Prezident İlham Əliyevin çıxışında əsas mesajlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox istiqamətli məsələlərə toxundu. Həllini gözləyən bir çox məsələlərə mövqeyini ifadə etdi. Burada bir neçə istiqaməti ciddi şəkildə fərqləndirmək lazımdır. Əvvəla cənab prezident işğalçılığın başlanmasından işğalın aradan qaldırılmasınadək olan periodu incəliklə sıraladı. 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatların önəmi vurğulanıb. Bildirilib ki, bu əməliyyatlar yalnız suverenliyimizin bərpasıyla nəticələnməyib, eyni zamanda böyük güclərin maraq oyunlarının qarşısını alıb. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Dövlət başçısı məhz bu amilin hazırda Qərbin təzyiqlərinə səbəb olduğunu bildirib. İ.Əliyev həmçinin əldə olunan nəticələrin bütövlükdə regionun siyasi mənzərəsini dəyişdiyini, yeni siyasi konfiqurasiya formalaşdırdığını və bu reallıqları heç bir gücün dəyişmə imkanının olmadığını da vurğulayıb. Prezidentin dediklərindən də bu qənaətə gəlirik ki, bundan sonra Azərbaycan daha böyük yeni hədəflər uğrunda mübarizəyə qoşulur. Cənab Prezidentin də qeyd etdiyi kimi əldə etdiyimiz qələbələr, nail olduğumuz zəfər bizi arxayınlaşdırmamalıdır. Daha möhkəm səfərbər olunmalı, hədəfləri düzgün müəyyənləşdirməli, sülh üçün əlimizdən gələni etməli, lakin qarşımızda erməni kimi düşmənin olduğunu unutmamalıyıq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi