Ukrayna ilə Rusiya arasındakı prosesdə bizim üçün maraqlı nə ola bilər?..

Ermənistanda hakimiyyətə demokrat yox, tipik daşnak gəlib və o, hər şeyə hazırdır ki, azərbaycanlılar Dağlıq Qarabağa hansısa formada qayıtmağı ağıllarına belə gətirməsinlər

Artıq xəbərlər yayılır ki, Ukrayna prezidenti V.Zelenski məşhur “Ştaynmayer formulu”nu müzakirə etməyə hazır olduğunu bildirib.

Yada salaq ki, “Ştaynmayer formulu” keçmiş Almaniya xarici işlər naziri, indiki prezident F-V.Ştaynmayerin şərəfinə belə adlandırıb və o, ilk dəfə 2016-cı ildə açıqlanıbdır.

Əlbəttə, hələ söhbət tərəflərin qəbul etdiyi hansısa bir nizamlanma sənədindən getmir, amma bu, çox maraqlı layihədir və mümkündür ki, onun müddəaları gələcəkdə qəbul olunacaq daha müfəssəl bir sənəd üçün əsas olsun.

Birincisi, mövcud formula görə, Donbasda xüsusi qaydada seçkilər keçirmək üçün Ukrayna Ali Radası qanun qəbul etməlidir.

İkincisi, burada bilavasitə ATƏT-in müşahidəsi altında seçkilər baş tutmalı və əgər onlar demokratik və düzgün sayılarsa, müvəqqəti olaraq “Donetsk və Luqansk rayonlarında xüsusi özünüidarəetmə qaydaları” haqqında Ukrayna qanunu qüvvəyə minməlidir.

Üçüncüsü, müəyyən müddətdən sonra Ali Rada Donbasa xüsusi status verilməsi haqqındakı düzəlişləri Konstitusiyaya daxil etməlidir.

Bəli, əsas məqamlar bunlardır və hiss olunur ki, münaqişənin nizamlanması prosesində humanitar aspektlərdən başlayan, otuzdan yuxarı əsir və girovu mübadilə edən tərəflər bir az da irəli getmək və artıq nizamlanma prosesinin əsas məqamlarını razılaşdırmaq əzmində bulunurlar.

Bəs bizim üçün burada nə maraqlı ola bilər? Tərəflər arasında etimadın bərqərar olması üçün ilk öncə əsir və girovların mübadiləsi mühüm addım sayıla bilər. Azərbaycanla Ermənistan arasında da belə ola bilərdi və yada salaq ki, hələ ötən il Azərbaycan prezidenti də müvafiq təkliflə çıxış etmişdi.

Amma Ermənistanın baş naziri təklifə dəstək vermədi və məsələ elə təklif kimi də qaldı, halbuki nazirlər arasında baş tutan bir neçə görüşdə ən çox danışılan məsələlər məhz münaqişənin humanitar aspektləri, əsir və girovların mübadiləsi, xalq diplomatiyasına yol açılması, jurnalistlərin səfərlərinin təşkili və s. olmuşdu. Amma az sonra Paşinyanın sərsəm bəyanatları gündəmə gəldi və hər şey unuduldu və bu təkrar göstərdi ki, Ermənistanda hakimiyyətə demokrat yox, tipik daşnak gəlib və o, hər şeyə hazırdır ki, azərbaycanlılar Dağlıq Qarabağa hansısa formada qayıtmağı ağıllarına belə gətirməsinlər.

Hətta bu da məsələnin hamısı deyil. Baxın, “Ştaynmayer formulu”nda münaqişənin mərhələli yolla nizamlanması nəzərdə tutulur. Əslində elə belə də olmalıdır: biz elə bir münaqişə tanımırıq ki, o, bircə mərhələyə və yaxud da diplomatiyada deyildiyi kimi, “paket variantı” ilə həll olunsun. Amma neçə illərdir ki, ermənilər bizdən məhz bunu tələb edir və münaqişənin həllinin “paket variantı”nın qəbul olunmasında israr edir və Dağlıq Qarabağın statusunun irəlicədən, özü də onların tələb etdiyi şəkildə - Azərbaycan Konstitusiyasından kənarda müəyyən etməyə çağırırlar. Bəs Rusiya nə edir? Faktiki olaraq passiv şəkidə bu mənzərəni seyr edir. Düzdür, ötən bir-iki ildə, S.Sarqsyan hakimiyyətinin son vaxtlarında “mərhələli həll variantı” ilə “paket variantı”nı uzlaşdırmağa və Dağlıq Qarabağa aralıq status verməyə cəhd edildi, amma ki, İrəvan buna da razılıq vermədi.

İkincisi, siz “Ştaynmayer formulu”na bir daha diqqət yetirin. Biz də illərdir ki, məhz bunları təklif etmirikmi? Biz nə deyirik? Dağlıq Qarabağın azərbaycanlı icması yurdlarına qayıtsın, burada beynəlxalq təşkilatların nəzarəti altında seçki keçirilsin, daha sonra Dağlıq Qarabağa yüksək özünüidarəetmə statusu verilsin və daha sonra bu, öz ifadəsini ölkə Konstitusiyasında tapsın! Məgər illərdi biz bunları təklif etmirikmi?

Həm də burada Ermənistandan da daha çox bəlkə də Rusiya qınanmalıdır, çünki bu ölkənin öz oyuncağına təsir etmək üçün əlində bir xeyli kəsərli “rıçaq”ları var və onlar olmasaydı, Rusiya diplomatları dəfələrlə “Dağlıq Qarabağ probleminin açarı Rusiyadadır” deməzdilər: hər dəfə Azərbaycanın Rusiyadan uzaqlaşmasının qarşısını almaq üçün onlar belə deyir, amma iş real olaraq prosesin nizamlanmasına gələndə nədənsə o açarı tətbiq etmək haqqında fikirləşmirdilər.

Belə bir şəraitdə əlbəttə, Azərbaycanın açarı tamam başqa yerdə axtarması daha məntiqli olardı, amma hələki biz gürcüləri təkrarlamaq istəmirik.

Belə ki, gürcülər Abxaziya və Cənubi Osetiya münaqişələrinin əsl müəllifini – Rusiyanı ifşa etmək yolunu tutdular. Amma bu siyasət müəyyən qədər çətinliklər də yaratdı. Odur ki, hələ gözləyirik, amma onu da unutmamışıq ki, bir az əvvəldə qeyd etdiyimiz yol ehtiyat variant kimi hələ də qalır...

Hüseynbala Səlimov