Avropa Birliyi də növbəti SSRİ-dirsə...

AzNews.az Hüseynbala Səlimovun yazısını təqdim edir

Əslində böyük dövlətlərin hazırda yaşadıqları ağrılı problemləri bircə cümlə ilə də ifadə etmək olardı: dünyanın böyük gücləri qlobal tendensiyalar və qlobal öhdəliklər olmadan yaşamaq istəyirlər. Bəli, bu, eyni dərəcədə həm ABŞ-a aiddir, həm də Avropa ölkələrinə.

Digər güclər – məsələn, Rusiya və yaxud Çin haqqında heç danışmaq istəmirəm, çünki birinci nəinki qlobal öhdəliklər, heç qlobal qaydalar da tanımaq istəmir, ikinci isə bir azacıq hiyləgərlik göstərir – bu qaydalara qarşı çıxmağı düşünməsə də, onlardan yalnız faydalanmaq istəyir, öz üzərinə hər hansı bir öhdəlik götürmək haqqında isə heç fikirləşmir də...

Hamı soruşur ki, axı bu Tramp nə istəyir? Bunun qarnının ağrısı nədir? Deyəndə ki, bəs Tramp daha çox ABŞ –ı düşünür, ABŞ-ı güclü görməyə çalışır, insanlar bundan bir azca təəccüblənirlər ki, bəs onda demokratlar, hətta respublikaçıların bir qismi bu adamdan nə istəyirlər?

Problem ondadır ki, güclü ABŞ formuluna baxış müxtəlifdir – demokratlar bunu bir cür görür, Tramp isə başqa cür. Ağ Evin indiki sahibi düşünür ki, ABŞ qlobal tendensiyalarsız, qlobal öhdəliklərsiz də çox yaxşı, hətta daha asan yaşaya bilər, çünki ölkənin indi malik olduğu resurslar “qaydasız döyüşlər”i onun üçün daha cəlbedici edir.

Bilirsinizmi, bu nəyə bənzəyir? İnsanların bir qismi deyir ki, əxlaqla yaşamaq daha düzgündür, amma elələri də var ərz edir ki, yox, rədd olsun əxlaq, o, bizim əl-qolumuzu bağlamaqdan başqa heç nəyə yaramır!

Amma son nəticədə elə bir vəziyyət yaranır ki, əxlaqı rədd edənlərin özləri qaydasız, əxlaqsız şəraitdən əziyyət çəkirlər, çünki F.Dostoyevskinin çox məşhur sözlərini bir qədər dəyişərək demək olardı ki, əxlaq yoxdursa, onda hər şey icazəlidi, daha mənimki-səninki söhbəti yoxdur, çünki toxunulmaz, müqəddəs bir şey yoxdur...

Belə bir şəraitdə yalnız o kəslər və ya kəs qalib ola bilər ki, son ana qədər ən güclü statusunu saxlaya bilsin. Bəli, Tramp deyir ki, ABŞ bunu bacarar, amma o, birincisi, qəti nəzərə almır ki, getdikcə təhlükənin özünün çeşidləri dəyişir, o, elə formalar alır ki, bunu 10 il bundan əvvəl heç cür nəzərə almaq nədir, proqnozlaşdırmaq belə mümkün olmazdı...

İkincisi, qloballaşmanın siyasi, iqtisadi tərəflərindən savayı, həm də kosmik tərəfi var – bəşəriyyət olaraq birik, bir planetdə yaşayırıq və onlarla ekzo-planetlər kəşf olunsa da hələki Kainatın heç bir yerirndə şüurlu həyat elementlərinə təsadüf edilməyibdir və təbii ki, belə halda bizim qlobal öhdəliklərimiz də yaranmalıdır, baxmayaraq ki, biz onu başqa amillərlə əsaslandırmağa çalışırıq, dörd fundamental azadlıqdan (kapitalın, işçi qüvvəsinin, məhsulun, xidmətin sərbəstliyi) danışır, insan haqlarının aliliyini və universallığını önə çəkirik.

Düzdür, bu proses də asan getmir, pozitivləri kimi neqativləri də vardır. Məsələn, belə deyilir ki, qloballaşmada çoxumuz istehlakçı kimi uduruq, amma istehsalçı kimi uduzuruq. Hətta ərz edilir ki, qloballaşmadan insan kimi udsaq da, vətəndaş, bir dövlətin və millətin insanı kimi uduzuruq...

Nə demək olar? Bütün bunlarda həqiqət elementləri də az deyil. Amma görünür, qloballaşmanın öz təfəkkürü də gəlməlidir, biz indiki lokal təsəvvür və təfəkkürümüzlə hələ də onun bir çox trendlərini qəbul etmək iqtidarında deyilik.

Nə isə... Gələk mətləb üstünə. Əslində bu kiçik yazını bizə yazmağı vadar edən C.Soros müəllimin avropalılara müraciəti oldu. Bu adam ərz edir ki, avropalılar yaxşı-yaxşı düşünməslər, onda Avropanı da SSRİ-nin taleyi gözlyəcək...

Nə demək olar? Əvvala, müqayisə bir azacıq uğursuzdur – SSRİ Avropa Birliyi kimi qurulsaydı bəlkə də heç dağılmazdı da.

Amma C.Soros müəllim bir məsələdə haqlıdır ki, dezinteqrasiya prosesləri hissolunacaq dərəcədə artıbdır və hətta Avropa Parlamentinə builki seçkilərin həlledici ola biləcəyi düşünülür. Di gəl ki, biz bundan dramatik bir mənzərə sərgiləməzdik, çünki bir az əvvəldə təsəvvürdən və təfəkkürdən danışdıq, onlar yetərincə yetişməyibsə lokal spekulyasiya və çağırışlar daha çox tərəfdar toplayacaq. Həm də təsəvvür və təfəkkürdən savayı təkəbbür deyilən bir şey də var ki, o, hamıda birinci iki ünsürdən daha çoxdur – həm bir millət, həm də fərd olaraq...

Bəs bizi əndişələndirən nədir? Bunu da bir azacıq əvvəldə açıqladıq – qloballaşmadan biz də ən azı istehlakçı və insan olaraq uduruq. Həm də bu gün hər yerdə növcud olan tendensiyaları iki qrupa bölmək olar: lokal və qlobal. Nə gizlədək, bir çox parametrlərə görə, biz daha çox qlobal tendensiyalardan udmuşuq– bir millət kimi, bir fərd kimi də azadlığımız daha çox qlobal proseslərin sayəsində mümkün olub. Odur ki, düşünəndə ki, daha heç kim qlobal miqyasda azadlıq və demokratiyadan danışmayacaq, buna dəstək verməyəcək,- əlbəttə, biz də narahat oluruq...

AzNews.az