- Yazarlar
- 2 Fevral 2023 17:32
- 11 105
Putin-Paşinyan telefon danışığından nələr gözlənilir?
1 fevral tarixində Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub. Telefon zəngində müzakirə olunan məsələlərlə bağlı detallı məlumatlar verilməsə də, həm rus, həm erməni mediasında yazılan xəbərlərin ortaq məzmunu danışıqların üçtərəfli bəyanat ətrafında getməsi ilə bağlıdır.
Məlum məsələdir ki, Rusiya münaqişə ocağının tamamilə aradan qaldırılmasında maraqlı deyil. Çünki, problemlər mövcud olduğu müddətcə, İrəvan və Bakını monipulyasiya etmək Moskva üçün daha rahatdır. Moskvanın maraqlarına uyğun olan tək məsələ isə kommunikasiya əlaqələrinin açılmasıdır. Zəngəzur dəhlizinin Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan əhəmiyyəti var. Əvvəla, bəyanata əsasən dəhlizə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir. Bu baxımdan dəhliz açılarsa, Moskvanın təsir mexanizmləri güclənə bilər. İkinci tərəfdən, Rusiyanın blokadada olduğu vaxtda Hindistana, Çinə uzanan ən qısa yola ehtiyacı var. Bu variant Kremlə həmin marşrutdan istifadə edən ölkələrin – Azərbaycanın, Türkiyənin, eləcə də Avropa və Asiya ölkələrinin yükdaşımalarını nəzarətdə saxlamaq imkanı verəcək. Yəni, Rusiya Zəngəzur dəhlizindən həm istifadə etmək, həm də onu öz kontrolunda saxlamaq istəyir.
Dəhliz qarşılığında ehtimal ki, Paşinyan Laçın dəhlizinin açılması ilə bağlı Putinə müraciət edib. Son dövrlər Paşinyanın ritorikasında yumşalma hiss olunur. İrəvan administrasiyası çarəni Moskvada axtarmağa cəhd edir. Əvvəla, Rusiya coğrafiya baxımından daha yaxındadır və proseslərə müdaxilə imkanları Vaşinqton və Brüssellə müqayisədə daha güclüdür. İkinci tərəfdən, Rusiya tərəfindən ortaya atılan Ruben Vardanyan Bakı-Xankəndi formatının yaradılmasından ziyadə, həm də Paşinyana alternativ fiqur olaraq hazırlandığı üçün indiki məqamda Nikolun hakimiyyətdə qalması Putinin istəyindən daha çox aslıdır. Digər tərəfdən isə, Qərb Ermənistana istədiklərini vermə iqtidarında olmadığını açıq-aşkar göstərdi. Bir müddət öncə Fransa Senatının spikerinin İrəvana səfəri zamanı “Xankəndi Azərbaycanın suveren ərazisidir” deməsi artıq Qərblə iplərin qopduğunu göstərdi. Üzərinə beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qaldırmağa çalışdığı iddiaların da nəticəsiz qalması Paşinyana “örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçər” misalını xatırlatdı.
Telefon danışığından sonra Rusiya Xarici İşlər Naziri Serqey Lavrov ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığının olması üçtərəfli görüşün keçirilməsi ilə bağlı ortada razılığın əldə edilməsinə işarə ola bilər. Yuxarıda qeyd edilənlər kontekstində yanaşsaq, potensial görüşdən sonra kommunikasiya əlaqələrinin bərpası ilə bağlı praktiki addımların atılacağını proqnoz etmək olar.
Bəs Bakı sülh müqaviləsi olmadan kommunikasiya əlaqələrinin açılmasında maraqlıdırmı?
Sülh müqaviləsi imzalanmadan sərhədlərin açılması fikrimcə, təhlükəsizlik baxımından riskli addımdır. Qarşı tərəfin hələ də ölkəmizə qarşı ərazi iddiaları varsa, sərhədlərin müəyyənləşməsinə əngəl törədirsə, separatçıların təmizlənmə işini həyata keçirmirsə, bu durumda kommunikasiyaların bərpası təxribatların icrası üçün yeni trayektoriyalar açmaq deməkdir. Həm də bu məsələnin hüquqi baxımdan da icrası mümkünsüzdür. Tanınmayan sərhədlərin açılması nə hüquqi, nə siyasi, nə təhlükəsizlik baxımından uyğun deyil. Ona görə də, Bakının müvafiq təklifə Moskva və İrəvan maraqlarına uyğun şəkildə cavab verəcəyini gözləmək olmaz.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi