Zosa qəbiləsi

(Milli Şuranın Azərbaycan səmasında iki günəş çıxardacağına inananlar üçün)

1856-cı ilin may ayı idi.

Cənubi Afrikanın sahil bölgəsində məskunlaşmış Zosa qəbiləsi üçün sıradan bir gündü.

Heç Key çayı da daşmamışdı, sakit-sakit axırdı.

Qəbilənin gənc qızlarından biri çaydan su gətirməyə getmişdi.

Bütün obanı bir-birinə qatan xəbərlə qayıtdı.

Çayın qırağında indiyəcən heç zaman rast gəlmədiyi qiyafət və simada yad kişilər gördüyünə and içirdi. Dediyinə görə, həmin qeyri-adi libasda və simada olan qəribə adamlar Zosa qəbiləsindən cəsur və hörmətli bir adamı tək gəlmək şərti ilə yanlarına çağırırdılar.

Zosa qəbiləsində hər kəs özünə görə cəsur və hörmətli idi. Ancaq səhərin gözü açılmamış çayın qırağında peyda olmuş müəmmalı adamların şərti canlarına bir balaca üşütmə salmışdı. Bütün hallarda, gənc qızın söylədiklərinin doğru-olub olmadığını yəqinləşdirmək lazım idi. Odur ki, qabağa qızın əmisi Umhlakaza düşdü. Qayıdıb xalqı inandırdı ki, qardaşı qızı yalan demirmiş. Doğrudan da, çayın sahilində onun da indiyə qədər heç zaman görmədiyi adamlar varmış. O adamlar Umhlakazaya daxmasına dönməyi, gördüklərini camaata danışmağı, mərasimlər keçirməyi, mərasimin sonunda qəbilənin bütün dünyadan köçmüş nümayəndələrinin ruhunu şad etmək üçün bir yaxşı dana qurban kəsməyi, qurban kəsiləndən dörd gün sonra yenidən çayın qırağına gəlməsini əmr etmişdilər.

Umhlakaza və qəbiləsi əmri yerinə yetirmək qərarına gəldilər. Dörd gün sonra o, növbəti dəfə çayın sahilinə gedəndə yad adamlar yenə orada idilər.

Umhlakaza onlardan birini tanıdı. Çoxdan ölmüş, sümükləri artıq sürmə olmuş mərhum qardaşı idi. Xoş-beşdən sonra qardaşı və qardaşının yoldaşları gəlişlərinin məqsədini açıqladılar. Sən demə, onlar öləndən sonra yenidən dirilibmişlər və adı zosalılara məlum olmayan bir dənizin sahillərində ədalət üçün savaşırmışlar. O savaşda ədalətin lehinə zəfər qazanıb öz qəbilələrini xilas etmək üçün dönmüşdülər. Mistik və fövqəl gücləri itməsin deyə onları hər kəs görməməli idi, sözlərini-sovlarını qəbiləyə Umhlakaza çatdırmalı idi. İlk tapşırıqlar Zosa camaatının bir-birlərinə qarşı cadu etmələrinə son qoyulması və bəslədikləri buzovların, danaların kəsilməsi idi.

Zosa xalqı o gün çox xoşbəxt hiss elədi özünü, ruhlar dünyası ilə əlaqə qurmuş, bütün bəşəriyyətdən fərqli güc və dəstək qazanmışdılar. Qəbilədə ən önəmli ailənin rəisi olan Kreli bu olaya hər kəsdən çox sevinirdi. Bircə Sandilenin bu işdən ağlı bir şey kəsmirdi, dalağı sancmışdı ki, olayların arxasında elə Kreli özü dayanır. Kreli və camaat onu ingilislərə yaltaqlanmaqda ittiham edirdi. Sonda o da doğmaca atasının ruhunun doğmaca qardaşı ilə onun barəsində apardığı məzəmmət dolu söhbətdən sonra palaza büründü.

Zosa əhli ruhların tapşırıqlırını şövqlə icra edir, mallarını kəsir, ingilis təbəəsi olan soydaşlarına da ismarıc göndərərək yeni peyğəmbərlərini qəbul etməyi və bütün ölülərinin dirilərək qutsal savaşda onlara yardım edə bilmələri üçün bütün sığırlarını boğazlamağı tələb edirdilər. Həyacan getdikcə yüksəlir, həyacan yüksəldikcə Zosa müflisləşirdi. Ancaq bunlar müvəqqəti çətinlik idi. Qəbilənin sonuncu davarı kəsilən, sonuncu çörəyi yeyilən gün bir andaca hər yer yamyaşıl olacaq, torpağın altından sürü-sürü mal-qara çıxacaq, tarlalar məhsulla dolub-daşacaqdı.

Eh, hələ bu harasıdır?

Vəd olunan gün qəbilənin əsrlər öncə yaşamış bütün bilgələri və savaşçıları diriləcək, bütün xəstələr sağalacaq, bütün qocalar cavanlaşacaq, bütün problemlər anidən çözülərək səadət dövrü başlayacaqdı. Bu deyilənlərə inanmayan olarsa, onu əbədi peşimançılıq və cəza gözləyirdi: göydən daş yağacaq və o daşlar yalnızca şübhəçilərin başını əzəcəkdi.

Bəli, bir həyacana qapılaraq yaşamaq Zosa xalqı üçün onları gözləyən təhlükəni görməkdən daha cazibədar idi. Zosa xalqı ətrafdakı icmalardan, xristian missonerlərindən, ingilis hökumətinin nümayəndələrindən gələn heç bir çağırışı qəbul etmir, heç bir etirazı dinləmir, o günün gəlməyəcəyini, gələ bilməyəcəyini düşünən, deyən hər kəsi söyür, təhdid və daş-qalaq edirdilər.

O günün gəlişi isə uzanırdı, günlər keçdikcə adamlar,- biri də elə Krelinin əmisi- aclıq və səfalət içində ölür, ancaq öz fanatik inamlarına quş qondurmurdular. Bəziləri günahkar olaraq Sandileni göstərir, BÖYÜK GÜNün onun “haqqın yoluna” gec qoşulması üzündən gecikdiyini iddia edirdilər. Arıqlamış, zəifləmiş və bir qismi iş başında acından ölən adamlar süd göllərinə dönməsi üçün çuxurlar qazır, sürüləri saxlamağa tövlə, zəmilərdən yığılacaq məhsulu mühafizə etməyə anbarlar tikirdilər.

Nəhayət, o gün yetişdi. Ruhlar Zosa xalqına müjdə verərək artıq evlərində oturmamağı, gecə şərqdəki iki təpənin üzərinə çıxıb doğacaq iki qan qırmızı günəşi- bəli, o gün bir deyil, iki günəş çıxacaqdı- gözləməyi əmr etdilər.

Dan yeri söküldü və ...

YENƏ BİRCƏ GÜNƏŞ DOĞDU!

Yenə ümidlərini üzmədilər, günortanı gözlədilər.

Günorta da göylər yenə göydə, yerlər də öz yerində qaldı.

Yenə Key çayı öz məcrası ilə sakitcə axırdı...

Axşamçağı da sevinə bilmədilər. Ölənlərdən səs-soraq çıxmırdı.

Zosa xalqı artıq acından bir-birini didirdi. Ümid dolu günlərdə ruhlarla birlikdə o dünyadan gələcək pendirləri doldurmaq üçün hazırlanmış tulumların bir parçasını yemək uğrunda qardaş qardaşla, ata oğulla, arvad əri ilə boğuşurdu. Köklərini, qabıqlarını yemək üçün ağaclar da kəsilmişdi. Gölməçələrdə qurbağa tapan günün ən şanslı adamı sayılırdı. Ayağı yer tutanlar ətrafdakı digər qəbilələrdən dilənməyə gedirdilər. Qocalar, xəstələr və zəiflər zarıyırdı, vecinə alan yox idi. Sadəcə, bir ağacın altında bir nəsildən 25 adam ölmüşdü. Bir il içində Zosa icması üzvlərinin sayı 105 min nəfərdən 37 min nəfərə düşmüşdü, 68 min insan tələf olmuşdu.

Tamamən gerçək olan bu hadisə Elias Canettinin məşhur “Kütlə və iqtidar” adlı əsərində təsvir olunub.

Azərbaycanda iqtidara can atan kütlənin sosial-psixoloji məziyyətlərini izah edəcək hadisədir.

Zosa icması- Milli Şura və digər müxalif qruplar;

Umhlakaza- Cəmil Həsənli;

Umhlakazanın qardaşı qızı- Gültəkin Hacıbəyli;

Umhlakazanın çoxdan ölmüş qardaşı və qardaşının çay qırağındakı yoldaşları- Rüstəm İbrahimbəyov, Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı və başqaları;

Kreli- Əli Kərimli;

Sandile- İlqar Məmmədovdur.

Taleh Şahsuvarlı

AzNews.az