Orta dəhlizlə bağlı İrəvanın müqaviməti qırılır

Zəngəzur dəhlizi reallaşacaq

Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Rusiyadan yan keçməklə mövcud tədarük yollarına alternativlər axtarışındadır. Çünki qlobal yükdaşımalarda tələbat xüsusən Rusiya-Ukrayna müharibəsi fonunda hər keçəın gün daha da artır. Rəsmi Bakının stimullaşdırdığı Orta Dəhlizin reallaşma imkanları da məhz bu kontekstdə getdikcə güclənir. Çindən gələn yüklərin Mərkəzi Asiya ilə daşınması potensialı Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır.

Dünyada hökm sürən acınacaqlı geosiyasət fonunda Avropa və Asiya ölkələrinin iqtisadi-ticari əməkdaşlığı bu dəhliz vasitəsilə daha optimal şəkildə reallaşacaq. Bu baxımdan Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Avropa və Asiya üçün mühüm layihədir. Zəngəzur dəhlizi həm də Süveyş kanalından keçən dəmiryoluna alternativ olaraq formalaşacaq. Bu səbəbdən dünya ölkələrinin bu tranzit xəttinə marağı böyükdür. Əsas səbəb isə odur ki, Şərqdən gələn yük ən qısa zamanda ünvana çatacaq. Ən qısa zamanda çatdırılma isə daha ucuz məhsul demək olduğu üçün mövcud kəskin infilyasiya şərtlərində dəhlizin rentabelliyini gözardı etmək mümkünsüzdür. Orta dəhlizin açılması Şərq-Qərb marşrutu üzrə nəqliyyatın intensivliyinə imkan verəcək. Odur ki, həm region, həm də dünya ölkələri bu dəhlizdən faydalanmaq üçün layihənin icrasına maksimum dəstək verməlidir.
Məsələyə həm də Çinlə Avropanı birləşdirən kəmər yol layihəsi kimi baxdıqda mənzərə bizə daha aydın görünür. Çindən Avropaya gedəcək yol məhz Zəngəzurdan keçəcək. Layihə bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrini, daha geniş mənada isə Cənub Şərqi və Mərkəzi Asiya ilə Avropanı əlaqələndirəcək. Zəngəzur dəhlizi həm bu xəttə, həm də Finlandiyadan Rusiyadan başlıyaraq Hindistana qədərə uzanan Şimal dəhlizinə inteqrasiya olunacaq.
Məlumdur ki, Azərbaycan iki meqalayihə-Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Hazırda əsas məqsəd Şimal-Cənub dəhlizi vasitəsilə Azərbaycan ərazisindən keçən yüklərin həcmini 15 milyon tondan 30 milyon tona çatdırmaqdır. Marşrutun əsas seqmentlərindən sayılan Bakı-Tbilis Qars xəttinin ötürücülük qabiliyyətinin isə 1 milyon tondan 5 milyon tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə yüklərin daşınmasının Xəzər dənizi üzərindən aparılması imkanları da mövcuddur. Lakin hesablamalar göstərir ki, indiki nəqliyyat tranzit xəritəsində hazırki bütün dəhlizlər işlək olsa belə, tələbatı ödəmək qabiliyyətində deyil. Odur ki, Azərbaycanın bu tələbata uyğun olaraq konkret tranzit imkanlarını genişləndirməsi həm də beynəlxalq çağırışlara cavabdır.
Ermənistan və havadarları hələ də bu dəhlizin açılmasına mane olmağa çalışır. Onları narahat edən əsas faktot isə Azərbaycan-Naxçıvan və Azərbaycanla Türkiyə arasında birbaşa nəqliyyatın təmin olunmasıdır. Azərbaycanı Naxçınala birlşədirəcək Zəngəzur dəhlizi həm də Türk dünyasının birləşməsi baxımından böyük əhəmiyyətə malikdir. Ermənistan dəhlizi yol kimi qələmə verməklə layihənin reallaşmasına mane olmağa çalışsa da, son Soçi görüşündə Putinin “bölgədə bütün dəhlizlərin işləməsi vacibdir” tezisi rəsmi İrəvanın müqavimətinin qırıldığının göstəricisidir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi