Bir millət, iki dövlət, bir yumruq olan Türkiyə-Azərbaycan qardaşlığı

Azərbaycan Ordusu 30 illik işğala son qoymaqla yalnız beynəlxalq ədaləti bərpa etməyib, həm də böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər baxımından yeni mənzərə yaradıb. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin də təməlində çoxəsrlik milli birlik, xalqların qardaşlığı prinsipi dayansa da, əlaqələrin hazırki səviyyəyə qalxmasında liderlərin uğurla strategiyası böyük rol oynayıb. Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin Prezidentlik dövründə daim diqqət mərkəzində saxlanıldı, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirildi. Heydər Əliyevin “bir millət, iki dövlət” tezisinin təntənəsinə çevrilən bu münasibətlər İlham Əliyevin prezidentlik dövründə kulminasiya dönəmini yaşadı. Fövqəl qardaşlıq bütün sahələri əhatə etdiyi kimi, 44 günlük qələbədən sonra türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərdi. Türk Dövlətləri Təşkilatı Türkiyə-Azərbaycan qardaşlığı nümunəsində local təşkilatdan dünyanın aparıcı beyəlxalq təşkilatı səviyyəsinə yüksələ bildi. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri bütün türk dövlətləri arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına Prezident İlham Əliyevin “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir.
Türkiyənin milli lideri Atatürkün “Azərbaycan xalqının sevinci, sevincimiz, kədəri kədərimizdir” tezisinin təntənəsi də 44 günlük Vətən müharibəsində qardaş ölkənin siyasi, mənəvi, hərbi dəstəyi timsalında dünyaya nümunə oldu. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Təsadüfi deyil ki, Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu nümayişin hüquqi təzahürü isə Şuşa bəyannaməsi oldu. Əlbəttə, bundan öncə də ölkələrimiz arasında xüsusən hərbi əməkdaşlığı ehtiva edən çox sayda sənədlər imzalanıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra qardaş Türkiyənin təcrübə və imkanlarından istifadə etməklə Silahlı Qüvvələrin inkişafı proritet məsələyə çevrilib. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və birgə layihələr, kadr hazırlığı, birgə hərbi təlimlər haqqında bəhs edilən sazişlərin nəticəsi olub. Qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıdı. Lakin Şuşa bəyannaməsi həm də imzalandığı tarixi şərait və verdiyi mesajlar etibarıyla özündən əvvəlkilərin fövqündə dayanır. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
İki qardaş müttəfiq ölkə arasında hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, Konyada keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərini göstərmək olar. Bakıda “ADEX-2014, “ADEX-2016”, “ADEX-2018”, İstanbulda isə “IDEF-2017”, “IDEF-2019” və “IDEF-2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına önəmli töhfələr verdi. Bu baxımdan 2020-ci il iyul ayının sonundan başlayan genişmiqyaslı “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönələrək mühüm bir mərhələni özündə ehtiva etdi. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir.
Ötən il mayın 28-də Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının keçirilməsi, bu il İstanbulda keçirilən festivala president İlham Əliyevin də dəvət alması Türkiyənin artan gücünün Azərbaycanı gücləndirməsi və hər iki ölkənin bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilməsinin nümunəsidir. Festivalda çıxış zamanı ölkə liderlərinin verdiyi mesajlar da qardaşlıq əlaqələrinin dinamik inkişaf tərənnümü olmaqla yanaşı, yaxşı gün və pis gün ortaqlığının-Atatürk fəlsəfəsinin təcrübəsini gözlər önünə sərdi. Hazırki fəlsəıfənin təməlində isə, qarşılıqlı faydalı əməkdaşlıq, Liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi