İrəvanın Brüssel məğlubiyyəti

Bu dəfəki görüşü ənənəvi görüşlərin davamı hesab edirəm. Brüsseldə ciddi irəliləyişin olduğunu düşünməsəm də, həmişəki kimi müəyyən detalların müzakirəsi, tərəflərin mövqeyini açıq şəkildə bildirməsi və əlbəttə ki, sonradan müzakirələrin yerinə yetirilməməsi baxımından beynəlxalq çərçivədə Bakının əlinin güclənəcəyini təxmin edirəm.

Paşinyan görüşlərdə ərazi bütövlüyünü tanıyır, lakin sonra tamamilə əks mövqe sərgiləyir, ərazi iddialarında bulunur, bu azmış kimi sərhəddə təxribata əl atır. Bu baxımdan bu cür görüşlərin keçirilməsi ilə təxribat və sabotaj ritorikasından heç vaxt əl çəkməyən erməniləri yola gətirməyin tək çarəsinin sahədə olduğu bir daha təsdiqlənir. Unutmaq olmaz ki, Qərb suverenlik məsələsində ölkəmizi dəstəkləyir. Qarabağ məsələsini gündəmə gətirmir. Bunun bizim daxili məsələmiz olduğunu qəbul edir. Lakin uzlaşmayan maraqlarımız sərhəd və kommunikasiya ilə bağlıdır. Bu istiqamətlərdə isə ilk növbədə sərhəd müəyyənləşməsinin icrasl labüddür ki, delimitasiyanın Rusiya platformasında həll olunacağını ehtimal etmək olar. Bu, Qərbdə həll olunsa belə Moskva prosesi pozacaq. Biz isə rus sülhməramlıları ərazimizdə olduğu haıda bu cür fundamental məsələnin həllinə Brüsseldə nail ola bilməyəcəyik və olsaq belə, bu təhlükəli olacaq. Delimitasiyanın Rysiya ilə razılaşdırılması ehtimalolunandır. Əlbəttə ki, şimal qonşumuzun maraqları bizlə toqquşur ancaq bundan öncə Laçın yolu üzərində NBM quraşdırılarkən də toqquşurdu, amma uzlaşmaya məcbur edə bildik. Bütün bunlar kontekstində düşünmək olar ki, problemlərin həlli diplomatiyanın daha da gücləndirilməsindən və Moskvanı maraq uzlaşmasına vadar etməkdən keçir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi