- Yazarlar
- 1 İyun 2023 18:14
- 9 512
Kılıçdaroğlunu İmamoğlu əvəz edir?
Türkiyədə prezident və parlament seçkiləri sonrası müxalifət daxilində parçalanma davam edir. Prezident seçkilərində qalibin açıqlanmasından sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilk paylaşım edib. “Heç kim narahat olmasın. Hər şey yenidən başlayır. Unutmayın, dəyişməyən yeganə şey dəyişimdir. Hər sahədə, hər mühitdə dəyişim. Artıq heç vaxt eyni şeyi edərək fərqli nəticələr gözləməyəcəyik. Eynilə 38 yaşındakı Mustafa Kamal Atatürk, 21 yaşlı Fateh Sultan Mehmet kimi…” Məlum bəyanat CHP sıralarında yaxın tarixdə böyük dəyişikliklərin olacağından xəbər verir.
Bu dəyişiklik öncədən də gözlənilən idi. Seçki nəticələri və Kılıçdaroğluya olan münasibət təsdiq etdi ki, o, partiyada yalnış şəxsdir. Kılıçdaroğlunun ənənəvi sünni-hənəfi kütləsindən uzaq aləvi olması, PKK-nın siyasi qanadı olan HDP ilə anlaşmaq rahatlığı, ABŞ-a və Azərbaycana münasibəti, seçki kampaniyasında xalqın iqtisadiyyatı təhlükəsizliyindən üstün tutacağına özünü inandırması, ilk tur məğlubiyyətindən sonra qeyri-səmimi şəkildə millətçilik qanadı üzərinə nüfuz etməyə çalışması onun Ərdoğan qarşısında şanslarını azaltdı. Eləcə də, 6lı masa vahid namizəd təyinatında böyük yalnışlığa getdi. Bunu mart ayında Meral Akşener bildirdi və masadan kənarlaşdı. Fəqət qərarın dəyişilməzliyini anlayıb geri çəkildi və bu kimi anlaşmazlıqlar da seçki nəticələrinə mənfi təsir göstərdi. Halbuki rəy sorğularında Ekrem İmamoğlu və Mansur Yavaş Kılıçdaroğludan daha irəlidə idi. Siyasi keçmişi baxımdan da Ekrem İmamoğluna münasibət Kılıçdaroğludan fərqlənir. İmamoğlu tipik CHP-li deyil, onun anası dini vəqflərin üzvü olub. Atası Hasan İmamoğlu türk siyasətində Milli Görüş camiəsinə aid olub. Əmisi Rıdvan İmamoğlu isə ülkücü olub. İmamoğlunun Qara dənizli olması, İstanbulda qələbə təcrübəsi, dinamik kampaniya aparmaq bacarığı, Qara dənizdə Ərdoğanla rəqabət gücü, kürdlərdən və dindarlardan səs almaq bacarığı onun gələcəkdə partiya liderliyinə seçilmə şansını artırır. Mansur Yavaş isə Keçmiş MHP üzvü olan, ülkücü ocaqların yetirməsi olan, Ankara kimi sağın önəmli qalası sayılan şəhərdə bələdiyyə sədri olması, müxalifətin və cəmiyyətin onu dəstəkləməsi baxımından gələcəkdə partiya sıralarında irəliləmə ehtimalı var. Lakin Mansur Yavaş dinamik siyasətçi deyil, iddialı deyil, partiyaçılığa, bürokratikliyə daha çox önəm verir. Bu baxımdan Ekrem İmamoğlunun partiya liderliyinə şansları daha çoxdu.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi