"Bye-bye" deyilənlərin boykotu

AXCP-nin sonuncu "mötəbər” qurultayında "boykot" qərarının verilməsi respublikamızın siyasi arenası və seçici elektoratı üçün nə qədər məntiqsiz hesab olunsa da, 30 illik qrant müxalifəti üçün "məntiqli" sayılmalıdır. Çünki, biyabırçı məğlubiyyətlərini öngörənlərin ortaya qoymalı konsepsiyaları və seçici simpatiyasını qazanacaq bir əməlləri belə yoxdur. Əksinə, dəfələrlə sıravi üzvlərindən tutmuş rəhbərliklərinə qədər hamılıqla qarayaxma kompaniyaları ilə, milləti və dövləti maraqlar gündəmdə olarkən şəxsi maraqları peşində olma çabaları ilə, tam tamına siyasi proqnozlarının fiaskoya uğramaları ilə, siyasi, iqtisadi, idman və hərbi sahələrdə qazandığımız hər zəfərə qısqanclıq, təbii olaraq bəzi uğursuzluqlara isə şadyanalıq nümayiş etdirmələri ilə nəinki bitərəf, hətta müxalifət partiyalarının belə qəzəbinə tuş gəldilər. "Boykot" qərarının əsas ruporu kimi qrant müxalifəti minimum seçki şəraitinin yaradılmaması bəhanəsini irəli sürürlər. Qərbin siyasi texnokratlarının ərköyün siyasi oratorlarının 7 fevral 2024-cü il tarixinə təyin olunan prezident seçkilərini "boykot" etmələri, əslində köhnə təxribat yollarının yeni versiyasına zəmin yaratmaq məqsədi daşıyır. 44 günlük Vətən müharibəsindəki şanlı zəfər və sentyabrdakı 23 saatlıq antiterror əməliyyatlarından sonra müzəffər Ali Baş komandanın beynəlxalq çəkisinin artması, 200 illik bir tarixdə ərazilərimizi işğaldan azad edən ilk ölkə başçısı kimi tarixə düşməsi, suverenliyimizin tam bərpası ilə Cənubi Qafqazda yeni siyasi-iqtisadi düzənin yaradılması, Yaxın və Orta Şərqdə, o cümlədən regionumuzda kolonialist niyyətli ölkələrin ölkəmizə qarşı təxribat niyyətlərini meylləndirməkdədir. Heç bir siyasi bazası və idarəçilik potensialı olmayan söyüş müxalifəti isə başda Əli Kərimli olmaqla, həmin qüvvələrin əlində icraçı aktyor rolunu oynaya bilərlər. Bu “boykot” seçkilərə deyil əslində, siyasi səhnədən silinmiş adlarına, itirilmiş nüfuza, 1 faizi belə gerçəkləşməmiş proqnozlaradır. Bu “boykot” siyasi texnologiya türü də deyil heç, siyasi hiylə və təxribatdır. 200 illik hiylənin, təxribatın qarşısını cəsarətlə alan bu dövlət və arxasında dayanan xalq üçün bütün bunlar çox ucuz, baxımsız “show” kimi görünür.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi