Azərbaycan zəfər seçkisinə gedir

Azərbaycan xalqı 7 Fevralda sabitliyə, firavanlığa səs verəcək

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Hazırki reallıqlar və əldə olunmuş nəticələr kontekstində bu qərarı ən praqmatik və uğurlu qərar kimi qiymətləndirmək lazımdır. Ölkə prezidenti böyük tarixi qələbəyə imza atdı. Bölgə üzərində ziddiyyətli maraq toqquşmalarının, Ermənistanın maksimum silahlanmasının, supergüclərin açıq şəkildə əks cəbhə yaratdığı bir vaxtda İlham Əliyev diplomatiyası tarixi zəfərin bazasını addım-addım formalaşdırdı. Ölkəmizin nüfuzu dünyada lider olan ölkələrdən biri səviyyəsinə qaldırıldı, iqtisadiyyat dirçəldildi, ordu quruculuğu ən yüksək səviyyədə icra olundu. İlham Əliyev Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini özü reallığa çevirdi. Xalqı önündə verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycanın yeni tarixini yazdı. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin, yazılan yeni tarixin təsbiti, təcəssümüdür. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ona görə də, bu fevralda keçiriləcək seçki Zəfər seçkisidir. üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə şərəflə dalğalandığı bir vaxtda, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səs verəcəklər.
Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də ön önəmli strateji mesajdır. Postsovet məkanında, münaqişələrin miras qoyulduğu coğrafiyada ilk dövlət Azərbaycandır ki, tarixi ədaləti bərpa etdi, bütün ssenarilərin üzərinə böyük xətt çəkdi. Bu seçkilər bərpa olunan tarixi ədalətin, hüquq üzərində formalaşan gücün legitimliyinin göstəricisidir. Hüququn sadəcə kağız üzərində qaldığı geosiyasi düzəndə Azərbaycan bu istiqamətdə böyük bir nümunə yaratdı və indi də bu seçkilər həmin nümunənin dünyaya nümayişidir.
Bu seçkilər Azərbaycan xalqının 20 il ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirən liderinə etimadının növbəti göstəricisi, sevgisinin növbəti təzahürü olacaq. Əminliklə deyə bilərik ki, qədirbilən xalqımız 7 fevralda da bundan öncəki seçkilərdə olduğu kimi sabitliyə, firavanlığa, zəfərə, qüdrətə götürən siyasətə - Müzəffər lider İlham Əliyevə səs verəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi