Ata vəsiyyətinin açdığı zəfər yolu

Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Azərbaycan tarixinin ən vacib hadisələrindəndir. Bu regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur. Laçın-Xankəndi yolunda buraxılış məntəqəsinin quraşdırılması Qarabağdakı vəziyyətin kökündən dəyişilməsidir. Azərbaycan tərəfi Xankəndi üzərində qanuni hakimiyyətini bərqərar etmək üçün bir neçə cəbhədən strateji addımlar atdı. Diplomatiya uğurla aparıldı. Ordu önəmli irəliləyişlər və əməliyyatlar həyata keçirdi. Ekoloji aktivistlər Laçin yolundan qanunsuz istifadəni məhdudlaşdırdı. Zabux və Cağazur kəndləri arasında önəmli yüksəkliklər, köhnə və yeni Laçın yolunun nəzarətə götürülməsi artıq separatçıların nəfəsliyini bağladı. Bu durumda Laçın yolunda postun quraşdırılması yolunda əngəllər də aradan qalxmış oldu. Çünki, onsuzda post quraşdırılmasa belə yoldan qanunsuz istifadə məhdudlaşdırıldığına görə, məntəqəyə etiraz etmək üçün əsasları qalmırdı.

Bu hadisə olduqca önəmli qələbədir. Azərbaycanın Xankəndi üzərində faktiki hakimiyyətinin qurulması deməkdir. Bu durumda rus sülhməramlılarına bölgədə ümumiyyətlə ehtiyac qalmır. Belə bir ehtiyac var idisə də, onlar bu missiyanın öhdəsindən gələ bilməmişdi. Məqsədləri sadəcə separatizmi alovlu vəziyyətdə saxlamaqla, varlıqlarına ehtiyac görüntüsü yaratmaq idi. Bakı isə real görüntünü hər kəsin gözündə sərgilədi. Separatçıların resurslarının daşınması mümkün olmadığına görə, Rusiyanın da bölgə ilə bağlı hədəfləri suya düşmüş oldu. Beləcə, ölkəmiz nəzarət məntəqəsi quraşdırmaqla Ermənistanı da, Rusiyanı da, hətta Fransa və İranı da neytrallaşdırdı. Separatçılara vurulan bu zərbə yaxın tarixdə digər ərazilərdə də Azərbaycan bayrağının dalğalanmasına dəlalət edir.

Bu durumda Prezident İlham Əliyevin çıxışlarındakı tezislərin hər birinin reallaşması da diqqətdən yayınmır. “2023-cü il Ermənistan üçün son şans ili olacaq”, “Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə - müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq”, “Mən nəyi, nə vaxt və necə edəcəyimi çox yaxşı bilirəm” kimi bəyanatlar Əliyevin heç bir cümləni söz xətrinə qurmadığını, ifadə etdiyi proqnozların gələcəyə yönəlik hədəflər olduğunun göstəricisidir. Bu minvalla biz Zəngəzurun da bir addımlığında olduğumuza daha böyük ümidlərimiz yaranır. Müzəffər baş komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdiyi kimi, babasının məzarı önündə verdiyi sözləri də yerinə yetirəcəyinə şübhəmiz yoxdur.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi