İnsanların diqqətini yenidən ənənəvi mediaya necə qaytarmalı?..

Sadəcə, bizdə əminlik var ki, söyüş gec–tez adamları bezdirəcək

Hiss olunanı budur ki, nəinki siyasi mübarizənin, ümumiyyətlə, ictimai ehtirasların ağırlıq mərkəzi artıq sosial şəbəkələrdə qərar tutub.

Özümüz onların istifadəçisi olmasaq da, ölkədə gedən gərgin müzakirələrdən belə nəticə hasil etmək olar ki, əvvəl “ictimai jurnalistika”, indi isə “söyüş müxalifəti” adlanan sosial şəbəkələr sözün əsl mənasında problemə çevrilibdir...

Bunun qarşısını almaq, sosial şəbəkələri azacıq da olsa, tənzimləmək üçün hərə bir təklif verir. Amma bunların əksəriyyəti daha çox inzibati xarakter daşıyır; biri kimlərəsə blok qoymağı, digərləri isə, ümumiyyətlə, ən kəskin üsullara əl atmağı təklif edir. Üçüncülər də var ki, “Onlar söyürlərsə, biz də söyək” – deyirlər. Amma bizə belə gəlir ki, bu üsulların heç biri effekt verməyəcəkdir.

Birincisi, bəlkə də inanmayacaqsınız, sovetin vaxtında Moskva Universitetində məni ən çox təəccübləndirən stolların üstündəki yazılar olmuşdu: inanın, bu, sözün əsl mənasında əsl “samizdat” idi. İlahi, burada sovet quruluşu, onun idealları və liderləri haqqında daha nələr yazmırdılar! Odur ki, əgər hansısa bir narazılıq varsa, o, bir yol tapıb özünü təzahür etdirəcəkdir.

İkincisi, biz də durub onlara qoşulsaq, ümumiyyətlə, hər şey bərbad olacaq və daha heç bir sərhəd qalmayacaq, söyüş əsl yarışa çevriləcək.

Elə bu səbəbdən də daha düzgünü “niyə belə oldu?” sualına cavab verməkdir. Bəli, necə oldu ki, sosial şəbəkələr ənənəvi mediadan “önə” keçdi? Əlbəttə, bunun birinci səbəbi odur ki, şəbəkələr hamıya yazmaq imkanı verdi, hamının isə mədəniyyəti, dünyagörüşü və məsuliyyəti eyni dərəcədə deyil. Bəli, ən birinci səbəb bu oldu: hamı dönüb “jurnalist” oldu və jurnalistikanın ən çətin dövrlərdə belə qorunub saxlanılan bir–iki əsas prinsipi də ayaqlar altına alındı.

Kütləviləşmənin həmişə ziyanlı və hətta təhlükəli tərəfləri olur– bu, bir tərəfə. Üstəlik, kütləvilik bayağılıqla demək olar ki, əkiz qardaşlardır, kütləvilik bir çox meyarları lap əvvəldən aşğı salmaq deməkdir; “həqiqət”lər hamıya anlaşıqlı olmaq səviyyəsinə gəlib yetişəndə demək olar ki, bütün mahiyyətlərini itirirlər.

Bir detal da budur ki, kütlə həmişə əyləncə istəyir, xoruz döyüşdürməyi, söyüşdürməyi sevir. “Ayə, gördünmü filankəs necə yazıbdı?” – kütlənin ümdə meyarı budur: filankəs nə yazıb yox, məhz necə yazıb...

Maraqlısı budur ki, biz oxşar fenomenlə yazılı mətbuatda senzuranın ləğvindən sonra rastlaşmışdıq. Senzura götürüləndən sonra bir sıra mətbu orqanları kəskin yazmaq adı altında demək olar ki, söyüş və hədə yazmağa başladı və tez bir zamanda “yeni media ulduzları” peyda oldu, əvvəllər beş - on nüxsə satılan qəzetlərin tirajı on minləri üstələdi və bu prosesin yekunu bu oldu ki, ənənəvi mətbuat ilk sarsıdıcı zərbəni aldı və həqiqətən də ciddi qəzetlər sıradan çıxdı.

İndi media, xüsusən də yazılı media (bizi daha çox o, maraqlandırır!) ikinci zərbəni almaq ərəfəsindədir: indi də sosial şəbəkələr ənənəvi media deyilən sferaya son akkordları yaşatmaqdadır. Bunun bir səbəbi də odur ki, ənənəvi media maraqlılığını və kəsərini itiribdir. Odur ki, insanların diqqətini yenidən ənənəvi mediaya qaytarmaq üçün onların sərbəstliyini bir azacıq artırmaq lazımdır ki, oxucu üçün maraqlı olsun.

Söyüş müstəvisində ənənəvi yazılı media sosial şəbəkələrlə yarışmaq iqtidarında olmadığı kimi, ciddi yazmaq məsələsində də şəbəkələr media ilə yarışmaq gücündə deyillər.

Demirik ki, ənənəvi media süni şəkildə radikallaşmalı, bayağı tənqidçiliyə qapılmalıdır. Yox, bu halda o, şəbəkələrlə bərabərləşər və onların içində tamam itib-batar. Sadəcə, bizdə əminlik var ki, söyüş gec–tez adamları bezdirəcək. Bəlkə də bu, uğurlu misal deyil, amma sovetin qürubunun ilk illərində porno-filmlər yaman dəbə düşmüşdü. Amma tez bir zamanda insanların buna marağı öldü.

Güman ki, eyni hal sosial şəbəkələrdəki bayağılıqla, söyüşlə bağlı da olacaq – bir az qulaq asandan sonra insanlar bezib daha ciddi şeylər oxumaq və eşitmək istəyəcək, ciddi alternativləri isə peşəkar jurnalistlər, “ictimai jurnalistika” yox, məhz ənənəvi və ciddi media təqdim edə bilər. Ona görə də gəlin onlara nəfəs verək, əgər verməsək, tez zamanda onlar tamam sıradan çıxacaqlar və bizim söyüş jurnalistikasından savayı qeyri bir alternativimiz qalmayacaq...

Hüseynbala Səlimov