Sovet iqtisadiyatının çökdürülməsi tendensiyası Rusiyaya qarşı da aparılır Sovet iqtisadiyatının çökdürülməsi tendensiyası Rusiyaya qarşı da aparılır

Rusiya özünə yer axtarır

Sovet iqtisadiyatının çökdürülməsi tendensiyası Rusiyaya qarşı da aparılır

Sovetlər birliyi yaranandan (1922) bəşər iqtisadiyyatına ağalıq uğrunda iki supergüc arasındakı konfrantasiya gizli və açıq şəkildə davam etməkdədir. 1991-ci ildə SSRİ-nin dağılma səbəblərini Qorbaçovla, ermənilərlə və ən nəhayət keçmiş sovet respublikalarındakı azadlıq hərəkatları ilə əlaqələndirsələr də, real səbəb Sovetlər birliyi iqtisadiyatının çökməsi oldu.Yəni, soyuq müharibə dövründə sovet iqtisadiyyatı təlatümlərə tab gətirməyərək çökdü.

Reallıqda qloballaşan dünya düzəni ifadəsi də Soyuq müharibə bitdikdən sonra daha ciddi şəkildə gündəmə gəldi. Ata Buş tək dönəmli prezidentliyi dövründə yeni dünya düzənini qurmağa çalışsa da, həyata keçirə bilmədi. Bunun tarixi, regional, iqtisadi və hərbi səbəbləri var idi. Sonradan oğul Buş da atasının imperialist siyasətini davam etdirməyə cəhd etdi. Lakin 11 sentyabr hadisələrindən fitillənən Əfqanıstana və İraqa müdaxilələr bu siyasətin həyata keçməsinə yenə mane oldu. Oğul Buşdan başlayaraq ABŞ üçün bir prioritet var idi, azalmaqda olan Amerika hegemonluğunu nəyin bahasına olursa olsun, qorumaq və yaranma prosesinin başlanğıcında olan yeni qlobal gücü dayandırmaq. Hələ Obama dövründən başlayaraq ABŞ üçün əsas iqtisadi təhdid Çin Xalq respublikası idi.

Dünya iqtisadiyatına təsir gücündə olduğunu bəyan etmək üçün isə 2022-ci il fevralın sonunda Rusiya Ukrayna ilə müharibəyə başlayaraq özünün bu düzəndə yeri olduğunu dünyaya göstərməyə çalışır.

Əvvəllər Qərbin Rusiyaya qarşı mövqeyi başqa səpgidə idi. Daha doğrusu Rusiyanın coğrafiyası, bufer zona kimi əhəmiyyəti və xammal ehtiyatları onu Qərb üçün əhəmiyyətli edirdi. Bu səbəbdən, Soyuq müharibə bitdikdən sonra ABŞ Rusiyanı özünə loyallaşdırmaq istəyirdi. ABŞ başbilənləri düşünürdülər ki, əgər Rusiya Qərbə inteqrasiya etdirilərsə, bu zaman digər postsovet ölkələrini də Qərbə yaxınlaşdırmaq daha asan olacaq. Vurğulamaq yerinə düşərdi ki, ABŞ-ın bu siyasəti 1991-1994-cü illər dövrünü əhatə edən “Russian First” siyasi konsepsiyası adlanırdı. Təsadüfi deyildi ki, ABŞ məhz bu səbəbdən 1990-cı ildə SSRİ ilə yaxınlaşma ərəfəsində açıq faşizmi, qanlı 20 yanvar hadisələrini görməzdən gəldi. Hətta daha irəliyə gedərək, 1994-cü ildə Ukraynanı öz nüvə arsenalını Rusiyaya təhvil verməyə məcbur etdi. Əslində bu gün Ukraynanın başına gələnlərin köklü səbəblərindən də biri bu xəyanətkar addım oldu. Daha sonra isə Rusiyanı Ümümdünya Ticarət Təşkilatına üzv etdirdi və Rusiyaya humanitar dəstəklər göstərdi. Boris Yeltsinə prezident seçimlərində dəstək verdi. Ancaq düşünürəm ki, ABŞ Rusiya ilə münasibətlərdə sərhədləri də müəyyən etmişdi. Belə ki, Rusiya NATO-ya üzv qəbul edilə bilməzdi. 1995-ci ildə Rusiya Müdafiə Nazirliyi NATO-ya üzv olmaq üçün ciddi cəhdlər etdi. Yeltsin administrasiyasında XİN rəhbəri Kozirev də NATO-ya üzv olmağa öz səylərini əsirgəmirdi. Lakin ABŞ buna imkan vermədi. Eyni zamanda ABŞ Çeçenistandakı müharibələri də görməzdən gəldi. 1993-cü ildə Yeltsin administrasiyasının parlamenti tanklarla bombalamasına da ABŞ biləvasitə dəstək oldu. Putin dövründə də ABŞ-la münasibətlər normal idi. Buna baxmayaraq, Rusiya ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxdı. Baxmayaraq ki, Rusiya əslində ABŞ-ın Əfqanıstana müdaxiləsinə də isti baxırdı. Çünki, bu Rusiyanı Taliban kimi problemdən qurtarırdı. Lakin məlum Münhen və Buxarest sammitləri hər şeyi dəyişdi.

O zaman Putin Münhen Təhlükəsizlik konfransında dünyanın geosiyasi reallıqlarını dəyişməyə başladı. Buxarest sammitində isə Putin Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı xəbərdarlıq etdi. Əslində bu NATO-ya və bütövlükdə Qərb ölkələrinə bir əzələ nümayişi idi. Qərbin ikili siyasətini hiss edərək, NATO-nu Gürcüstanı müdafiə etməyəcəyinə əmin olaraq, Putin 2008-ci ilin avqustunda Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal etdi, orada faktiki olaraq iki "dövlət" qurdu. Qərb bu məsələyə ciddi reaksiya vermədi. 2011-ci ildə isə Obama dövründə Rusiya ilə yeni “Reset” və ya “perezaqruska” siyasəti elan edildi. Bu siyasətin əsas məqsədi isə Çinə qarşı Rusiyanı qazanmaq idi. Lakin Obama dövründə bu siyasət daha çox alt qrupları ayaqlandırmaqla Rusiyada daha liberal şəxsi hakimiyyətə gətirmək siyasəti idi. 2011-ci ildə Rusiyada “Bolotnu” və “Saxarov” kimi 100 minlik aksiyalar keçirildi. Lakin 2014-cü ildə Rusiya Krımı anneksiya etdi, Donbasda separatizmi alovlandırdı, burada reset siyasəti bitsə də, Trump dövründə Rusiya ilə yaxınlaşma davam etdi. Trump administrasiyasının da əsas məqsədi Çini dayandırmaq idi. Buna görə də, Trump Obama dövrünün davamı olaraq Rusiyanı qazanmağa çalışırdı. Amma burada Obamadan fərqli olaraq alt qruplarla yox, birbaşa Putinlə anlaşaraq. Bayden də eyni siyasəti aparırdı. Hazırkı prezident Şimal Axını 2-yə yaşıl işıq yandırdı, Ukraynaya NATO kəşfiyyat məlumatlarını dayandırdı. Amma Rusiya köhnə iştahla yeni xülyalar quraraq, bütün postsovet və Şərqi Avropa dövlətlərinin onun təsir dairəsi kimi qəbul etməyi tələb edirdi. Təbii ki, ABŞ da bunu qəbul edə bilməzdi və etmədi də.

Açıq aşkar Rusiyaya qarşı münasibətdə boşluqların və hətta səhvlərin acı nəticələrini görən Qərb,artıq öz günahlarını birlikdə yumağa qərar verib. Düşünürəm ki, səksənlərin sonunda aparılan sovet iqtisadiyatının çökdürülməsi tendensiyası Rusiyaya qarşı da müşahidə olunmaqdadır. Yəni, getdikcə geniş vüsət alan iqtisadi sanksiyaların başlıca məqsədi Ukraynanın xilası deyil, Rusiya imperiyasının dağılması və Putin hakimiyyətinin devrilməsidir. Beləliklə, ABŞ Təhlükəsizlik müşaviri olmuş Zbiqnev Bzejinskinin təbirincə desək, Rusiyanın "ortabablaşdırılması" strategiyası uğurla davam etdirilir.

Züriyə QARAYEVA