- Yazarlar
- 25 Yanvar 2023 17:09
- 9 022
Laçın yolundakı etirazlar müsbət nəticələr doğurur
Laçın dəhlizində azərbaycanlı ekofəalların aksiyası artıq 44 günə yaxındır ki, davam edir. Azərbaycanlı ekofəalların əsas tələbi Şuşa və Xankəndi arasında yerləşən qızıl yataqlarının qanunsuz istismarının qarşısının alınması üçün Azərbaycan monitorinqinə icazə verilməsi və Laçın dəhlizindən gələn yüklərə nəzarətdir. Rəsmi Bakı Rusiya sülhməramlının nəzarətində olan suveren ərazilərimizə daşınan yüklərə məhz bu yolla nəzarət rejimi qurmağa, məhz yumşaq güc vasitəsilə keçidə nəzarət formalaşdırmağa çalışır. Etirazların ciddi nəticələrinin artıq şahidi olmaqdayıq.
Bu durumda Qarabağ erməniləri ilə reinteqrasiya proqramının yaxında ciddi şəkildə icra olunacağı gözləniləndir. Bununla bağlı artıq yol xəritəsi də hazırlanıb. Bunun üçün Qarabağ ermənilərinin reinteqrasiyası üzrə xüsusi nümayəndənin təyin edilməsi, bu işdə Mədəniyyət xadimləri və ictimai fiqurların danışıqlara cəlb edilməsi müşahidə edilə bilər. Beynəlxalq tərəfdaşlarla birgə həm azərbaycanlı, həm də erməni qaçqınların Hadrut və digər keçmiş DQMV ərazilərinə qayıdışı üçün mexanizm hazırlana bilər. Qarabağ erməniləri üçün Azərbaycan qeydiyyatlı ”neytral passportların” paylanması, Erməni Həvari Kilsəsinin Azərbaycanda yeparxiyasının yaradılması və Azərbaycandakı erməni kilsələrinin, qəbirstanlıqlarının bu yeparxiya nəzarətinə verilməsi kimi addımlar da gözləniləndir. Naxçıvanın statusunun ləğvi də bu proseslərin davamı ola bilər. Prezidentin xüsusi nümayəndəsinin Naxçıvana təyinatı onu göstərir ki, bu modelin Qarabağa tətbiqi, bəzi rayonların ləğvi ehtimalı olduqca yüksəkdir. Azərbaycanda bu məsələlər mədəni muxtariyyət statusundan kənara çıxmamalıdır.
Bakının bu istiqamətdə uğurlu strategiya yürütdüyü erməni separatçıları arasında kommunikasiyanın pozulmasından, intriqianın güclənməsindən də bəllidir. Yaxın günlərdə Vardanyanın BBC-nin “Hard Talk” verilişinə müsahibəsi də dediklərimizi təsdiqləyir. Onun aparıcı Stiven Sakurun Paşinyanla Vardanyanın münasibətlərinin zərərli olması, rəsmi İrəvanın onunla heç bir işgüzar əlaqə qurmaq istəməməsi iə bağlı sualından yayınması, 1980-ci illərdə Azərbaycan məktəblərində keçirilən tarix kitabında “bu ərazilərin ermənilərə aid olduğu”nun yazıldığını iddia etməsinə qədər olan fikirləri Vardanyanın həm Bakı, həm də İrəvan üçün ortaq təhdid olduğunu göstərir. Paşinyan, Arutunyan və Vardanyan arasında qopuqluq Qarabağ ermənilərinin reinteqrasiyası baxımından uğurlu strategiya hesab oluna bilər. Vardanyan anlaşılandır ki, Rusiyanın adamıdır və məqsəd Qarabağdan böyükdü. Moskva Vardanyan vasitəsilə Paşinyanı əvəz etmək və onu Ermənistan siyasətinə daxil etməyə çalışır. İndiki vəziyyətdə isə ekoaktivistlərin etirazları və separatçıların mövcud olduğu bölgədə əhalinin qıtlıqla üzləşməsi həm terrorçuların, həm də Rusiyanın planlarını alt-üst edir. Bu durumda Bakı ilə İrəvanın uzlaşma ehtimalı artır.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi