Üçtərəfli bəyanatın tam icra olunması ilə bağlı həm Ermənistanın, həm də havadarlarının ziqzaqvari mövqeyi hələ də davam edir Üçtərəfli bəyanatın tam icra olunması ilə bağlı həm Ermənistanın, həm də havadarlarının ziqzaqvari mövqeyi hələ də davam edir

İrəvandan U dönüşü

Üçtərəfli bəyanatın tam icra olunması ilə bağlı həm Ermənistanın, həm də havadarlarının ziqzaqvari mövqeyi hələ də davam edir

Üstəlik təxribatlar da səngimək bilmir. Ötən həftənin sonu erməni tərəfi yenə silahlı təxribata əl atdı. Düşmən yenə 10 noyabr razılaşmasını pozdu və sülh əleyhinə provokativ hərəkətlərə yol verdi. Həmçinin bundan əvvəl Tərtər, Ağdam, Xocavənd, Xocalı istiqamətlərində də mövqelərimiz atəşə tutulmuşdu. Diversiya aktlarının intensiv hal alması, əli silahlı separatçıların bölgədən təmizlənməkdənsə daha da “militarizasiya” olunması, qaçqınlaın öz yurdlarına qayıtması prosesinin ləng getməsi, Zəngəzur dəhlizinin açılmaması göstərir ki, qarşı tərəf sülh gündəliyinə götürən yolu əngəlləyir. Müharibədə ordusu darmadağın edilmiş, diplomatik cəbhədə dalana dirənmiş bir dövlətin bu ritorikanı belə cəsarətlə yürütməsi arxalı köpəyin qurdu basması el məsəlini xatırladır. “Köpəy”in arxasında dayananlar isə hər vəchlə öz varlıqlarını nümayiş etdirirlər. Məsələn, dünyada “ədalət” carçısı ABŞ. Ukraynada, Gürcüstanda, Moldovada separatçılara qarşı acımasız olan dövlət Azərbaycana gələndə tam başqa mövqe sərgiləyir və hələ də Qarabağdakı kriminal və oyuncaq rejimi de-fakto müstəqil subyekt olaraq tanıyır. Ötən həftəsonu Senat 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. Görünür Arayikin təhlükəsizliyi dərdinə yanan Bayden minaların Ağdərədə, Xankəndində yox, Ağdamda, Kəlbəcərdə... olduğunu unudub. Ortaya çıxan digər sual isə ondan ibarətdir ki, ayrılan maliyyə vəsaitləri kimlər tərəfindən mənimsənir? Müharibəyədək separatçı “hakimiyyət” mövcud idi, bugün isə rus sülhməramlıları prosesləri “tənzimləyir”. Belə çıxır ki, bütün cəbhələrdə maraqları toqquşan Rusiya ilə ABŞ-ın mövqeləri yalnız Qarabağda kəsişir.

Bütün bunların üstünə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan deyir ki, “Qarabağn yekun statusu olmadan da Azərbaycanla sülh sazişi bağlana bilər”. Bu səpkidə İrəvandan verilən bəyanatların sayı çox olsa da, yekun belədir ki, İrəvan hələ də 10 noyabr bəyanatının maddələrini icra etməmə ritorikasına sadiqlik nümayiş etdirir. Dəyişilməyən bir ritorika da odur ki, Ermənistan münaqişədə tərəf olmadığını, Azərbaycanın mübarizəni Qarabağdakı separatçılarla aparmalı olduğunu göstərməyə çalışır. Bu anlamda məsuliyyəti həm də Rusiyanın çiyinlərinə yükləyir. Nəticə isə ondan ibarətdir ki, Qarabağda separatçılar durmadan silahlanır, İrəvan Brüssel razılaşmasını qəbul edən və sülhə razı olan tərəf kimi görünməyə çalışır, Moskva isə bölgədə ona ehtiyac olduğunu daha qabarıq nümayiş etdirir. Əlbəttə ki, Rusiya tərəfi bölgədə ən azından indiki durumunda (Ukrayna ilə savaş) müharibənin yenidən təkrarlanmasını istəmir və blokada vəziyyətindən çıxmaq üçün sakitliyin bərqərar olmasından və yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsindən yanadır. Lakin bu o demək deyil ki, münaqişə ocağının da tamamilə aradan qalxmasını istəyir. Bunun baş verməsi şimal qonşumuzun 200 illik bölgə planlarını alt-üst edə bilər. Bakı isə status - kvo-nun saxlanmasından narahatdır və hələ ki diplomatik cəbhədə uğurlar qazanmağa davam edir. Ordu sistemi yenidən qurulur və türk hərbi sisteminə inteqrasiya olunur, bu həm də NATO-ya inteqrasiya deməkdir. Digər tərəfdən, regionda enerji diversifikasiyalaşması tələbinin real oyunçusuna çevrilir. Aİ-yə enerji satışını artırmaqla İrəvanın mövqeyini dəstəkləyən qüvvələri oyundankənar vəziyyətə salır. Üstəlik, Laçın dəhlizinə alternativ yolun çəkilməsi Azərbaycanın hazırkı gözləmə mövqeyini anlamağımıza yetərlidir. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, yeni yolun işlək vəziyyətə düşməsindən sonra da Paşinyan məlum yanaşmasına davam etsə, dəmir yumruğu ən müasir standartlarla başında hiss edəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi