- Yazarlar
- 3 May 2023 17:52
- 11 654
Okeanın o tayından əsən külək Şimal küləyini üstələyəcəkmi?
Mayın 1 və 2-də Vaşinqtonda ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş olub. ABŞ Dövlət katibi Antony Blinkenlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan təkbətək görüşlərdən sonra BBC-yə açıqlama verən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi deyib ki, sülh danışıqları bir çox məsələləri əhatə etdiyi üçün “çətin prosesdir”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasında göstərilən yardım alqışlana bilər, amma bu yardım Rusiya Federasiyası ilə birlikdə bağlanmış üçtərəfli sazişlər əsasında ola bilər: “Hələlik, nizamlanmaya töhfə verəcək hər hansı başqa bir hüquqi əsas yoxdur. Buna görə də, indiyə qədər bu üçtərəfli sənədlər tamamilə alternativsizdir”. Əslində vəziyyət necədir?
Laçın-Xankəndi yolu üzərində nəzarət buraxılış məntəqəsinin quraşdırılmasından sonra Vaşinqton görüşündən gözləntilər daha da yüksəldi. Əvvəla, bu görüş ABŞ-ın moderatorluğu ilə orada keçirilən ilk görüş idi. Üstəlik, bugünə qədər Qərb platformasında keçirilən görüşlərin faydalılığını aşağı salan amil “dəhliz format”nda tərəflərin israrlı olması idi. Bu məsələdə ölkəmiz öz qətiyyətini ortaya qoyaraq “Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin” qurulmasına nail oldu. Bu irəliləyişdən sonra Vaşinqtonun təşəbbüsü ələ alacağı gözlənilən idi. ABŞ ənənəvi taktikasını işə salmaqdadır. Proseslərin qızğın dönəmində kənarda qalıb, yetişən vəziyyətdən faydalanmaq Birləşmiş Ştatların Qarabağla bağlı ritorikasında da özünü göstərir. Vaşinqton çox yaxşı anlıyır ki, proseslər tamamilə Bakının haqı maraqları çərçivəsində inkişaf edir və yaxın gələcəkdə digər problemlər də xoşluqla və ya məcburiyyətlə Azərbaycanın xeyrinə həllini tapacaq. Odur ki, Bayden administrasiyası hazırki situasiyanı qəbullanaraq öz platformasında praktiki irəliləyişin olduğu görüntüsünü yaratmağa çalışır. Bu baxımdan tərəflərin “yol xəritəsi” üzərində apardığı müzakirələr yaxın gələcəkdə faktiki sülh müqaviləsi ilə yekunlaşa bilər. Bu, həm də Qərbin Rusiyaya qarşı demarşı deməkdir. Bundan sonra ABŞ-ın hədəf aldığı məsələ çox güman ki, Zəngəzur dəhlizi olacaq. Laçında sərhəd-buraxılış məntəqəsi yerləşdirilsə də, faktiki nəzarət həm də Rusiyanın əlindədir. Naxçıvana vasitəsiz keçid təmin olunduğu təqdirdə, Zəngəzur dəhlizində də nəzarət Rusiyanın əlində olmuş olacaq. Bu isə Qərbin maraqlarına tamamilə ziddir. O baxımdan Vaşinqton sərhədlərin delimitasiya olunma prosesini sürətləndirə və Ermənistana Rusiya tərəfindən “hədiyyə” olunan bölgələrin qaytarılmasına təkan verə bilər ki, bu zaman düzgün xəritələr əsasında aparılmış delimitasiya prosesində Mehri rayonunun Nüvədi kəndi Azərbaycana qaytarılmış ola bilər və nəticədə Naxçıvana Rusiyanın nəzarəti olmadan təbii yolla keçid təmin olunmuş olar. Vaşinqton-Moskva cəbhəsində toqquşan məqamlardan biri də ermənilərin re-inteqrasiyası prosesidir. Rusiya xüsusən indiki dövrdə tamamilə labüdləşən bu prosesi maksimum dərəcədə sabotaj etməyə cəhd edir. Çünki, ermənilərAzərbaycan vətəndaşlağını qəbul edərsə, bu, Rusiyanın Cənubi Qafqazda sonu deməkdir. Hazırda moskvanın tək tutunduğu rıçaq Qarabağdakı ermənilərdir. Hesab edirəm ki, Vaşinqton görüşü zamanı etnik ermənilərin hüquqları üzərində dayanılmaması bu xəttdə də toqquşma olacağından xəbər verir. Qısacası, okeanın o tayından bu tayına isti küləklərin əsməsi gözlənilir, Şimal küləyi sürətlənməzsə…
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi