- Yazarlar
- 5 Aprel 2023 15:48
- 28 091
Ermənistanın başqa yolu qalmadı
Prezident İlham Əliyev ötən il çıxışlarının birində bildirmişdi ki, 2023-cü il Ermənistan üçün son şans ili olacaq. Bu il ordumuz tərəfindən icra edilən əməliyyatlar və əldə edilən ciddi nəticələr də göstərdi ki, həmin bəyanat öz təsdiqini tapır. Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürülüb. Azərbaycan ordusu son əməliyyatlarla Şuşanın Rusiya sülhməramlılarının nəzarəti altında qalan iki kəndinə Allahqulular və Zamanpəyəsinə nəzarəti bərpa edib. Artıq neçə gündür Azərbaycan Ordusunun hissələri işğaldakı yüksəklikləri və kəndləri separatçılardan təmizləyir. Bu proses hərbi əməliyyatlarsız, “səssiz müharibə” taktikası ilə icra olunur. Biz qarşı tərəfin öhdəliklərini icra etməsi üçün zaman tanıdıq, səbr etdik. Ancaq eyni zamanda dedik ki, ötən 30 il göstərdiyimiz səbri nümayiş etdirmək fikrimiz yoxdu. Bu da nəticə. Ordunun əməliyyatları zərgər dəqiqliyi ilə, sərrast manevrlərlə aparılır. Əməliyyatların nəticələri addımların silsilə şəklində atıldığını da göstərir. Ötən il Fərrux əməliyyatı zamanı ələ keçirilən yüksəkliklər hazırki strateji bölgələrin əldə edilməsində əsas rol oynayır.
Məlumdur ki, yerdə qalan problemlərin həllində əsas əngəl Laçın dəhlizində nəzarətin olmaması ilə bağlı idi. Separatçılar da həmin yoldan istifadə ilə canlanırlar. Bu gün ordumuzun əməliyyatları, eləcə də keçirilən aksiyalar sayəsində həm köhnə, həm yeni Laçın yoluna nəzarət əldə edilib. Separatçıların nəfəsliyi demək olar ki, tıxanıb. Geridə qalan tək addım nəzarət postunun quraşdırılmasıdır. Bu durumda onların buna mane olmaq şansı da qalmır. Çünki bu günə qədər yollardan istədikləri şəkildə istifadə edirdilər. İndi bu imkanlar aradan qaldırıldığı üçün postun quraşdırılmasına mane olmaq üçün heç bir səbəb qalmır.
Bugün Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması bu istiqamətdə dəyərləndirə biləcəyimiz önəmli məsələdir. Bu addımla Bakı üzərində düşdüyü bütün öhdəlikləri, eyni zamanda erməni əsilli vətəndaşların haqq və hüquqlarının təmini ilə bağlı bütün məsələləri həll etdiyini beynəlxalq ictimaiyyətə göstərdi. Üstəlik erməni əhalisinə mesaj göndərmiş oldu ki, bütün problemləriniz həlli bizimlə həmrəylikdən keçir. Bu hadisə ermənilərlə azərbaycanlıların birlikdə yaşaması üçün heç bir əngəlin olmadığını da nümayiş etdirir.
Paşinyana gəldikdə isə o, sülh sazişinə məcburən yaxınlaşır. Çünki İrəvan üçün də bütün yollar bağlanıb. Rusiya kömək etmir və ya edə bilmir, Avropa İttifaqı Bakı ilə hesablaşmaq məcburiyyətindədir, İranın isə öz gününə ağlayan lazım. Bu durumda ipə-sapa yatmaqdan başqa çıxış yolu yoxdur.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi