ABŞ-da hansı namizəd irəlidədir?

Analitiklərin haqlı olaraq "Seçkilər ili" adlandırdığı 2024-cü ilin noyabr ayının 5-də ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri yarışı dünən başlasa da, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ayova ştatında Respublikaçılar Partiyasının praymerizində rahatlıqla qalib gəldiyi bildirilir. ABŞ-da ənənəvi olaraq prezident seçkiləri yarışının başladığı Ayova ştatında Respublikaçı namizədləri bir-birinə qarşı qoyan praymeriz başa çatıb.

Belə ki, Tramp Ayova ştatında qalib gələrək rəqibləri - Florida ştatının qubernatoru Ron DeSantisi və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli geridə qoyub.

Sözügedən praymerizdə qeyri-müəyyən nəticələrə görə, Tramp 51 faiz səslə rahat qələbə qazanıb.
DeSantis 21 faizdən bir qədər çox səslə ikinci yeri qazandığı halda, Heyli 19 faizlə üçüncü olub. Bununla yanaşı, Respublikaçıların hind əsilli digər namizədi Vivek Ramasvami isə 7,7 faiz dəstək alıb. Nəticələr açıqlandıqdan sonra mətbuat konfransı keçirən Ramasvami yarışdan çəkildiyini və Trampı dəstəkləyəcəyini açıqlayıb.

ABŞ-da növbəti ilkin seçkilər yanvarın 23-də Nyu-Hempşir ştatında keçiriləcək və ilkin seçki prosesi iyunun 8-dək davam edəcək.

İyul və avqust aylarında keçiriləcək partiya qurultaylarında həm Demokratlar, həm də Respublikaçılar prezident seçkiləri üçün rəsmi namizədlərini müəyyənləşdirəcəklər.

Noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcək namizəd 2025-ci il yanvarın 20-də ABŞ-ın növbəti dövlət başçısı kimi öz yerini tutacaq.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi