Bunun adı həm siyasətdir, həm də cinayətdir – bütöv xalqlara qarşı işlənən siyasi, humanitar cinayət Bunun adı həm siyasətdir, həm də cinayətdir – bütöv xalqlara qarşı işlənən siyasi, humanitar cinayət

Post-modernist fırıldaqlar

Bunun adı həm siyasətdir, həm də cinayətdir – bütöv xalqlara qarşı işlənən siyasi, humanitar cinayət

Cinayətkarın milləti olmaz deyirlər. Dünən Almaniyada baş verən hadisələr göstərdi ki, müxalifəti, iqtidarı, bitərəfi, demokratı, diktatoru, avropalısı, asiyalısı da olmaz...

Avropaya, Amerikaya getməyin düzgün, qanuni yolu çox azdır. Vaxtilə araşdırmışam. İnsanlar əsasən əyri yollarla, rüşvətlə, saxta sənədlər düzəldərək gedirlər. Bunu avropalılar özləri də bilir, bununla belə şərait yaradırlar. Amma işə birbaşa qarışmırlar, sadəcə özlərinə sərf eləyən həddə qədər göz yumurlar. Sərf eləməyəndə gözlərini açır və başqa “sərfəli işlərlə” məşğul olurlar.

Kim avropalıların düz adamlar olduğunu düşünürsə, yanılır. Onlar sadəcə iz qoymur, bütün işləri peşəkarcasına görürlər. Özlərini dürüst, qanunpərəst, saf, bəzən hətta sadəlövh, səy, bambılı kimi göstərir (Müsyö Jordanı xatırlayın), saman altından su yeridirlər. Görərsiniz, onlara, onların ifadə, söz azadlığına arxayın olub, söyüş söyənləri bir-bir tutub təhvil verəcəklər...

Avropalılara bizim mütəxəssislərimiz, beyinlərimiz lazımdır, investisiyamız, pulumuz lazımdır, qara işləri görmək üçün qabarlı əllərimiz lazımdır, nökərçilik edəcək belimiz lazımdır, bunları bilirik. Amma bütün bunları qanuni yollarla təşkil etmək nə çətin işdir Avropanın əlində? Bəs səfirliklər, konsulluqlar nə iş görür? Guya avropalılar oralara kimin necə getdiyini bilmirlər! Onlar sadəcə oyun oynayır. Siyasi mühacir məsələsindən istifadə edərək özlərindən kənardakı dünyanın hökumətlərini daim təzyiq altında saxlamağa çalışır, mədəni yolla şantaj edirlər. Onların qurduqları əksər beynəlxalq təşkilatların məqsədi 3-cü dünyaya müxtəlif yollarla təzyiqlər göstərməyə, bu ölkələri “mədəni” yolla şantaj etməyə, sümürməyə hesablanıb. İki gündən bir hesabat hazırlayıb bağırırlar: insan hüquqları pozuldu, söz azadlığı pozuldu, siyasi məhbuslar var, işgəncə var, seçki saxtalaşdırıldı və s. Sonra insanları siyasi mühacir adı altında qəbul edir, onlar vasitəsilə hökumətlərə təzyiqlər edir, istədiklərini aldıqdan sonra cinayətkar kimi təhvil verirlər.

Bunun adı həm siyasətdir, həm də cinayətdir – bütöv xalqlara qarşı işlənən siyasi, humanitar cinayət. Görürsünüz, hətta cani dövlətlər də var. Görək onların Nürenberqi haçan qurulacaq…

Avropalılar və amerikalılar daim bizə qarşı cinayətlər edib, bizim bədbəxtliklərimiz üzərində pul qazanıb, özlərinə cah-cəlal, dəbdəbəli həyat qurublar. Sonra bu parıltılı həyatı bizə öz nailiyyətləri, demokratiyanın, azad seçkinin, insan haqlarının qorunmasının, azad məhkəmənin-filanın təntənəsi kimi təqdim ediblər. Amma bir az dərindən düşünsək, analiz etsək, bunların hamısının pulla, bizdən sümürülmüş sərvətlə təşkil olunmuş nəsnələr olduğunu görmək çətin deyil.

Şanlı müxalifətimizin adının hallandığı və məşğul olduğu bütün pis işlər - mühacir alveri, siyasi məhbus alveri, işgəncə alveri, mitinq alveri, seçki alveri - hamısı avropalıların fitnə-fəsadıdır. Onların bu siyasətinə könüllü qulluq edən, bundan pul qazanan soydaşlarımız da var, aldananlarımız, qurbanlıq olanlarımız da. Biz o vaxt həqiqətən azad olacağıq ki, bu mürəkkəb oyunların, fırıldaqların mahiyyətini anlayacağıq. Avropalıların oyunlarına getməyəcəyik, gedən dələduzları ifşa edə biləcək dərrakəyə, biliyə, ağıla sahib olacağıq...

Bir də dürüst olmalıyıq. Tamahımıza güc verməməliyik. Unutmamalıyıq ki, yalançı həmişə tamahkarı aldadır. Bir neçə il əvvəl yalançılara aldansaydım, atamdan mənə qalan yeganə kiçik miras mənim də əlimdən çıxacaqdı. Ancaq o fırıldaqçılara verdiyim bəzi suallara normal cavablar ala bilmədim. Avropanın bizi axmaq yerinə qoyduğunu, öz millətimizdən olan dəllallar vasitəsilə olan-qalan var-yoxumuzu da əlimizdən almaq istədiyini anladım. Başa düşdüm ki, evimizi satıb, müxtəlif fırıldaq əməliyyatlar üçün dəllallara verdiyimiz rüşvətlərdən onlara da çatır. Üstəlik heç kəs heç bir təminat vermir, heç bir məsuliyyət daşımır. Evimizi satdırır, pulumuz mənimsəyir, bizi bir neçə il avara qoyur, kamplarda süründürür, məhkəmələrə çəkir, bizdən öz dövlətimizə qarşı istifadə edir, cinayətə sövq edir, axırda da cani kimi təhvil verirlər.

Bir avropalı maşınla bircə kilometr kəndarası yol gedərkən kəməri ona görə taxmır ki, qanunları çox sevir, yaxud təhlükəsizliyini düşünür. Bir kilometrlik kəndarası yolda təhlükə ehtimalı sıfır tam milyonda birdir. Bəzən kəmərin özünün də təhlükə olduğunu nəzərə alsaq, belə bir qanun ümumiyyətlə insanları axmaq yerinə qoymaqdır. Biz azərbaycanlılar bunu mənasız saydığımız və özümüz etmədiyimiz halda, avropalı edəndə göyəririk. Onları yüksək təfəkkür sahibi, məsuliyyətli, qayda-qanun sevər insanlar sayır, özümüzü alçaldırıq. Halbuki bu, avropalıya sonrakı əyri əməllərinə haqq qazandırmaq üçün özünü düzgün göstərmək, dürüstlük imici qazanmaq üçün lazımdır. Eyni şeyi onların demokratiyasına, azad məhkəməsinə, insan haqları anlayışına da aid etmək olar. Bütün bunlar sadəcə nəticədir. Avropada heç bir şey seçkidə, məhkəmədə həll olunmur. Hər şeyi gözəgörünməz bir sistem onlardan əvvəl bizim bədbəxtliyimiz üzərində həll edir, sonra da bizi öz faciəmizi alqışlamağa zorlayır.

Baxın, Avropaya xoşbəxt həyat ardınca gedənlərin əksəriyyəti orada bədbəxt olur. Heç xoşbəxt adam da Youtube kanalı açıb söyüş söyərmi? Mənim burada necə yaşadığım Avropadakı xoşbəxt adamın nəyinə lazımdır? Guya ki, vətən, xalq dərdi çəkirlər. Vallah, günləri xoş keçsə, vətən yadlarına düşməz, düşsə belə, onlarda depressiya, aqressiya yox, xoş duyğularla assosiasiya olunar. Xoş duyğular, sevgi isə insana pisləri də yaxşı gözlə görməyə imkan verir.

Avropadan Azərbaycana söyüş yağdırmağın əsasən iki səbəbi ola bilər: ya o adamlar kimlərinsə qarşısında öhdəlik götürüblər və mütəmadi olaraq şantaj olunurlar, ya da hədsiz bədbəxtdirlər və kinlərini, hirs-hikkələrini tökməyə yer axtarır, uğursuzluqlarının səbəbini vətəndə, buradakı hakimiyyətdə görürlər.

Azərbaycandakı radikal müxalifətin, özünü “vətəndaş cəmiyyəti institute” adlandıranların, milli-mənəvi dəyərlərimizə daban-daban zidd olan əxlaqsızlığı, həyat, davranış tərzlərini yayanların ideya və ilham mənbəyinin də Qərbdəki istismarçı, pozucu dairələr olduğu sirr deyil. Onlar xarici havadarlarına, oxşarlarına, mənəvi kirvələrinə arxalanaraq ölkədə daim pozğunluq yayır, gənc nəsli tərbiyəsizliyə, itaətsizliyə, dikbaşlığa, ənənələrimizə xor baxmağa sövq edir, ölkədə vaxtaşırı sabitliyi pozmağa cəhd göstərir, milli hakimiyyəti devirməyə çağırışlar edirlər.

Sadə vətəndaşların aldadılaraq, var-dövlətləri əllərindən alınaraq, evləri, əmlakları satdırılaraq Avropadakı “xoşbəxt” həyat ardınca mühacirətə göndərilməsi, sonradan “ifşa” olunaraq deportasiya edilməsi də Avropanın bizə qarşı müstəmləkəçi, sümürücü, ekspansionist siyasətinin tərkib hissəsidir. Bu istismarın müasir növü, bizə qarşı modernist, hətta post-modernist təxribatdır.

Diqqət etsək görərik ki, Avropanın vətəndaş cəmiyyəti institutları, səfirlikləri, bizdəki Qərbyönümlü müxalifət, QHT-lər, media, hətta özünü Qərbyönümlü sayan şair və yazarlar bu cür məsələlərdə vahid mövqedən çıxış edir, bir-birinə dəstək verirlər. Son zamanlar hakimiyyətə loyallığı ilə seçilən bəzi liberal, “Avropa dəyərlərini” (LGBT-ni, vətəndaş nikahını, azad seksi) təbliğ edən yazarların Qərbçi müxalifət liderlərinə qahmar çıxmaları da təsadüfi olmamalıdır. Onlara, çox güman ki, bəzi “siqnallar” çatdırıblar və ağızlarına da nələrsə atıblar.

Nadir Qocabəyli