Müxalif təfəkkürün adətən elmi əsasları olmur Müxalif təfəkkürün adətən elmi əsasları olmur
  • Yazarlar
  • 21 Sentyabr 2019 22:03
  •  24 500

Tənqidi və müxalif təfəkkür

Müxalif təfəkkürün adətən elmi əsasları olmur

Ağıllı və düşünən insanlar tənqidi təfəkkürləri ilə seçilirlər. Ancaq tənqidi təfəkkür hər şeyi şübhə altına alan və heç nəyə inanmayan axmaq vərdiş deyil! Axmaq adamların bu vərdişinə müxalif təfəkkür deyilir. Müxalif təfəkkür hər şeyə qarşı çıxan, xilaf olan, mız qoyan yanaşmadır. Yəni mənim düşüncəmə, zövqümə uyğun deyilsə, necə deyərlər, döşümə yatmırsa, maraqlarıma cavab vermirsə, deməli, pisdir.

Belə insanlar hər şeyə sonacan əmindirlər, daim şübhələnir və daim özlərindən nədəsə ağıllı və məlumatlı olanlarla mübahisə edirlər. Əgər bu adamlar son dərəcə ambisiyalıdırlarsa, çox zaman ehkamçı olurlar – fərqi yoxdur, dini, siyasi, yaxud ideoloji.

Müxalif təfəkkürün adətən elmi əsasları olmur. Çünki onun məqsədi həqiqəti, ədaləti üzə çıxarmaq və bərqərar etmək yox, öz “həqiqətini” qəbul etdirmək yoluyla maraqlarını təmin etməkdir. Bu mənada o, çox zaman cığal üslubdan istifadə edir, obyektiv həqiqəti öz xeyrinə saxtalaşdırmağa çalışır. Məsələn, əgər hakimiyyət ölkədə idmana, idman qurğularına, stadionlara fikir verməsəydi, müxalifət onu buna görə sərt tənqid edər, qonşu ölkələrdən misallar gətirərdi. Ancaq vəziyyət fərqli olduğu üçün höküməti idmana daha çox qayğı göstərməkdə, sosial məsələləri bunun kölgəsində qoymaqda suçlayır, kütləni də öz ardınca aparmağa çalışır. Ancaq məsələyə müxalif deyil, tənqidi prizmadan yanaşmış olsaydı, gərək dövlətin idman siyasətinin həm də əhalinin sosial durumunun yaxşılaşması strategiyasının tərkib hissəsi olub-olmadığını da arqumentlər, faktlar, digər dövlətlərin təcrübəsi fonunda əsaslandıraydı.

Müxalif təfəkkür “Formula – 1” yarışını tənqid edir, elektoratı da bunu kor-koranə təkrarlayır. Ona görə ki, Bakıda bir neçə gün nəqliyyatın hərəkətində çətinliklər yaranır. Ancaq bu bir neçə günlük narahatlığın bəhrəsi haqqında heç kəs heç bir təsəvvürə malik deyil, yaxud bu barədə deyilənlərə qulaqlarını yumur. Belə düşünmək olar ki, indiki müxalifət iqtidar olarsa, heç vaxt “Formula – 1” keçirməyəcək. Siz buna inanırsınızmı? Mən inanmıram. Amma ağılları olmasa, keçirməyə də bilərlər və çox şey uduzarlar. Çünki mövzunu bilmirlər və öyrənmək də istəmirlər.

Tənqidi təfəkkür, insanın hər şeydən öncə ÖZ HAQLILIĞINA ŞÜBHƏ ETMƏSİDİR. Bu cür insanlar heç vaxt ehtiraslı bəhsçilər olmurlar. Onlar başa düşürlər ki, diskussiya nəyin bahasına olursa-olsun öz fikirini müdafiə etmək yox, ağıllı kompromis, barışıq, harmoniyadır.
Həqiqətin yolu məhz bu cür insanlara açıqdır.

Tənqidi təfəkkürün əsas prinsipləri və üsulları

Başqalarının fikirlərini düzgün qiymətləndirmək, öz mövqeyini arqumentlərlə əsaslandırmaq üçün informasiya ilə necə davranmağı öyrənmək lazımdır.

Şüurlu hərəkət etmək və hər hansı mülahizə yürütmək üçün şəxsi təcrübə yetərlidirmi? Əksəriyyətin savadlandığı və kütləvi informasiyanın geniş yayılması fonunda artıq arqumentlər də əvvəlki tək yaxşı işləmir. Bu gün bizim fəaliyyətimizi bir çox hallarda haradasa eşitdiklərimiz və ya oxuduqlarımız müəyyən edir.

Məsələn, İnternetdə hansısa xarici ölkə nazirinin velosipedli fotosu peyda olur. Yazılır ki, o hər gün işə velosipedlə gedib-gəlir. İlk baxışda burada təəccüblü heç nə yoxdur, ancaq “obıvatel” dərhal düşünür: bəs bizdə? Ağıllı, informasiyalı, siyasi texnologiyalardan anlayan adam isə bilir ki, belə şeyləri dünyanın hər yerində təşkil və nümayiş etdirmək mümkündür. Bunun adına “populizm” deyilir. Görürsünüzmü, ortaya iki fərqli təfəkkür, iki yanaşma çıxır; biri müxalif təfəkkürdür, digəri tənqidi təfəkkür. Müxalif təfəkkür elə başa düşür ki, nazirlər velosiped sürsə, hər şey düzələcək. Ancaq məsələnin içini, kökünü bilən tənqidi təfəkkür mahiyyətə varır. Ancaq burada müxalif təfəkkürün cığal mahiyyəti də istisna deyil.

Bu gün “şəfaverici” bilərziklər satan alverçilərdən tutmuş, ictimai dəstəyə ehtiyacı olan vicdansız siyasətçilərə qədər çoxları insanların inamından sui-istifadə etməyə çalışır. Odur ki, hər birimiz bizi əhatə edən informasiyanı imkanlarımız daxilində süzgəcdən keçirməyə, həqiqəti yalan və yanlışdan ayırmağa çalışmalıyıq.

Jurnalistikanin qızıl qanunu belədir: “əvvəlcə sadələşdir, sonra şişir”. Deyilənə görə, bu qaydanı ötən əsrin 50-ci illərində “The Economist” qəzetinin baş redaktoru öz işçiləri üçün müəyyənləşdirib. Bu gün bu qaydadan çox geniş istifadə olunur və ondan təkcə jurnalistlər faydalanmır.

Tənqidi düşünmək nə deməkdir, onu öyrənmək olarmı?

Tənqidi təfəkkür ingilisdilli ölkələrin ali məktəblərindən tədris olunan əsas fənlərdən biridir. Tələbələrə mətnləri diqqətlə oxumağı, metodik şübhələr irəli sürməyi (Rene Dekart demişkən, “məntiqi cəhətdən şübhə doğuran” şeylər tapmağı), həm başqalarının, həm də özünün arqumentlərində zəif yerlər tapmağı, anlayışlarla işləməyi, öz fikirlərini aydın və əsaslı ifadə etməyi öyrədirlər.

Bu tədrisin əsas komponenti düzgün suallar verməyi bacarmaqdır.

Tənqidi təfəkkür formal məntiqə, arqumentləşdirmə nəzəriyyə və praktikasına, ritorika və epistomologiyaya əsaslanır. Bu sahənin ən güclü nəzəriyyəçilərindən olan Karl Popper tənqidi təfəkkürü hər cür rasionallığın əsası sayırdı. Popperə görə, hipotezlər irəli sürmək praktikası, onların əsaslandırılması, yaxud təkzibi olmadan elm mövcud ola bilməz.

Bəs düzgün sualları necə vermək olar? Bunun üçün ağıllı insanlar iki üsuldan istifadə edir. Birincisi, ətrafdakı bütün informasiyanı mənimsəmək, kifayət qədər fakt əldə etmək yoludur. Yalnız bundan sonra ətrafda baş verənləri dərk etmək mümkündür.

Digər üsul qumu ələyərək qızıl əldə etmək kimidir. Bu, əldə olunan biliklərlə fəal qarşılıqlı əlaqə tələb edir. Bu mexanizm olmadan müstəqil fikir bildirmək də mümkün deyil, əks halda, fikirlərimizi ancaq son dəfə eşitdiklərimiz və oxuduqlarımız müəyyənləşdirəcək.

Qum ələmək sənətinə tam yiyələnən insan başa düşür ki, arqumentlər onları yadda saxlamaq yox, onların gücünü qiymətləndirmək üçün lazımdır. Bunun üçün bu məsələni şüursuz müstəvidən şüurluya keçirməliyik. Başqasının mövqeyi ilə razılaşmayanda və mübahisə edəndə də əslində biz bunu edirik.

Təəssüf ki, bu gün sosial şəbəkələrdə fəalliq edən insanların çoxu, xüsusilə də gənclərimiz bu elmi mülahizələrdən bixəbərdirlər. Onlar müxtəlif təxribatçı mənbələrdən aldıqları yalan-yanlış, çaşdırıcı informasiyarı ələkdən keçirmədən (çünki ələk deyilən bir şey yoxdur), analiz etmədən (bunun üçün gərəkli elmi biliklər, məntiq, ağıl da yoxdur) tirajlayır, epidemiya sürətilə ətrafa yayır, razılaşmayanlar və etiraz edənlərlə mübahisəyə girişir, hətta təhqirə keçirlər. Bu zaman milli-mənəvi, əxlaqi dəyərlər, böyük-kiçiklik, bilik və təcrübə, ictimai nüfuz faktoru da nəzərə alınmır, çünki həmin informasiyaların mahiyyətində həm də “pozucu-dağıdıcı” elementlər var.

Həqiqi və yalan tənqid

Başqasının fikrini xoşumuza gəlmədiyi üçün rədd etmək ona tənqidi münasibət deyil. Bu sadəcə onun mahiyyətini anlamamaqdır.

Bəzən hətta çox ağıllı və savadlı adamlar da məsələləri bəsitləşdirməyə meyilli olurlar. Bu çox zaman ətrafdakıları “özününkülərə” və “yadlara” ayıranda baş verir. Gündəlik sosial həyatda da ən çox bu halla qarşılaşırıq.

İki gün öncə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənovun “Əsrin Müqaviləsi”nin 25-ci ildönümünə həsr etdiyi və geniş maraq doğuran məqaləsi neft-qaz müqavilələri, onların milli maraqlarımıza uyğunluğu, ölkəmizin inkişafındakı rolu, əldə olunan gəlirlərin iqtisadiyyatımıza, qeyri-neft sektoruna sərmayə şəklində qoyulması, sosial layihələrə, abadlıq işlərinə sərf olunması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması haqqında arqumentlər, faktlar, rəqəmlərlə əsaslanadırılmış tutarlı sənəd olsa da, müxalif təfəkkürlü insanlardan ona qarşı yalnız primitiv, cəfəng, məhdud, əsassız, küçə səviyyəli reaksiyalar gəldi. Məqaləni sanbalına layiq tutarlı dəlillərlə, elmi şəkildə təhlil və tənqid edənlər olmadı. Görünür, müxalif təfəkkürün yetərli arqumentləri yoxdur. Ancaq bu olmadıqda gərək nailiyyətlər etiraf edilsin, vulqar və cığal ritorikaya rəvac verilməməsin. Bunu bizim milli maraqlarımız, eyni zamanda bir qədər dolayısı ilə də olsa, müxalifətin öz maraqları da tələb edir. Çünki elmlə, biliklərlə, informasiyalarla, arqument və fakrlarla silahlanmış, kamilləşmiş tənqidi təfəkkür daha güclüdür və qələbəyə daha yaxındır.

Biz məsələlərə məhdud və şəxsi nəzər nöqtəsindən baxırıq. Mütləq obyektivliyə nail olmaq mümkün deyil; təkcə ona görə yox ki, insanlar fərqlidirlər, həm də ona görə ki, istənilən məsələyə fərqli cəhətlərdən baxmaq mümkündür.

İstənilən mühakimə mövzuya aid rəqəm və faktlarla müşayiət olunmalıdır. Məsələn, GMO-nun zərəri haqqında danışarkən bağ qonşumuzun dediklərinə yox, elmi tədqiqatlara, yaxud elmi-kütləvi məqalələrə əsaslanmalıyıq.
Bertran Rassel “Ağlın, materiyanın, əxlaqın fəlsəfi lüğəti”ndə üç qaydadan danışır. Onun fikrincə, düşünməyi və mühakimə yürütməyi sevən insanların əksəriyyəti bu qaydaları qəbul etsələr, planetimizin intellektual ab-havası xeyli yaxşılaşar.

1. Ekspertlər razılığa gəliblərsə, əks fikir düzgün sayıla bilməz;
2. Ekspertlər razılığa gəlməyiblərsə, qeyri-ekspertlər heç bir rəyi doğru saymamalıdırlar;
3. Əgər ekspertlər müəyyən nəticəyə gəlmək üçün yetərli əsaslar olmadığına qərar veriblərsə, adi adam üçün ən yaxşısı mühakimə yürütməməkdir.

Bu qaydalar həqiqətən bizi Rasselin “intellektual zibil” adlandırdığı külli miqdarda lazımsız şeydən xilas edərdi.
Ancaq ekspertlər də yanıla bilərlər və hər bir situasiya üçün dəmir həqiqətə əsaslanan dəqiq mövqe yoxdur. Yalnız ekspert rəylərinə əsaslanmaq bir ovuc seçkin “çoxbilmiş”dən başqa, hamının intellektual passivliyini alqışlamaq olardı. Ən yaxşısı hər kəsin tənqidi təfəkkür vərdişlərini və prinsiplərini mənimsəməsi olardı. Bunun yolu da elm və təhsildən keçir. Biz oxuyan vaxt, ali məktəblərdə “Məntiq”, “Psixologiya və pedaqogika” fənləri olsa da, “Tənqidi təfəkkür” yox idi. Bilmirəm, indi var, yoxsa yox.

Nadir Qocabəyli