2019-cu il əhalinin sosial müdafiəsinin güclənməsi ilə xarakterizə olunan il kimi yadda qalacaq 2019-cu il əhalinin sosial müdafiəsinin güclənməsi ilə xarakterizə olunan il kimi yadda qalacaq

Ölkədə yoxsulluq həddi azalacaq

2019-cu il əhalinin sosial müdafiəsinin güclənməsi ilə xarakterizə olunan il kimi yadda qalacaq

Azərbaycan Prezidenti İlham Əliyev son günlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı iki mühüm sərəncam imzalayıb. Bunlardan biri əmək pensiyalarının indeksləşdirilməsi, digəri isə minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamlardır. Bu qərarlar əhalinin real gəlirlərinin artırılmasına, həyat səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.

Azərbaycanda minimum əmək haqqının məbləğinin artımını ehtiva edən Sərəncama əsasən, 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılacaq. Minimum əməkhaqqının artımı ümumilikdə 600 minədək insana şamil olunacaq.

Hesablamalara əsasən, bu il minimum əməkhaqqının artması üçün dövlət büdcəsindən təxminən 335 milyon manata yaxın vəsait xərclənəcək. Növbəti illər üçün dövlət büdcəsindən bununla bağlı 400 milyon manat vəsaitin xərclənməsi gözlənilir.
Prezident İlham Əliyevin son 15 ildə əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb.

2006-2018-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası isə aşağıdakı kimidir:

- 2006-cı ilin oktyabrından - 30 AZN

- 2007-ci ilin fevralından - 50 AZN

- 2008-ci ilin yanvarından - 60 AZN

- 2008-ci ilin avqustundan - 75 AZN

- 2010-cu ilin sentyabrından - 85 AZN

- 2011-ci ilin dekabrından - 93,50 AZN

- 2013-cü ilin sentyabrından - 105 AZN

- 2017-ci ilin yanvarından - 116 AZN

- 2018-ci ilin yanvarından - 130 AZN

- 2019-cu ilin martından - 180 AZN

Minimum əməkhaqqının ilk dəfə təxminən 40 faizə yaxın artımı əsasən nələrə təsir edəcək:

- Bundan sonra işəgötürənlər işçilərin əməyinin ödəniş sistemini 180 manatla - minimum əməkhaqqı ilə tənzimləyəcəklər və bu qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına müsbət təsir edəcək;

- Minimum əməkhaqqı aztəminatlı təbəqələr üzrə artacaq və nəticədə ölkədə yoxsulluq həddi azalacaq;

- Qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq;

- Ölkə üzrə orta əməkhaqqı səviyyəsi 10 faizədək artacaq;

- Minimum əməkhaqqı ehtiyac meyarını 25 faiz üstələyəcək;

- Dövlət sektorunda 450 min nəfərin əməkhaqları təxminən 30 faiz, özəl sektorda çalışanlar üzrə isə150 minə yaxın işçinin əməkhaqları 20 faizədək artacaq;

- Orta aylıq əməkhaqqının artırılması əməkhaqqının ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına gətirib çıxaracaq və s.

Vurğulamaq yerinə düşər ki, Azərbaycanda iqtisadi dividentlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə söykənən inkişaf strategiyası mükəmməl əsaslar üzərində qurulub. Və Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək resurslarının məşğulluq imkanlarının artırılması istiqamətində indiyə qədər gerçəkləşdirdiyi siyasət, qarşıdakı dövrdə də prioritet olacaq. Nəticədə 2019-cu il əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan il kimi yadda qalacaq.

Elman Babayev