Qüdrətli, bütöv Azərbaycanın memarı İlham Əliyev

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verməsiylə son 20 ildə ölkəmiz inkişafının ən pik səviyyəsinə çatdı. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti dövlətimizin qüdrətini günü-gündən artırdı. Ümumiyyətlə, ötən 20 ildə Prezident İlham Əliyevin atdığı hər bir addımın əsasında Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanı formalaşdırmaq və dünyaya təqdim etmək fəlsəfəsi dayanıb. Onun Azərbaycan dövlətinə rəhbərlik etdiyi 20 illik dövrün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq mərhələsi kimi xarakterizə olunur. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Zəfərimizin üçüncü ildönümündə - noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi paradda iştirak etdi. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasında, oyundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin stadiondakı möhtəşəm çıxışı bir daha xalqa inam, düşmənə gözdağı oldu. İlham Əliyevin müzəffərliyi yalnız ərazi bütövlüyümüzü təmin etmək, separatizmi ləğv etmək, tariximizi özümüzə qaytarmaq, regiona sülh gətirməkdən ibarət deyil.
İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratdı. Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil oldu. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatdı. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Ən önəmlisi isə,ölkəmiz beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malikdir. Mənəm-mənəm deyən ölkələr artıq Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdurlar. Çünki, ölkəmiz fasiləsiz olaraq qlobal təşəbbüslər ilə çıxış edir ki, bu layihələrin də icrası Azərbaycansız mümkün deyil. İlham Əliyev fenomeni təzyiqlərdən çəkinmədən davamlı olaraq islahatlar aparmağa, milli hərbi sənaye formalaşdırmağa qadirliyini göstərməkdədir. Prezidentin çevik qərarvermə qabiliyyəti və siyasi manerası digər dövlət başçıları tərəfindən təqdir olunur. Təsadüfi deyil ki, Serbiya prezidenti Aleksandr Vuçiç bu yaxınlardakı çıxışlarının birində İlham Əliyevi Avropanın ən reyrinqli dövlət başçıları sırasında gördüyünü vurğulayıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi isə müasir beynəlxalq münasibətlər sistemində super gücə çevrilib. Bu siyahını biz daha neçə-neçə uğurlarımızla genişləndirə bilərik. Bütün bu nailiyyətlər cənab prezident İlham Əliyevin yorulmaz əməyi, tükənməz xalq sevgisi, sonsuz humanizmi, ali peşəkarlığı sayəsində qazanılıb. Lakin bu məziyyətlərin fövqündə dayanan ən güclü səbəb isə xalq-hakimiyyət birliyi olub. Xalq hər zaman öz seçdiyi liderinə güvənib. Elə bu güvənin nəticəsidir ki, gələn il fevralın 7-nə təyin olunan prezident seçkilərində rəqiblər olsa da, İlham Əliyevə real alternativ görünmür.
24 dekabr 62 yaşı tamam olan ölkə prezidenti, Müzəffər Ali Baş komandanın doğum günüdür. Doğum günü münasibətilə prezident İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkləm can sağlığı və Azərbaycanın haqq işində yeni zəfərlər diləyirik.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi