Geosiyasi proseslərdə əhəmiyyətsiz faktora çevrilən Ermənistan artıq nüfuzunu tam itirib Geosiyasi proseslərdə əhəmiyyətsiz faktora çevrilən Ermənistan artıq nüfuzunu tam itirib

İrəvan sülhdən yayındıqca uçuruma yuvarlanır

Geosiyasi proseslərdə əhəmiyyətsiz faktora çevrilən Ermənistan artıq nüfuzunu tam itirib

44 günlük müharibədə aldığı sarsıdıcı məğlubiyyətdən siyasi müvazinətini itirən İrəvan dəstəkçi axtarışındadır. Ancaq nə havadarlar, nə də ermənilər mövcud siyasi reallığı dəyişə bilməyəcəklərini anlayırlar. Atılan təxribatçı addımlar isə bumeranq effekti ilə ölkə daxilində xaos, parçalanma və qarşıdurmaların artmasına gətirib çıxarır. Bunun nəticəsidir ki, Sentyabr hadisələrindən sonra Ermənistanda xalqla hakimiyyət arasında uçurum dərinləşib. Paşinyanın siyasi paranoya durumunda Fransaya növbəti səfərinin narazılqıla qarşılanması və polisin güc tətbiq edərək aksiyaları dağıtması isə siyasi etirazları daha da qızışdırıb. Baş nazirin dayaq axtarışlarının ancaq ölkəyə fəlakət gətirdiyini deyən aksiyaçılar 44 günlük müharibənin başlamasının ildönümünü etiraz tədbirləri, narazı bəyanatlarla qeyd ediblər. Müharibədə ölən hərbçilərin valideynləri hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Erməni cəmiyyəti artıq yeni reallıqları dərk etdikcə Paşinyan daha çox küncə sıxışdırılır.

İndiki vəziyyətdən isə Paşinyan iqtidarına alternativ olan dairələr nəyin bahasına olursa olsun faydalanmağa çalışır. Əksər müxalif qüvvələr Paşinyan hakimiyyətdən gedərsə o zaman ağrılı qərarlardan qaçmağın mümkün olacağı qənaətindədirlər. Diqqət çəkən nüans odur ki, İrəvanda istər radikal müxalifə, istərsə də cəmiyyətin ən müxtəlif kəsimləri sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu açıq bəyan edir. KTMT-dən çıxmağın, Rusiya ilə münasibətləri gərginləşdirməyin səhv olacağını düşünən Seyran Ohanyan, Robert Koçaryan, Serj Sarkisyan kimi keçmiş xuntaçılar ölkənin iflas astanasında olmasını qəbul etsələr də, indiki hakimiyyət ətrafında konsolidasiyanın mümkünsüzlüyünü bildirirlər. Hayastan fraksiyasının rəhbəri, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan məğlubiyyətdən sonra Ermənistanın indiki hakimiyyətinin xarici siyasət, müdafiə, ordu quruculuğu, dövlət idarəçiliyi ilə bağlı məsələlərdə uğursuzluğa düçar olduğunu ifadə edib. Onun fikrincə, indiki reallıqlarda hakimiyyəti dərhal dəyişmək lazımdır. 1997-ci ildə olduğu kimi bu dəfə də sülh göyərçini rolunda ilk dəfə ortaya çıxan Levon Ter-Petrosyan oldu. Petrosyan bildirib ki, “əgər Bakı və Ankara ilə problem həll olunmasa o zaman Ermənistanın dövlətçiliyi təhdid altına düşəcək. Dünyada elə qonşu ölkələr yoxdur ki onlar arasında sülh müqaviləsi imzalanmasın”. Görünən odur ki, erməni elitası reallıqla getdikcə barışır və təslim şərtlərini qəbul etməyəcəkləri təqdirdə Ermənistanın gələcəyinin sual altında olduğunu nəhayət ki, dərk edirlər. Hazırda erməni mediasında və ictimai fikrində Paşinyanı əvəz edəcək şəxsin daha arzuolunmaz sənədi imzalamaq məcburiyyətində olacağı versiyasının səsləndirilməsini dolayısı ilə sülh sazişinin imzalanmasına çağırış kimi qiymətləndirmək mümkündür.

Birmənalı şəkildə demək olar ki, İrəvan artıq çıxılmazlıq qarşısındadı. Azərbaycan isə qalib ölkə kimi əlverişli tranzit habına və geosiyasi proseslərin aparıcı aktoruna çevrilir. Erməni kütləvi informasiya vasitələrində bu fakt böyük narahatlıqla qeyd olunur. Haylar ölkəsində isə iqtisadi durum da acınacaqlıdır. Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq vəziyyətində yaşayır. 10 faizi dilənçilik həddinə düşüb. Ermənistan Mərkəzi Bankı 2022-ci ilin sonuna kimi infilyasiyanın 22 faiz olacağını proqnozlaşdırır. Bütün bunları nəzərə alaraq, Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişinə dair 5 baza prinsiplə danışıqlar masasına oturmalıdır. Mövcud hərbi siyasi reallıq da bunu diktə edir. Kapitulyant ölkənin düşdüyü böhrandan çıxması və sabitlik üçün yeganə alternativ Azərbaycanın diktə etdiyi şərtlərin qəbul olunması və müqavilənin imzalanamsıdır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi