- Yazarlar
- 2 May 2023 15:01
- 9 761
İran-İsrail müharibəsinin baş vermə ehtimalı varmı?
İsrail və İran arasında Yaxın Şərqdə davam edən kölgə müharibəsi daha aktiv fazaya keçmək üzrədir. Nüvə silahı üçün 90%-lik zənginləşdirilmiş uran tələb olunursa İranda bu göstərici artıq 84%-ə çatmışdır. Ancaq indi potensial müharibənin daha böyük miqyas alma təhlükəsi yaranıb. Bu təhlükə xüsusən Naftali Bennetin başçılıq etdiyi İsrail hökumətinin qurulmasından sonra İranın hərbi və nüvə imkanlarına qarşı tətbiq etdiyi “Ahtapot doktrinası”nın nəticəsi olaraq üzə çıxıb. Son on il ərzində İsrail, xüsusən də Suriyada İran silahlı qüvvələrinə və silah daşınmasına qarşı hava zərbələrini hər zaman icra edib. Amma indi İsrail rəsmilərinin ifadə etdiyi kimi desək, İraq, Suriya, Livan və Qəzza kimi yerlərdə deyil, İrandakı “ahtapot”un başını hədəf alaraq “yeni müdafiə strategiyası” həyata keçirirlər.
Tehran Livanda Hizbullah, Qəzza zolağında Həmas və İslami Cihad, Yəməndə Husilər, Suriya və İraqda şiə agentləri vasitəsilə bir sıra milis və terror qruplarının yaranmasına kömək edib. Üstəlik, İsrail müdafiə rəsmilərinin sözlərinə görə, İran pilotsuz təyyarələrinin İsrailin mürəkkəb hava hücumundan müdafiə şəbəkəsinə nüfuz etmək riski artmaqdadır. İsrailin xarici işlər naziri Yair Lapid verdiyi açıqlamada aşağıdakı ifadələrdən istifadə edib: “Əgər iranlılar terroru qapımıza gətirə biləcəklərini və bunun qarşılıqsız qalacağını düşünürlərsə, yanılırlar”.
Lakin indiki halda müharibə gözləniləndirmi? Nəzərə almaq lazımdır ki, son 30 ildə İran, xüsusən də Hizbullah Latın Amerikası, Şərqi Avropa və Asiyada İsrail və yəhudi hədəflərini dəfələrlə vurub. Bunlara 1990-cı illərdə Buenos-Ayresdə İsrail səfirliyi və yəhudi mədəniyyət mərkəzini hədəf alan iki bombalı avtomobil hücumu, 2012-ci ildə Bolqarıstanda israilli turistlərə qarşı hücum və eyni il Yeni Dehlidə İsrail diplomatlarını hədəf alan terakt daxildir. Bütün bunlar Yaxın Şərqdə böyük müharibəyə səbəb olmayıbsa, düşünürəm ki, indiki vəziyyətdə də eskalasiyanın yaşanması gözlənilən deyil. İkinci tərəfdən, İran dünya ölkələri içərisində qüdrətinə görə 17-ci, İsrail isə 18-ci yerdə qərarlaşır. Bu amil tərəfləri bir-birləri ilə açıq şəkildə müharibə etməkdən çəkindirir. Ona görə də, İsrailin hazırki siyasəti daha çox müttəfiq halqasını genişləndirməyə yönəlib. Israil prezidenti Netanyahu bu vəziyyətin qarşısını almaq üçün qonşu ərəb dövlətlərini də İranla bağlı mövqe bildirməyə çağırması da, mübarizədə ərəb ölkələrindən istifadə niyyətini ifadə edir. Lakin həmin ölkələr enerji ixrac edən dövlətlərdir. İranın bu ölkələrə zərbə endirməsi enerji resurslarının qiymətini kəskin artıra bilər. Enerji resurslarına qiymətlərin kəskin artması Qərbdə inflyasiya göstəricilərini yüksəldib, ölkələri iqtisadi böhrana düçar edə bilər. Bu zaman Ukraynaya edilən yardımların həcm və intensivliyi azala, Rusiyaya qarşı tədbiq edilən sanksiyaların effektivliyi aşağı düşə bilər. Belə olduqda, müharibə fazası İsrailin əsas dəstəkçisi olan ABŞ-ın da maraqlarına uyğun olmadığı qənaətini doğurur.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi