Ümummilli Liderin partiyası - XXI əsrin siyasi hərəkatı

Ulu öndər Heydər Əliyevin Sovetlər birliyi rəhbərliyində yüksək vəzifələr tutmasını həzm edə bilməyən erməni lobbisinin təkidi ilə, Qorbaçovun kordinatorluğu ilə ona qarşı təqiblərə başladılar. Bir müddət sonra mərhum Heydər Əliyev bu postlardan istefa verdi. Doğma diyarı Naxçıvana qayıdan millət sevdalısı Heydər Əliyev Ali məclisin sədri kimi çalışmağa başladı. Blokada şəraitində və ermənilərin silahlı hücumları fonunda o, doğma xalqına həqiqətən bir atalıq missiyası yerinə yetirirdi. Azərbaycan dövlətçiliyi və bütövlüyü isə, imperiya təxəyyüllü xarici dövlətlərin, onların əlində oyuncağa çevrilmiş xəyanətkar daxili qüvvərin və əzəli türk torpaqlarına göz dikən işğalçı Ermənistanın təhdidi altında idi. Dövrün, zamanın və şərtlərin doğurduğu tələblərlə bir qrup ziyalı 1992-ci ilin oktyabrında yeni bir partiyanın yaradılması zərurətini yazılı şəkildə ulu öndərə çatdırdılar. Sonradan "91-lər" adlanan bu ziyalıların xahişini nəzərə alaraq, həmin il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis qurultayında Heydər Əliyev YAP-ın qurucu lideri və ilk sədri seçildi. YAP, 1993-cü ildən iqtidar partiyası olmaqla, 1996-cı ildən isə keçirilən parlament seçkilərinin hamısında Milli Məclisdəki 125 mandatın böyük əksəriyyətini qazandı.
2005-ci ildən partiyanın sədri seçilən Azərbaycan respublikasının prezidenti İlham Əliyev, Azərbaycan dövlətçiliyinin xilası, ərazi bütövlüyünün bərpa edilməsi, iqdisadiyyatın davamlı inkişafının təşkili, demokratiyanın bərqərar olması, siyasi plüralizmin və multukulturalizmin təminatı zərurətindən yaranan YAP ənənələrinə, fenomenal şəxsiyyət Heydər Əliyev irsinə sadiqliyini göstərməkdədir. Haqlı olaraq dünənin, bu günün və sabahın partiyası adlandırılan YAP, ən uzunmüddətli iqtidar partiyası kimi də tarixə düşdü. Ölkədə siyasi sabitlik davamlı inkişafa zəmin yaratdı. İqtidar partiyasının son 20 ildə hakumiyyətdə olduğu zaman kəsiyində hədəflərin söz toplusu yox, əməli fəaliyyət olduğunun şahidi olduq. Siyasi dialoq, sosial ədalət və idarəçiliyin bütün sahələrində tətbiq olunan dəyişikliklər yerli və əcnəbi müşahidəçilərin nəzərindən yaynmadı. Partiya qurucusu Ulu öndərin vəsiyyət və tapşırıqlarını ləyaqətlə yerinə yetirən YAP-ın hazırkı sədri İlham Əliyev, haqq etdiyi Müzəffər Ali Baş komandan, xilaskar lider, yenilikçi dövlət adamı, intellektli idarəçi, mədəniyyətimizin hamisi kimi şərəfli adlarla bərabər, sözü imzası qədər önəmli olan, vədlərinə sadiq rəhbər statusunu qazandı. Azad olunmuş torpaqlara "Böyük qayıdış" proqramının və "Qərbi Azərbaycana dönüş" konsepsiyasının müəllifi də məhz YAP-ın hazırkı sədridir.
Bəli, demoqrafik artıma, gənclər siyasətinə, diasporanın fəaliyyətinə, ordu quruculuğuna, türk dünyası ilə inteqrasiyaya, iqtisadiyyatın neftdən asılılığının azaldılmasına və saymaqla bitirə bilməyəcəyimizi xalqın rifahına söykənən neçə-neçə amala xüsusi önəm verən YAP, həqiqətən də dünənin, bu günün və sabahın partiyasıdır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi