Və ya utanmasan oynamağa nə var ki... Və ya utanmasan oynamağa nə var ki...

İnsanov genetik xəstə saydığı müxalifəti “müalicə” edə biləcəkmi?

Və ya utanmasan oynamağa nə var ki...

Müxalifətin indiyə qədər qurduğu əməkdaşlıq mərkəzləri (SİDSUH, Demkonqres, İctimai Palata, Ziyalılar Forumu və s.) sonradan gərginlik mənbəyinə çevrilib və münasibətlərin daha da pisləşməsinə gətirib çıxarıb. Sonuncu belə birlik Milli Şuradır ki, taleyi hamımıza məlumdur. De-şifrə olunmaqla reytinqini itirmiş, hədəflərinə çatmamış, təkcə siyasətçiyə deyil, ziyalı sözünə, nüfuzuna zərbə vurmuş bu qurum ömrünü gərəksiz yerə uzatmaqla mənasız bir təşkilata dönüb. Rüstəm İbrahimbəyovun başqa bir ölkənin dirijorluğu ilə yaratdığı Milli Şura indi yalnızca Əli Kərimlinin AXCP-sindən və onun ətrafında olan bir neçə nəfərdən ibarətdir. Uğursuzluq, məğlubiyyət acısı Milli Şuraya da eyni taleni yaşadıb- ağır ittihamlar, kəskin ziddiyyətlər, şəxsi ədavətin yenidən baş qaldırması, müttəfiqlik əlaqələrinin qırılması və.s.

Amma müxalifətin birlik çabaları yenidən baş qaldırıb. Bu dəfə Müsavat Partiyası və AXCP, üstəgəl sürpriz adamla-keçmiş səhiyyə naziri Əli İnsanovla bir araya gəlib. “Turan” informasiya agentliyinin sədri Mehman Əliyevin də Milli Şuradan sonra bu şəxslərlə birlikdə olması müəyyən paralellər aparmağa tam əsas verir. Ola bilsin ki, bu qurum da hansısa kənar qüvvənin diktəsi ilə ortaya çıxıb. Bu barədə bir qədər sonra...

Görünən odur ki, ilkin addım atılıb - Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseyn, Hikmət Hacızadə də Müsavat Partiyasında keçirilən toplantıya qatılıb. Yaşama ömrü naməlum, daha çox formal bir birlik kimi meydana çıxan bu ittifaqın da eyni tale yaşayacağı şübhəsizdir. Elan olunmaq hələ sözün həqiqi mənasında yaranmaq demək deyil. “Dəyirmi masa”dakı ilkin açıqlamalar, baxışlar əslində çox şey deyirdi. Toplantıya qatılanların oradaca nümayiş etdirdiyi mövqelərlə kənardan-kənara verilən gurultulu bəyanatlar əməlli-başlı ziddiyyət təşkil edir. Müxalifət anti-iqtidar kampaniyasına qadirsizliyini, özünün arasındakı problemlərdən yaxa qurtara bilmədiyini, hər bir ideyada, aksiyada şəxsi maraqlarını güdmək xislətinin dəyişmədiyini cəmiyyətə göstərmiş oldu. Belə ki, müxalifətin birlik məqsədilə birinci birgə toplantısı hər hansı bir qərarla bitmiş elan olunsa da, o, əslində öz birliyinin yeni dönəmini elə birinci toplantısındaca suallar altına aldı. Fikir ayrılıqları, qarşılıqlı eyhamlar, şübhələr, üstüörtülü irad tutmalar partiyalar, həmin insanlar arasında münasibətlərin qaydaya düşmədiyini sərgiləyirdi. Bu isə müxalifətin bu dəfə də birləşə bilməyəcəyi proqnozunu tam əminliklə söyləməyə əsas verə bilir.

Məsələ burasındadır ki, hər şey heç də göründüyü kimi deyil; köhnə davranışlar yeni münasibətlərə də gəlib çıxır və hədəfə doğru birgə addımlamaq prinsipində istənilən nəticə buna görə də alınmır. İndiyə qədər adıçəkilən siyasi qüvvələrin bütün toplantılarında kiçicik bir ziddiyyət sonrakı davranışlara ciddi təsir göstərə bilib və axırda partiyaların yaxınlaşması bir-birindən uzaqlaşması, səmərəsiz fəaliyyətlə sona çatıb. Davranışlardakı tonda bir-birini qəbul etməmək, bir-birindən hələ də gileyli olmaq kimi nüanslar kifayət qədər qabarır. Belə bir durumda əsl koalisiyanı araya-ərsəyə gətirmək mümkün deyil.

Ümumiyyətlə, bu qüvvələrin, yəni, köhnə müxalifətin iştirakıyla onların siyasi imkanları, resursları nöqteyi-nəzərindən ciddi koalisiya yarana bilməz. Müxalifət sadəcə hal-hazırda şişirtmə və özünün təbliğatı ilə məşğuldur, ictimai rəyi azdırıb, yeni “koalisiya”ya marağı artırmaq məqsədi güdülür.

Onu da nəzərə almaq lazımdır ki, yeni etap üçün yeni birlik üzdə Müsavata məxsusdur. Yeni əlaqələr təşəbbüsünə digər partiyalar, xüsusən ADP tərəfindən göstərilən soyuq münasibət təklifin forma və məzmununa olan iradla deyil, partiyanın birbaşa özü ilə bağlılıq təşkil edir. Hazırda bir tərəfdə tənha Müsavat, digər tərəfdə AXCP-nin başına cəm olan qüvvələr dayanıb. Partiyanı çevik şəkildə siyasi təşkilatlarla danışıqlara başlamağa vadar edən faktor ətrafının seyrəlməsi, ortada tək qalma ehtimalının yaratdığı narahatçılıqdır.

Yeni birlikdə təmsil olunan Əli İnsanovla bağlı məsələ isə tam aydındır. Hakimiyyət komandasında olanda İsa Qəmbəri və digərlərini ağır formada təhqir edən bu adam qısasçılıq hissi il alışıb yanır. İctimai rəydə nifrətə malik İnsanov öz imicini dəyişmək üçün hər cür birliyə, siyasi ikiüzlülüyə can atır, təhqir etdiyi adamlarla bir masaya oturur...

Yeni birliyin 2020-ci il parlament seçkilərinə hədəflənməsi barədə fikirlərə gəldikdə isə, bu birliyin genişlənəcəyi, seçkilərə birgə gedəcəyi inandırıcı görünmür.

Birincisi, təcrübə göstərib ki, siyasi birliyini, vahid komanda prinsiplərini seçki ilə çərçivələndirən, gah sönən, gah da alovlanan qüvvə kimi davranış sərgiləmək, fəallıq dinamikasındakı zənciri qırmaq, gah dost olub, gah düşmənə çevrilməklə, müxalifət hər dəfəsində sıfır vəziyyətinə qayıtmalı və onun sıfırdan başlayan yolu, təmizlənməsi müşkül maneələrlə dolu olur. İnsanovun genetik xəstə saydığı Qəmbərlə nə qədər bir yerdə duruş gətirəcəyi, həmişə bir-birlərinə badalaq gələn AXCP ilə Müsavatın arasında olan münasibətlərin tam düzələcəyi suallar yaradır...

İkincisi, hakimiyyətdən fərqli olaraq, müxalifət üçün indilikdə hər şey qaranlıqdır. Seçki situasiyasında üzərinə götürdüyü rolun öhdəsindən gəlmək nəhəng bir potensial tələb edir ki, indi söhbət bu potensiala güvənməkdən yox, tükənmiş gücün hansı metodlar, hansı addımlarla bərpasından gedir.

Üçüncüsü, müxalifəti ictimai və beynəlxalq rəyin gözündə müəyyən qədər böyüdə biləcək tək variant konsalidasiyanın özülünü atmaq üçün hamının siyasi ədavəti, qara piarı, bölücülüyü bir kənara buraxıb, səmimi addımlar atmasıdır. Bu, baş verəcəkmi? Müxalifəti tanıyanlar bilir ki, əsla belə bir hal olmayacaq. Çünki bu adamların içi bir-birinə nifrətlə doludur.

Nəhayət, iqtidar xalqın dəstəyini özündə saxlayır. Müxalifət yenə də hansısa birlik yaradıb, oraya sayılıb-seçilən aydınları toplasa belə, prosesin sonunda bu birlik primitiv və kobud bəhanələrlə dağılacaq. Bu bünövrənin zəifliyində isə müxalifət rəhbərlərinin arasındakı saxta rəftar, bir-birinə güvənsizlik, ən əsası xalqın sifarişi ilə deyil, kənar qüvvənin təsiri ilə bir araya gəlmək dayanır...

Elman Babayev