"Sizin maaşınızın “Formula-1”ə nə dəxli var axı?! Mənə qaz çəkməyə də ehtiyac yoxdur, əgər qanun icazə vermirsə, çəkməyin! İstəmirəm!” "Sizin maaşınızın “Formula-1”ə nə dəxli var axı?! Mənə qaz çəkməyə də ehtiyac yoxdur, əgər qanun icazə vermirsə, çəkməyin! İstəmirəm!”
  • Yazarlar
  • 23 Sentyabr 2019 16:50
  •  3 456

Qazçəkənlər və “Formula-1”

"Sizin maaşınızın “Formula-1”ə nə dəxli var axı?! Mənə qaz çəkməyə də ehtiyac yoxdur, əgər qanun icazə vermirsə, çəkməyin! İstəmirəm!”

Kənddən gələn qohum danışır ki, qazçəkənlər gəlibmiş və kəndi qazlaşdırıblar. Bu qış, Allah qoysa, qaz olacaq...

Qohum ağsaqqal adamdır, savadlı mühasibdir, uzun müddət kolxozda, dövlət idarələrində işləyib. Kasıbyana kərpic bir evi var. Həyətində daha bir daş ev tikdirib ki, üç oğlundan birinə ata mirası olsun. Amma hələ tam hazır olmadığından içində yaşayış yoxdur.

Qazçəkənlərdən xahiş edib ki, bir xətt də həmin evə çəksinlər. Ancaq sözü yerə düşüb. “Niyə?” “Olmaz, dayı! İdarədən icazə vermirlər.” “Niyə, a bala?” “Ona görə ki, gərək əvvəlcə işıq çəkdirəsiniz, işıq sayğacı olmayana qaz çəkməyə icazə vermirlər”.

Ağsaqqal qohum bu məntiqi anlamayıb və onlara bir daha deyib ki, axı sizdən nə gedir, yaşlı adamam, mənə hörmət eləyin, gələcəkdə qaz çəkdirmək üçün ora-bura ayaq döyməyim, əsas xətti deşib, ona balaca bir boru qaynaq eləmək nə çətin işdir?..

Qazçəkənlərdən biri qayıdıb ki, hörmət hörmətə bağlıdır, dayı!

Yaşlı və təcrübəli dayının dalağı dərhal sancıb, demək, rüşvət verməlidir. Deyir, fikirləşdim ki, eybi yox, beş-on manat hörmət eləyərəm. Amma əvvəlcə bunları bir az danışdırım.

“Axı eşitdiyimə görə sizə yaxşı maaş verirlər, xırda-para şeylərə ehtiyacınız olmamalıdır”, – ağsaqqal mühasib deyib.

“Sən nə danışırsan, ay dayı, nə maaş, bizə maaş verən kimdir. Prezidentimizin başı hələ “Formula-1”, Olimpiada keçirməyə qarışıb, pullar da ora gedir, bizə maaş-filan verən yoxdur”, – qazçəkənlərin böyüyü deyib.

“Yaxşı görək, sən Allah! Deyirsən, dövlətin pulu yoxdur yarış keçirməyə, sənin maaşına gözünü dikib?” – təcrübəli mühasib dayı ona inanmayıb.

“Bizə elə deyirlər, dayı və düz iki aydır maaş almırıq”, – qazçəkən deyir.

Dayı telefonunu çıxarıb deyir:

“İdarənizin nömrəsini verin görüm, kimdir sizi pulsuz işlədən və Prezidentin adından sui-istifadə eləyən! Belə şey ola bilməz! Mən uzun illər dövlət idarələrində işləmişəm, maaş bir neçə gün, bir həftə gecikə bilər, amma belə şey ola bilməz! Nömrəni ver görüm, kimdir sizin maaşınızı kəsən!”

Kişi bunu deyən kimi, qazçəkənlərin arasına vəlvələ düşür.

“Ehtiyac yoxdur, dayı, zəng eləməyə-zada baxan yoxdur, özünü yorma, onlarla heç kəs bacarmaz, balıq başdan iy verir...”

“Siz nömrəni verin, qalanıyla işiniz yoxdur. Demirsiniz maaşınızı vermirlər, mən indi araşdıraram, əgər belədirsə, lazımi yerlərə xəbər verərəm. Özü də Prezidentin adının hallandırıldığını deyərəm...”

Qazçəkənlərin nömrəni vermək istəmədiyini görən keçmiş mühasib, “eybi yoxdur, vermək istəmirsinizsə, indi özüm öyrənərəm” – deyə telefonunu qulağına aparmaq istəyəndə, qazçəkənlərinin böyüyünün əsəbləri dözməyib.

“Bizi zibilə salma, ay dayı, başına dönüm, qoy bir tikə çörəyimizi qazanaq, bir qələtdi elədik, sənin qazını da çəkərik, heç yerə zəng vurmaq lazım deyil. Zarafat edirdik, biz nəkarəyik ki, dövlətin işinə qarışaq, Prezidentin siyasətinə qiymət verək, kasıb adamlarıq...”

Qohum deyir, telefonu qaytarıb qoydum cibimə və dedim:

“Ayıb deyil, beş-on manata görə yalan danışırsınız! Hələ bir Prezidentin adını da bu çirkin yalanınıza alət eləməyə çalışırsınız. Nə vaxtacan belə əliəyrilik, yalançılıq, demaqoqluq ilə yaşayacaqsınız. Maaşınızı vermirlər, tələb edin, şikayət edin. Səbəbləri araşdırın, əsl günahkarı müəyyən etməyə çalışın. Yoxsa primitiv ağlınızla dərhal siyasi nəticələr çıxarır, Prezidentin adını çəkir, dövlət siyasəti, dövlətin keçirdiyi tədbirlər haqqında ağzınıza gələni danışırsınız. Sizin maaşınızın “Formula-1”ə nə dəxli var axı?! Mənə qaz çəkməyə də ehtiyac yoxdur, əgər qanun icazə vermirsə, çəkməyin! İstəmirəm!”

Qazçəkənlər başlayıblar yalvarmağa:

“Dayı, sən heç zarafat-zad başa düşmürsən ey, işığın qaza nə dəxli var, biz sadəcə səninlə zarafat eləmək istədik, dedik, bəlkə, təzə evə görə şirinlik, xələt verəsən... Narahat olma, qazını da çəkərik, hələ işıq idarəsinə deyərik, sayğacını da gətirib qoyarlar...”

Qohum deyir, daha bunlara heç nə demədim və getdim mal-qaraya yem verməyə...

Nadir Qocabəyli