Fransanın olmasına Azərbaycanın razılıq verməsi bir lütf idi. Fransa bu lütfü layiqincə dəyərləndirib bölgəmizdə mövqelərini uzun müddətə möhkəmləndirə bilərdi. Lakin hər keçən müddət ərzində bu ölkənin başına gələn yeni rəhbərlərin naşılığı ona gətirib çıxarıb ki, Fransa özünü Türkiyə və Azərbaycan kimi çox önəmli iki dövlətin açıq dəstəyindən məhrum edib, hələ də dövlət kimi baş tutmamış Ermənistanın ətəyindən yapışıb. Bu da bir xislətdir əslində. Elə erməni xisləti kimi bir şey…

Sözardı: Cəlal Bayar ABŞ-a səfər etmiş ilk Türkiyə prezidenti idi. Bu səfər 1954-cü ilin yanvarında baş tutmuş və düz bir ay davam etmişdi. Həmin səfərdə Türkiyə prezidentini ABŞ-da böyük bir erməni heyəti qarşılamışdı. Onlar, “Bizim prezidentimiz gəldi, onu qarşılamaq bizə düşər”, – deyə hərəkətə keçmişdilər. Özü də çox hörmətlə, yüksək səviyyədə Cəlal Bayarı qarşılamağa çıxmışdılar. Çünki o zaman bu qondarma erməni soyqırımı deyə bir sərsəmləmə dillər əzbəri deyildi. Osmanlıdan köçüb ABŞ-a yerləşmiş ermənilər Türkiyə dövlətinin prezidentini öz prezidentləri kimi qəbul edir, uyğun sayğı göstərirdilər. Lakin sonradan Fransa kimi dövlətlərin araya girməsi türkləri ermənilərin düşməni kimi qələmə verməyə yetdi…

Qaynaq: www.azerhasret.com