Gün gəldi, Azərbaycan dünyaya günəş kimi doğdu

Çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan təkrarsız şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev. Tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olan Heydər Əliyev bu gün Azərbaycanı uğura aparan ideyaların banisi, siyasətin rasional əsaslarının memarı olmuşdur. Əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmış Heydər Əliyev bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilmişdir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir.

Heydər Əliyev Azərbaycanda hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoydu. Şanlı epoxa təcəssümçüsü xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəsinin zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olmuşdur. 1993-cü ildə xalqının israrlı tələbi ilə yenidən hakimiyyətə gələrək özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə quruculuq işlərini icra etdi. Bu islatahatlar misli görünməmiş əməyin və zəkanın məhsulu idi. Çünki, iqtisadiyyatı dağıdılmış, siyasi böhranı ən yüksək həddə çatmış, dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükələrin yarandığı, ölkədə vətəndaşların konstitusion hüquqlarının kütləvi şəkildə pozulmasının adi hal aldığı bir vaxtda bütün sahələr yenidən quruldu.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyasını işləyib hazırladı. “Əsrin müqaviləsi” kimi köklü sazişin imzalanması bir neçə ilə ölkəmizi dünyanın cazibə mərkəzinə çevirməyi bacardı. Ardınca Ümumdünya Kommunikasiya Proqramının mühüm tərkib hissəsi olan tarixi İpək Yolunun bərpasına başlanması, irimiqyaslı xarici investisiyaların respublikamıza axını, hərtərəfli iqtisadi islahatlar keçirilməklə bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası dünyaşöhrətli dahi şəxsiyyətin ölkəmizə qazandırdıqlarının çox cüzi hissəsidir.
1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Şərqdə ilk dəfə ölüm cəzasının ləğvi, mətbuat üzərində senzuranın götürülməsi, müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi, ilk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı - bələdiyyələrin yaranması, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.

Heydər Əliyevin milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevirdiyi həm də Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə zəngin elmi-nəzəri və mənəvi irs yaratması oldu. Bu irs bütövlükdə qədim və müasir tariximizin, milli ideologiyamızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan sanballı elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bütün bu sadalanan və sadalanmayan əməyin, töhvənin nəticəsi olaraq Azərbaycan bu gün öz inkişaf tempinə görə, dünyanın lider dövlətləri sırasındadır.

Bu reputasiyanın qazanılmasında ümummilli liderin siyasi kursunu layiqli davam etdirən müzəffər lider İlham Əliyevin də rolu böyükdür. 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti dünyaya bir mesaj oldu. Azərbaycan XXI əsrin müharibəsini apardı və hərb tariximizə möhürünü vurdu. Azərbaycan hərbi, iqtisadi gücü ilə dünyanın diqqətini özünə cəlb etdiyi kimi, bu gün işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə də dünya dövlətlərinin diqqətindədir. Bu günləri uzaqgörən liderimiz 10 illiklər öncə qiymətləndirməyi bacarırdı. Dahi siyasətçi Heydər Əliyev iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə yönəlik siyasətinə arxalanaraq bir gün Azərbaycanın dünyaya günəş tək doğacağına inanırdı. Bu gün o gündür. Bu strategiya nəticəsində qazandığımız uğurlar artdıqca bir daha əmin oluruq ki, millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi