"Boykota meyillilər aktiv boykotdan çox, passiv boykota yaxındırlar" "Boykota meyillilər aktiv boykotdan çox, passiv boykota yaxındırlar"

Dekabr seçkilərinə kim, necə həvəs göstərir?

"Boykota meyillilər aktiv boykotdan çox, passiv boykota yaxındırlar"

Gələn ay keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün MSK-ya müraciət edən siyasi partiyaların sayı artlq 10-a çatıb. Bunlar Yeni Azərbaycan, Azərbaycan Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokrat Maarifçilik, Azərbaycan Sosial Demokrat, Ümid və Ana Vətən partiyalarıdır. Yaxın günlərdə bu sıraya yeni partiyaların qoşulacağı da istisna deyil. Amma o dəqiqdir ki, bu cərgədə yenə də müxalifətin radikal qanadı kimi tanınan Əli Kərimlinin AXCP-si və idarə etdiyi Milli Şuradakı siyasi birliklər, Müsavat Partiyası olmayacaq.

Ümumiləşdirdikdə, seçkidə iştirakdan imtinaya əsas kimi bir neçə səbəb irəli sürülür. Bunların sırasında əsasən, cəmiyyətin bələdiyyə seçkilərinə maraq göstərməməsi, seçki mühiti önə çəkilir.

Bunlar nə dərəcədə əsaslıdır və doğurdanmı bələdiyyə seçkiləri siyasi baxımdan əhəmiyyət daşımır?

Əslində seçkilərdə iştirakla bağlı mövcud vəziyyət tanış bir təcrübədir. Prezident və parlament seçkilərində olduğu kimi, bütün siyasi qüvvələr eyni mövqedən çıxış etmir. Partiyalardan bir neçəsi seçki şəraiti, onun hansısa bir məqamı ilə razılaşmır, mütləq boykot qərarı verir. Yaşanan təcrübə isə onu da sübut edib ki, boykotu seçən siyasi partiyalar effektiv boykotu reallığa tətbiq etməyi bacara bilməyiblər. Söhbət passiv boykotu aktiv boykota çevirməkdən gedir, ənənəvi müxalifət hansı dönəmdəki seçkiləri boykot edib, sonucda yalnız passiv boykota nail olub. Bu gün də vəziyyət eynidir: boykota meyillilər aktiv boykotdan çox, passiv boykota yaxındırlar.

Seçkidə iştirakdan imtina edənlər düşünür ki, bu yolla iqtidara təzyiq edəcək və öz tələblərini həyata keçirəcək. Eyni zamanda, özünü seçkini pozmağa malik qüvvə kimi göstərəcək. Fəqət müxalifətin seçkidən qaçan kəsimi bunların heç birinə nail ola bilməyib. Bundan sonra isə nail olacağı da mümkün deyil. Çünki müxalifət indi daha zəif və sosial bazası daha kasaddır.

Bələdiyyə seçkilərinin ab-havası isə prosesə qatılan partiyaların simasında hiss olunmaqdadır. Müxalifətin seçkiyə qatılan kəsimi yerli özünüidarəetmə orqanlarına seçkiləri bu dəfə də ələ düşmüş gözəl fürsət kimi dəyərləndirir. Və bu mövqe təqdir olunmalıdır. O baxımdan ki, bu partiyalarla seçkiyə qoşulmayan partiyaların oxşar mövqeləri var. Onlar da bələdiyyə institutunun hazırkı səviyyəsindən razı deyillər, amma seçkilərə qatılmaq qərarı verirlər.

Bəs, seçkidə iştirak nə üçün vacibdir?

Birincisi, seçki bütövlükdə siyasi təşkilatların cəmiyyətə açılması, optimal təbliğatı, o cümlədən, siyasi institut kimi həm daxili, həm də beynəlxalq rəyə dolayısı təqdimatıdır.

İkincisi, bələdiyyələrdə təmsilçilik cəmiyyətdə yaxşı tanınmayan təşkilatların belə ictimai reytinqi baxımından önəmli faktordur.

Digər tərəfdən, dekabr ayındakı bələdiyyə seçkisi 2020-ci ilin parlament seçkilərinə hazırlaşmaq nöqteyi-nəzərindən də önəmlidir.

Bu və başqa amillər cəmiyyətdə bələdiyyə seçkilərinə marağın az olmasını arqument kimi irəli sürüb, seçkidə iştirakdan imtinanın doğru olmadığını sübut edir.

Bələdiyyə seçkisinin siyasi qüvvələr arasında mübarizənin çazibədar
predmetinə hələ də çevrilməməsinin başlıca səbəbinə gəldikdə isə radikal müxalifətin mövcud durumuna və seçkiyə olan münasibətinə diqqət etmək lazımdır.

Danılmaz faktdır ki, illərdir prezident və parlament seçkilərində uğur qazana bilməyən müxalifət 2005-ci ildən sonra daha da zəifləyib, süstləşib. Seçki yolu ilə dəyişikliyə potensialı çatmayan, xalqın dəstəyini əldə edə bilməyən radikal müxalifət özünü seçkidən kənar hadisələrə kökləyib. Guya hansısa mərhələdə hakimiyyət öz daxilindən parçalanacaq və ya nəsə baş verəcək, bu anda onlar zəifləmiş iqtidara qalib gələ biləcəklər. Yaxud da hansısa xarici güc həmin müxaliifəti hakimiyyətə daşıyacaq.

Reallıq budur və müxalifət seçkini özünün gündəliyindən illərdir ki çıxarıb. Bələdiyyələrin səlahiyyəti, seçkinin şəffaflığı məsələləri isə sadəcə bəhanədir...

Bələdiyyə seçkilərinə hazırlıq mərhələsinə baxdıqda isə YAP-ın mövqeyi diqqətdən yayına bilməz. Partiya aylardır ki, 16 minə yaxın insanın təmsil olunacağı yerli özünüidarə orqanlarının hər bir yeri üçün mübarizəyə başlayıb. Baxmayaraq ki, təşkilat hər baxımdan üstün mövqedədir. Ancaq heç bir arxayınlaşma yoxdur. Partiyanın bölgələrdə keçirdiyi görüşlərin, gənclərin prosesə qoşulması üçün atdığı addımların əyani şahidiyik. Məhz bu fəallıq, aktivlik, seçicilərlə iş hakim partiyanın qələbələrini davamlı edir...