Statistikaya baxıram, ötən həftə dünyada ən çox sitat gətirilən dövlət başçıları arasında Azərbaycan Prezidentini görürəm Statistikaya baxıram, ötən həftə dünyada ən çox sitat gətirilən dövlət başçıları arasında Azərbaycan Prezidentini görürəm

İlham Əliyev dünya gündəmində

Statistikaya baxıram, ötən həftə dünyada ən çox sitat gətirilən dövlət başçıları arasında Azərbaycan Prezidentini görürəm

Cənab İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar, səsləndirdiyi fikirlər Asiya, Avropa, Amerika və hətta Afrikanın da onlarla kütləvi informasiya vasitələrində yayımlanıb.
Dövlət başçımızın Böyük Britaniyanın “Middle East Eye” media qurumunun onun Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün vasitəçiliyi haqda suala bəlli səbəblərdən detallara varmadan verdiyi diplomatik cavabı, bir də savaş zamanı üzə çıxan problemlərlə bağlı dediklərini (Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Biz bunu da gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi heyətlə bağlı qəbul edilmiş qərarlar məhz onu göstərir ki, müəyyən problemlər də üzə çıxmışdı, amma biz onları həll etdik.)də unutmamaqla onun sözü gedən mətbuat konfransında diqqətimi daha çox çəkən fikirlərini burada qruplaşdıraraq sizinlə bölüşürəm. Hesab edirəm ki, həmən fikirlər Azərbaycanın və bütövlükdə regionun gələcəyilə bağlı bir çox suallara tam aydınlq gətirir.

Türkiyə və qardaş ölkənin silahlı qüvvələri haqda

Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək.
Mən yeni hərbi bölmələrin, Azərbaycan Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalaşması barədə göstərişlər vermişəm. Bu bölmələr artıq formalaşıb. Bu yaxınlarda biz Türkiyədən müasir texnika almışıq, o artıq gətirilib. Bu texnika bizim işimizi xeyli asanlaşdıracaq.
Bundan əlavə, müharibə başa çatandan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis ezam edilib.

Mən deyə bilərəm ki, Türkiyədən olan şirkətlər artıq bizim layihələrimizdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.
Biz azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiyə şirkətlərini görmək istəyirik. Əminəm ki, görəcəyik, inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində. Ona görə görüləcək işlər çox olacaq. Bundan sonra da, inşallah, bərabər gedəcəyik.

Ortaq Mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Bu, hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Bu, bizi çox məmnun edir. Qeyd etməliyəm ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması üç ölkənin müştərək qərarıdır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu. Çünki 10 noyabr Bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan, necə deyərlər, öz hayında idi. Ona görə əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də söylədik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın bu işlərlə nə əlaqəsi var?
Ona görə bu mərkəzin yaradılması hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Bundan başqa, siz də qeyd etdiyiniz kimi, mən də söyləmişdim ki, Türkiyədən böyük heyət gəlmişdir, 100 nəfərdən çox heyət, minaların təmizlənməsi işləri və təlim kursları aparılmışdır. Bu fəaliyyət davam etdirilir.
Bundan sonra müxtəlif sahələrdə, hərbi sahədə əməkdaşlığımız davam etdiriləcək. Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib.
Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.

Rusiya, İsgəndər raket kompleksiylə bağlı Azərbaycanın tələbi və bu ölkənin Qarabağdakı hərbçiləri haqda

Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son veriləcəkdir. Eyni zamanda, artıq bu barədə mən öz fikirlərimi bildirdim. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Onu da bildirməliyəm ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil.
Axı, hər kəs başa düşür ki, bizim üçün Dağlıq Qarabağ məsələsi həmişə bir nömrəli məsələ olub və bu gün də belədir. Lakin Azərbaycan dövləti operativ kəşfiyyat tədbirləri görməyə, orada nələr baş verdiyini bilməyə bilərdimi? Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, bizə o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazım gələcək, lakin bu, faktdır.
Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsassız, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarmış ittihamlar olmasın.
Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İsgəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.
Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır.

İşğaldan azad olunmuş torpaqlar və soydaşlarımızın ora qayıtması haqda

O ki qaldı, ikinci sualınıza, bizim soydaşlarımız öz torpaqlara nə vaxt qayıda bilərlər? Bilirsiniz, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq.

Bilirsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludurmu? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsa onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-belə, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndinə köçüb getməyə və orada yaşamağa hazırlaşıram. Buna uyğun olaraq, biz maliyyə məsələlərini və bütün digər məsələləri həll edəcəyik. Əks halda, mən öncəgörənlik etmək istəmirəm, lakin bilirəm ki, işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil. Biz, ümumiyyətlə, kimin orada yaşayacağına ciddi nəzarət edəcəyik və məhz oraya getmək istəyənlər üçün hər cür şərait yaradacağıq.

Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar.

Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərqi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər.
Bununla paralel olaraq, bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb. İşğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi, 54 min hektar kəsilib dağıdılıb. Onlar ondan müxtəlif materiallar istehsal ediblər, bildiyimə görə, orada parket biznesi də çox geniş vüsət almışdı, xarici şirkətlər də burada iştirak ediblər. Yəni, dəymiş bütün ziyan hesablanacaq, o cümlədən bizim torpaqlarımızdan qanunsuz şəkildə istifadə edən şirkətlər də cərimələndiriləcək.
Eyni zamanda, bizim təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyyətə cəlb ediləcək. Bildiyiniz kimi, azad edilmiş torpaqlarda bizim qızıl mədənlərimiz vəhşicəsinə istismar edilirdi. Bu, beynəlxalq cinayətdir. Artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb. Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da ki, məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə, tam əminəm ki, məhkəmədə onlar uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar.

Qarabağdakı haylar və onların “status”u haqda

Ümumiyyətlə, sizə deməliyəm, orada nə qədər insanın yaşaması barədə müxtəlif rəqəmlər olmaması üçün bilin ki, müharibədən əvvəl orada maksimum 60 min nəfər yaşayırdı. Biz bu məlumatları havadan götürməmişik. Biz, o cümlədən Azərbaycan peykləri vasitəsilə, obyektiv müşahidə vasitəsilə obyektiv nəzarət məlumatlarını götürmüşük.
Bizim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir. Mən sizə bir misal gətirim. Azad edilmiş bir kənddə iki yaşlı insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan “qəhrəman” erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir. Bizim də buna baxmağa imkanımız yoxdur. Bunun heç bir qohumu yoxdur. Əgər biz bunu qəbul etsək, buna kim baxacaq? Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı, yoxsa yox? Biz nə qədər səy göstərsək də, - Qırmızı Xaç da bunun şahididir, biz bunu Qırmızı Xaçın iştirakı ilə edirdik, - ondan imtina etdilər. O yaşlı kişi bizdə qaldı.
Baxın, Ermənistanın 1990-cı illərdəki müdafiə naziri azərbaycanlılara qarşı soyqırımının törədilməsində iştirak edib. Onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq.
Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz.
O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır.

Ermənistan, Zəngəzur, hay “əsirlər”, Sərkisyanın Prezident Putinin yanında verdiyi vəd haqda

Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır. Müharibədən əvvəl də Ermənistan Rusiyadan asılı olan bir ölkə idi. Mən bununla Ermənistanı ittiham etmirəm, bu, reallıqdır, yəni o asılılıq müharibədən sonra 10 qat artmışdır.
Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək.

Daha bir məsələni qeyd edə bilərəm. Hazırda bizim azad etdiyimiz şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın ordusu yoxdur. Orada Azərbaycanın Dövlət Sərhəd Xidməti var. Baxın, orada hər hansı erməni mülki əhali və Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik yoxdur. Dinc həyat mövcuddur. Biz sərhədə gəldik, sərhədə yerləşdik, sərhədi keçmədik. İndi bəzi kəndlər, bir hissəsi bizim əraziyə düşür, orada erməni silahlı qüvvələri yoxdur. Onların, Ermənistanın heç dövlət sərhəd xidməti yox idi, çünki sizə deyə bilərəm ki, Ermənistanın Türkiyə və İranla sərhədi rus qoşunları tərəfindən qorunur. Yəni, biz öz sərhədimizdə dayanmışıq. Biz erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Əksinə, 20 kilometr uzunluqda olan bir yol, hansı ki, erməni şəhərlərini birləşdirir, o yol Azərbaycan ərazisindən keçir. Biz bunun üçün imkan yaradırıq. Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur.
Bu gün Ermənistanın sabiq prezidenti Sarkisyan deyir ki, onlar müharibədə qalib gəliblər. Orijinal qələbədir, onların səngərlərində biz idik. Biz onların bayrağını çıxarıb, onları Ağdərə, Cəbrayıl və Füzuli rayonlarından qovub və Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq. Deməli, biz belə uduzmuşuq? Əladır! Bax, nümunəvi erməni istorioqrafiyası budur, mifoloji erməni elmi, o cümlədən və ilk növbədə, tarix elmi budur. Buna görə də 2016-cı ildə biz onlara dərs verdik. Belə deyərdim, bundan sonra bizə vədlər verildi. Bir halda ki, söhbət düşüb, onu da deyim. Bizə vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarkisyan Rusiyadakı görüşümüzdə belə vədlər vermişdi. O, aprel döyüşlərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi. Bəs, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifəsindən azad etdi. Son məqamda həmin Ohanyan Şuşadan qaçdı. Guya Şuşanı müdafiə etməyə gəlmişdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçdı? İndi mitinqlərdə lovğalanır, nəyə görə lovğalanması aydın deyil. Sarkisyan onu 2016-cı ilin aprelində hərbi qələbəyə görə işdən çıxarmışdı? Sarkisyana möhlət də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırmalıyam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi.
Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.

Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz.

Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir.

Və nəhayət peyvənd haqda

Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib.

Sahib Alıyev

Millət vəkili