Paşinyan Moskvaya niyə getdi?

Paşinyanın Rusiya ilə buzları əridəcəyi gözlənilən idi. İrəvan administrasiyasının Moskvaya yönəlik ritorikası son dönəm Qərbin təkidi ilə daha da aqressivləşmişdi. Rusiya isə uzun gözləmləmə dönəmindən sonra cəza mexanizmini ilk olaraq Lars keçid məntəqəsini bağlamaqla işə saldı. Ardınca Ermənistanda Paşinyana yönəlik təzyiqlər gücləndi. Separatçı rejimin tör-töküntüləri təkrar aktivləşərək hazırki hakimiyyətə təhlükələr yaratdı. Bütün bunlar fonunda Gümrüdə keçirilən hakim “Mülki müqavilə” partiyasının siyasi toplantısında baş nazir Paşinyan və XİN Mirzoyan Qərbin onların addımlarını dəyərləndirməməsindən gileyləniblər və ardınca bu durumda Moskvaya yönəlik siyasəti yumşaltmalı olduqlarını ifadə ediblər. Təsadüfi deyil ki, məhz həmin periodda Ermənistan baş naziri dekabrın 25-i Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-sı isə MDB sammitində iştirak etmək qərarı alıb. Bugünə qədər Paşinyan bir neçə dəfə müvafiq tədbirlərə qatılmaqdan və KTMT çərçivəsində keçirilən tədbir və təlimlərdən imtina etmişdi. Yumşalma ritorikasında məqsəd əvvəla Ermənistanı Rusiyanın sanksiyalarından yayındırmaq, eləcə də, yaxında keçiriləcəyi iddia olunan növbədənkənar parlament seçkiləri öncəsi təxribatlardan qorunmaqdır. İrəvan-Moskva xəttində yumşalma yaxın perspektivdə Zəngəzur dəhlizi ilə bağlı ciddi addımların atılacağına ümidləri artırır. Lakin eyni fikri sülh müqaviləsi üçün söyləmək hələ ki, çətindir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi