Rusiya ilə də münasibətlərin gərgin olduğu bir vaxtda erməni baş nazirinin düşünülməmiş bəyanatlarının başqa nəticələri də ola bilər! Rusiya ilə də münasibətlərin gərgin olduğu bir vaxtda erməni baş nazirinin düşünülməmiş bəyanatlarının başqa nəticələri də ola bilər!
  • Yazarlar
  • 26 Sentyabr 2019 08:41
  •  6 556

Paşinyanın növbəti fiaskosu...

Rusiya ilə də münasibətlərin gərgin olduğu bir vaxtda erməni baş nazirinin düşünülməmiş bəyanatlarının başqa nəticələri də ola bilər!

“Tərəflərin hər ikisi razılaşıbdır ki, ən yaxın vaxtlarda nazirlərin görüşünün keçirilməsinə ehtiyac var, görüşün vaxtı və yeri isə həmsədrlərin bölgəyə səfərindən sonra məlum olacaqdır” – Rusiya mənbələrindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Məsclisinin növbəti sessiyasının gedişində baş tutan görüşündən öyrəndiyimiz yalnız bunlar oldu.

Bir də onu anladıq ki, ən azı yaxın zamanlarda əsir və girovların mübadiləsi baş tutmayacaq və ən əsas səbəb də budur ki, Ermənistan öz əsir və girovlarının hamısını “yolunu azmış adi çoban”, “içkili əsgər” və daha nə bilim, kimlər qismində qələmə verib onların hamısının az qala, adi mülki şəxslər olduğunu iddia etsə də, azərbaycanlı əsir və girovların demək olar, hamısını peşəkar kəşfiyyatçı və təxribatçı kimi təqdim edir.

Təəssüratımıza gəldikdə isə, növbəti dəfə başa düşdük ki, bu insanlarla danışmaq həqiqətən də böyük səbr tələb edir. Amma biz öz diplomatlarımıza səbr diləmirik, çünki otuz ildir “acı bağırsaq kimi” uzanan bu məsələ demək olar, hamının səbr kasasını daşdırıb və hamı da bu fikirdədir ki, məsələni bitirməyin vaxtı çatıbdı.

Bunların Amerika sərgüzəştlərinə gəldikdə, deməliyik ki, Paşinyan da, Mnatsakanyan da Ermənistana çox pərt dönəcək. Səbəbi çoxdur.

Birincisi, növbəti dəfə aydın oldu ki, N.Paşinyanın fokuslarına rəğmən heç kim danışıqların əvvəlki formatını dəyişmək fikrində deyil.

İkincisi, N.Paşinyannın növbəti Amerika gözləntiləri baş tutmadı, Los-Ancelesdə “triumfal mitinq” alınmadı.

“ABŞ-dakı erməni lobbisi haqqındakı mif dağıldı. Ermənistanın baş nazirinin öz sözlərinə görə, onu Kaliforniyanın qubernatorunun müavinindən savayı heç kim qəbul etmədi. Mitinqə qatılan insanların sayı isə gözləniləndən ən azı üç dəfə az idi”– bəli, bunlar Los-Ancelesdəki erməni mitinqini izləyən azərbaycanlı jurnalistin sözləri deyil, onu sosial şəbəkələrdə erməni parlamentinin keçmiş deputatlarından biri yazıbdır.

Bəli, nəinki sadə ermənilər bu dəfə də yəhudilərə çata bilmədilər (elə həmin keçmiş deputatın öz ifadəsilə desək!), heç demokrat və inqilabçı N.Paşinyanın özü də Ukrayna prezidenti V. Zelenskiyə tay ola bilmədi – xatırladaq ki, təxminən elə həmin vaxt Ukrayna prezidenti ABŞ-da çox yüksək qəbula layiq görüldü, erməni baş naziri isə bu dəfə də ABŞ – ın siyasi isteblişmentinin nəzər diqqətini cəlb edə bilmədi.

Üçüncüsü, Ermənistanda artıq yeni müxalifətin rüşeymləri hiss olunmaqdadır. Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri gözləniləndən də dilli-dilavər, danışqan çıxdı. O, artıq bir neçə mətbuat konfransı keçirib və Paşinyanı kəskin tənqid edibdir.

Aydındır ki, hökumətdəki “böyük təmizləmə” əməliyyaları davam edərsə, narazıların sayı bir azacıq da artacaq və bu, “məxməri inqilab”ın liderləri arasında ilk böyük parçalanma olacaqdır.

Paşinyan hələ də özünü inqilabın alternativsiz və şəriksiz lideri sayır. Amma siyasətdən tamam uzaq adi insanlara da aydındır ki, siyasət bir aktyorun teatrı deyil və belə işlərdə ən müxtəlif ictimai-siyasi və maliyyə dairələrinin dəstəyi olmadan nəsə əldə etmək çətin məsələdir. Belə “kölgə insanlar” isə yalnız və yalnız müəyyən vaxtadək kadr arxasında qalır, “inqilabi lider” oyun qaydalarını və siyasi öhdəlikləri pozmağa başlayanda, necə deyərlər, günorta başlayır, gölgələr çəkilir və əvvəl görünməyən simalar işığa çıxırlar.

Əlbəttə ki, N.Paşinyan hələ elektoral dayaqlarını tamam tükəndirməyibdir, onun hələ müəyyən dəstəyi var. Üstəlik, erməni mənbələrinə görə, cəmiyyət hətta onun kriminal Qarabağ klanının bəzi üzvlərinə qarşı təzyiqlərinə də dəstək verir. “Əcinnə ovu” bütün inqilablar üçün xarakterikdir, amma onunla insanları yalnız bir müddət məşgul etmək olur, sonra isə inqilabi eyforiya da, qəzəb də çəkilir və hamı adi həyata dönür, yeni liderlərdən digər inqilabi vədlərin həyata keçməsini tələb edirlər.

Üçüncüsü, erməni cəmiyyəti, ayrı-ayrı politoloqlar artıq öz baş nazirlərinin Dağlıq Qarabağ siyasətinə müəyyən tərəddüd və ehtiyatla yanaşmağa başlayıblar, hətta suallar da yaranır ki, o, hər şeyi düzmü edir?

Axı Rusiya ilə də münasibətlərin gərgin olduğu bir vaxtda erməni baş nazirinin düşünülməmiş bəyanatlarının başqa nəticələri də ola bilər!

“Azərbaycanın öz hücum siyasətini beynəlxalq təşkilatlar qarşısında əsaslandırmaq üçün çox arqumentləri var” – bunu da hansısa bir azərbaycanlı analitik və ya ekspert demir, bu, bir erməni politoloqunun sözlərıdir...

Beləliklə, göründüyü kimi, erməni siyasətində təbiətlə bir zahiri “həmahənglik var” – qarşıdan çox tutqun günlər gəlir. Elə erməni politoloqlarının özləri də bu fikirdədir ki, bu payız çox “qaynar” olacaq. Nə demək olar? Biz də başabəla “qonşu”larımıza bundan da ağır günlər arzulayırıq...

Hüseynbala Səlimov